İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvan Rusiyanın ağuşuna qayıdır? - “Putin Paşinyana heç vaxt güvənməyəcək” - DETALLAR AÇIQLANDI

1347 26.12.2023 12:01 Siyasət A A

Ermənistan rəhbərliyinin ənənəvi anti-Rusiya ritorikasına rəğmən, kapitulyant ölkə de-fakto Moskvanın total asılılığında qalmaqda davam edir. Hətta bu yaxınlarda belə məlumat yayılmışdı ki, ABŞ Paşinyan hökumətinə KTMT-dən çıxmamağı tövsiyə edib. 

Ötən həftə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin verdiyi yumşaq açıqlama isə göstərdi ki, rəsmi Moskva münasibətləri qaydaya salmaqda maraqlıdır. Elə Paşinyan hökuməti də Rusiyadan tam qopmanın nə ilə nəticələnə biləcəyinin fərqində olmamış deyil. Soyuq qış dönəmində Moskvanın təkcə təbii qazın qiymətini qaldırması çox ağır nəticələr verə bilər.   

“Ermənistan-Rusiya münasibətləri gələn ildə daha da pisləşəcək, çünki Rusiyada artıq qənaət var ki, baş nazir Nikol Paşinyan Qərb dövlətlərinin köməyi ilə Ermənistanı uçuruma aparır”.

“Yeni Müsavat” xəbər verir ki, bunu Moskvadakı Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktoru, erməni əsilli Semyon Baqdasarov bildirib.

“Mən Qərbə yönəlməyin əleyhinə deyiləm, amma həmişə belə bir sual verirəm: Ermənistan anlayırmı ki, onun köməyinə kim çata bilər? Heç kim. Əvvəlki siyasət davam edərsə, Ermənistan sadəcə, öz mövcudluğunu dayandıracaq”, - deyə o, əlavə edib.

Lakin bəzi siyasi müşahidəçilərə görə əslində rəsmi İrəvan tədricən Rusiyanın ağuşuna qayıtmaq kursu götürüb. Belədirmi? Bu qayıdış Azərbaycana, gələn ildə kövrək sülh prosesinə nə vəd edər? 

Abutalıb Səmədov partiyasını niyə bağladı? – Özü danışdı - GlobalInfo.az

Abutalıb Səmədov

Siyasi şərhçi Abutalıb Səmədov “Yeni Müsavat”a bildirdi ki, Nikol Paşinyan Ermənistanın baş naziri vəzifəsini nəyin bahasına olur-olsun  saxlamaq uğrunda mübarizə aparır: “Onun son illərdəki fəaliyyəti göstərir ki, onu hər şeydən artıq düşündürən öz hakimiyyətini nəyin bahasına olur-olsun saxlamaqdır. Bu səbəbdən o, gah Qərbə yaxınlaşmağa cəhd göstərir, gah Rusiyanın yanında yer almaq istəyir. Sonra yenidən kursu dəyişib Qərbin xoşuna gələn antirus bəyanatları verir və istisna olunmur ki, bu cür davranış yenidən təkrarlana bilər və bu dəfə Rusiyanın hansısa ciddi vədi qarşısında Ermənistan yenidən Rusiyaya yaxınlaşmaq kursu götürəcək. Yaxşı xatırlayırıq ki, Paşinyan 2022-ci ilin oktyabrında Praqada çox cəsarətli sənəd imzalayandan və Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü tanıyandan dərhal sonra Prezident Vladimir Putinin Valdaydakı təxribatçı bəyanatı səsləndi. Putin dedi ki, əgər Qarabağ ermənilərinin özünəməxsusluğunun sülh sazişində yer almasını istəyirsinizsə bu müzakirə oluna bilər. Rusiyanın irəli sürdüyü sülh sazişi layihəsində isə məlum 15-ci bənd var idi. Putinin həmin açıqlamasından dərhal sonra Nikol Paşinyan bəyanat verdi ki, o, Rusiyanın planını qəbul edir və xahiş edir ki, Putin axıra qədər bu mövqedə dayansın. Valdaydan 2-3 gün sonra Soçidə görüş oldu və Paşinyan Putini dilə tutdu. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev qəti şəkildə ”bu məsələ bitib və müzakirə olunacaq bir şey qalmayıb" bəyanatını verdikdən sonra Putin geri çəkildi və həmin 15-ci bənd də təkliflər siyahısından çıxarıldı. Ondan sonra Paşinyan sürətlə Qərbə tərəf yaxınlaşmağa başladı. KTMT-nin tədbirlərindən imtina elədi, təlimlərin Ermənistanda keçirilməsinə icazə vermədi, müxtəlif mətbuat orqanlarında dalbadal antirus bəyanatlar verdi. Demək olar ki, Rusiyanın liderliyi ilə yaradılan təşkilatların heç birinin işində uzun müddətdir iştirak eləmir. MDB-nin Sankt-Peterburqda keçirilən sammitində də Paşinyanın iştirak edəcəyi son ana qədər məlum deyildi".

A.Səmədov dedi ki, Paşinyanın Rusiyaya yaxınlaşması üçün ona hakimiyyətini möhkəmlətməyə xidmət edəcək, nüfuzunu artıracaq vədlər verilməlidir: “Rusiyanın belə bir vəd vermək imkanı varmı? Rusiya Paşinyanı və onun rəhbərlik elədiyi Ermənistanı hansı vədlərlə özünə yaxınlaşdıra bilər və bunu reallaşdırmağa gücü çatarmı? Mən hesab edirəm ki, nə Rusiyanın belə bir imkanı var - ən azı indi yoxdur -  nə də Paşinyanı son illər baş verən hadisələrdən sonra hansısa vədlə şirnikləndirmək mümkün ola bilər. Reallıqları artıq o da dərk edir və özü də etiraf eləmişdi ki, Rusiya Azərbaycanla münasibətlərinin pozulmasından çəkinir. Eyni zamanda burada Türkiyə faktoru da var. Bu səbəbdən mən Paşinyanın və onun rəhbərlik etdiyi Ermənistanın yenidən Rusiyaya real yaxınlaşacağını mümkün saymıram. Hətta Rusiyanın da belə bir məsələyə inanacağını da güman eləmirəm. Uzun illərdir Paşinyan müşahidə olunur və onun nə qədər etibar olunmayacaq dövlət rəhbəri olduğu göz qabağındadır. Hətta zahirən müəyyən Rusiyaya xoş gələn addımlar atılsa da - hərçənd bunun da atılacağına inanmıram - yenə də Rusiya və konkret olaraq Rusiya Prezidenti Paşinyana heç vaxt güvənməyəcək. Bölgədə Ermənistanın Rusiyadan uzaqlaşmaq istiqamətində addımları bundan sonra da davam edəcək. Nəyinsə kəskin dəyişməsi düşünürəm ki, mümkün deyil”.

Sülh prosesinə gəldikdə isə siyasi şərhçi hesab edir ki, əslində artıq Rusiya vasitəçi kimi missiyasını bitirib. Burada söhbət yalnız ya Qərbin vasitəçiliyindən gedə bilər, yaxud Gürcüstanda danışıqları davam etdirməkdən, sərhəddə vasitəçilərsiz danışıqlardan söhbət gedə bilər. 

A.Səmədov hesab edir ki, bu, daha realdır. Onun fikrincə, Qərbin hazırlayacağı, sona qədər gətirib çıxara biləcəyi layihə olarsa, bu da ya Azərbaycan-Ermənistan sərhədində, ya Gürcüstanda imzalanacaq. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR