Bəzən indiki zamanı anlamaq üçün hesabatları və bəyanatları oxumağa ehtiyac qalmır; dəyişiklikləri öz gözlərinizlə görmək kifayətdir.
Azərbaycanın Qarabağ bölgəsində, Şuşa şəhərində keçirilən IV Beynəlxalq Media Forumundan sonra məndə məhz belə bir təəssürat qaldı.
Dəvət olunmuş politologiya professoru kimi son üç - II, III və IV forumlarda iştirak etmək mənə nəsib olub. Lakin çoxillik erməni işğalından azad edilmiş Şuşa şəhəri ilə ilk tanışlığım daha əvvələ, İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonrakı ilk səfərimə təsadüf edir və o zaman tamamilə fərqli bir reallıq var idi.
Xankəndi hələ də separatçıların nəzarətində idi, regionda Rusiya sülhməramlıları yerləşmişdi. İnfrastruktur yenicə bərpa olunmağa başlayırdı və o dövrdə Şuşa, hər şeydən əvvəl, geri dönüşün simvolu və yeni tarixi mərhələnin başlanğıcı idi.
Bu gün isə qarşımızda tamamilə başqa bir mənzərə var. Xankəndi azad edilib və sözdə sülhməramlılar artıq yoxdur. Regionda yeni infrastruktur yaradılıb, nəqliyyat layihələri inkişaf edir və Şuşa Şimali və Cənubi Amerikadan tutmuş Avropa, Afrika, Cənub-Şərqi Asiya və postsovet məkanına qədər dünyanın 54 ölkəsindən 160-a yaxın iştirakçını bir araya gətirən növbəti beynəlxalq forumun keçirilmə məkanına çevrilib.
Məhz buna görə də bir neçə il ərzində davam edən müşahidələrdən sonra deyə bilərəm: forum dəyişməyib, Azərbaycan dəyişib, forum isə bu dəyişikliklərin güzgüsü olub.
Hələ bir neçə il əvvəl əsas suallar bunlar idi: "Müharibədən sonra regionun taleyi necə olacaq? Qarabağ necə bərpa olunacaq? Cənubi Qafqazın yeni reallığı nəyə bənzəyəcək?"
Bu gün isə suallar dəyişib və hamını maraqlandıran budur: Azərbaycan yeni dünya nizamında hansı rolu oynayacaq? Onilliklər boyu bir çoxlarının "həll olunmamış münaqişə" prizmasından yanaşdığı dövlət, necə oldu ki, regional gündəliyi özü formalaşdıran bir ölkəyə çevrildi?
Sualların dəyişməsi ölkənin inkişafının ən dəqiq göstəricisidir. Çünki dövlətin dünya siyasətindəki yeri təkcə onun özü haqqında nə dediyi ilə deyil, həm də başqalarının ona hansı sualları ünvanlaması ilə müəyyən edilir.
Şuşadakı IV Beynəlxalq Media Forumu əsas məqamı göstərdi: Azərbaycan bu gün artıq təkcə keçmişin prizmasından qiymətləndirilmir; onu indiki və gələcək imkanları, iqtisadi potensialı, diplomatik çevikliyi və müstəqil siyasət yürütmək bacarığı vasitəsilə dəyərləndirirlər. Məhz buna görə də forumun əsas leytmotivlərindən biri bu anlayış oldu: Azərbaycan - orta gücdür (middle power).
Bu anlayış təsadüfən seçilməyib. Orta güc olmaq ərazi ölçüsü və ya əhali sayı məsələsi deyil; bu, öz milli maraqlarını qorumaq, müstəqil qərarlar qəbul etmək və ətrafındakı proseslərə təsir göstərmək bacarığıdır.
Forumda Ukrayna mövzusu xüsusi yer tutdu. Ancaq siyasətdən danışmazdan əvvəl insani ölçüyə toxunmaq istəyirəm. Çünki böyük siyasət bəzən təkcə prezidentlərin bəyanatlarında deyil, həm də səmimi insan münasibətlərində özünü büruzə verir.
Dörd ildən çoxdur ki, müntəzəm olaraq Ukrayna televiziya proqramlarında çıxış edir, müharibə, beynəlxalq siyasət və ölkələrimizin münasibətləri ilə bağlı hadisələri təhlil edirəm. Bu müddət ərzində bir çox ukraynalı tamaşaçı üçün sadəcə efirdəki ekspert deyil, həm də tanıdıqları, etibar etdikləri bir insan oldum. Ukrayna nümayəndə heyəti ilə Şuşadakı görüşümüz mənim üçün çox emosional idi. Bir çox jurnalist məni ilk dəfə televiziya ekranında deyil, şəxsən gördü. Onlar mənim Vətənimə gəlmişdilər və görüşümüz həqiqi insanı emosiyalarla dolu idi.
Ukrayna auditoriyasına həmişə bir fikri təkrarlayırdım: "Boğulanların xilası onların öz əlindədir". Ukraynalılara deyirdim ki, ölkəni vətəndaşlarından, cəmiyyətindən və dövlət institutlarından daha yaxşı heç kim qoruya bilməz. Buna görə də onları daim həmrəyliyə çağırırdım. Çünki tarixin ən ağır dövrlərində cəmiyyətin birliyi dövlətin əsas resursuna çevrilir.
Mən tez-tez deyirdim: "Azərbaycana baxın. O, sizin dostunuz olduğunu sübut etdi və ondan nümunə götürün". Əsl dost — təkcə dəstək bəyan edən deyil, öz nümunəsi ilə milli maraqlarını necə qorumağın mümkün olduğunu göstərəndir. Şuşada ukraynalı həmkarlar təkcə Azərbaycanın rəsmi mövqeyini deyil, insanların istisini, torpaq itkisinin və öz Vətəni uğrunda mübarizənin nə olduğunu bilən bir xalqın əzmini hiss etdilər.
Forumun ən yaddaqalan məqamlarından biri iştirakçıların Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü oldu. Ukraynalı jurnalist Dmitri Qordonun "Ukraynaya nə məsləhət görərdiniz?" sualına Prezidentin cavabı qısa və güclü oldu: "Heç vaxt işğalla barışmayın". Prezident vurğuladı ki, Azərbaycan Ukraynanın suverenliyini və ərazi bütövlüyünü həmişə dəstəkləyib və dəstəkləməkdə davam edəcək. Bu sözlər məhz öz ərazi bütövlüyünü bərpa etmiş ölkənin lideri tərəfindən deyildiyi üçün xüsusilə sanballı səsləndi.
Əgər forumda Ukrayna mövzusu həmrəylik simvolu oldusa, Rusiya mövzusu Cənubi Qafqazın köhnə qavrayışının yeni reallıqla toqquşmasını əks etdirdi. Şuşada səslənən əsas nəticə budur: Cənubi Qafqaz dəyişib və bu, təkcə siyasi şəraitə deyil, həm də region dövlətlərinin öz yerini dərk etməsinə aiddir. Uzun müddət Rusiya Cənubi Qafqazı özünün xüsusi maraqlar zonası kimi qəbul edirdi, lakin XXI əsr yeni reallıq gətirdi. Azərbaycan, Ermənistan və Gürcüstan öz yolunu müstəqil müəyyən etmək hüququ olan suveren dövlətlərdir və bu reallığı bütün xarici oyunçular, o cümlədən Rusiya qəbul etməlidir.
Prezident Əliyev rusiyalı jurnalist Aleksey Naumovun "3+3" formatı ilə bağlı sualına cavabında vurğuladı ki, regiona keçmişin prizmasından baxanlar Cənubi Qafqazın fundamental şəkildə dəyişdiyini anlamalıdırlar. Dövlət başçısı qonşu ölkələrə qarşı imperiya yanaşmasının müasir dünyaya uyğun gəlmədiyini, XXI əsrdə heç bir dövlətin kiminsə təsir zonası kimi nəzərdən keçirilə bilməyəcəyini qətiyyətlə bildirdi.
Prezident Azərbaycanın SSRİ tərkibində olduğu dövrləri "müstəmləkə işğalı" və "sovet okkupasiyası" adlandıraraq, bu ağır mirasın - o cümlədən ekoloji problemlərin və təbii resursların talanmasının fəsadlarının hələ də hiss olunduğunu qeyd etdi. Bu çıxışın əsas mesajı keçmişin qiymətləndirilməsindən daha çox, gələcəyin suverenliyə hörmət üzərində qurulması zərurəti idi.
Moskvanın bu çıxışlara ağrılı reaksiya verməsi, Rusiya informasiya məkanında yenidən anti-Azərbaycan isteriyasının başlaması təsadüfi deyil. Səbəb sadədir: Azərbaycan postsovet məkanında müstəqil, uğurlu və milli maraqlara əsaslanan bir dövlət modeli nümayiş etdirir. Bu nümunə, köhnə təsəvvürlərə qarşı ən güclü arqumentdir.
Mənim üçün politoloq kimi maraqlı olan sual bu idi: "Orta güc olmaq nə deməkdir?" Prezident İlham Əliyevlə görüş zamanı aldığım cavab çox göstərici oldu: ən vacibi xarici qüvvələrin ölkənin qərarlarına təsir etməsinə imkan verməməkdir. Orta güc - böyük dövlət olmağa çalışan deyil, öz siyasətini müstəqil müəyyən etmək üçün güclü iqtisadiyyata, infrastruktura və siyasi iradəyə malik olan ölkədir.
Şuşadakı dörd forum bir yolun dörd mərhələsi oldu: qayıdış, bərpa, inkişaf və yeni rolun tanınması. Azərbaycanın dünya arenasında mövqeyi dəyişib: o, artıq münaqişə prizmasından deyil, enerji tərəfdaşı, nəqliyyat qovşağı, müstəqil diplomatik oyunçu və regionun aparıcı lideri kimi qəbul edilir.
Nelson Mandelanın dediyi kimi: "Həmişə edilənə qədər qeyri-mümkün görünür". Bir neçə il əvvəl Şuşanın bu miqyasda beynəlxalq dialoq meydançasına çevriləcəyini təsəvvür etmək çətin idi. Lakin tarix sübut etdi ki, dünən qeyri-mümkün görünən şey, bu gün yeni reallıqdır.
Şuşadan ayrılarkən məndə olan əsas hiss budur: Forum dəyişməyib, Azərbaycan dəyişib. Şuşa isə bütün dünyanın bu dəyişiklikləri gördüyü məkana çevrilib. Bu forumun bizə verdiyi baş dərs isə çox sadə və sarsılmaz bir həqiqətdir:
XXI əsrdə öz rolunun tanınmasını tələb edən yox, rolu bütün dünya üçün aşkar olan dövlətlər qalib gəlir.

Ramiz Yunus,
Xəzər Universitetinin
professoru






