İnsanlara hürriyət, millətlərə istiqlal!

Dondurulmuş Rusiya aktivlərinin çoxu avrodadır - Moskvanın “dollara zərbə” iddiası

1271 26.12.2023 09:18 Siyasət A A

Aİ 2027-ci ilə qədər Rusiyanın dondurulmuş aktivlərinin təkrar investisiyasından gəlir şəklində təxminən 15 milyard avro toplamaq niyyətindədir

Rusiyanın dondurulmuş aktivlərindən Ukraynanın nəfinə istifadə olunması məsələsi getdikcə daha çox reallığa çevrilir. Britaniyanın "Financial Times" (FT) qəzetinin yazdığına görə, Böyük Yeddilik(G7) ölkələri son həftələrdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin müsadirəsi ilə bağlı danışıqları intensivləşdiriblər. 

Nəşr yazır ki, buna Avropa İttifaqının Ukraynaya 50 milyard avro dəyərində dördillik dəstək proqramının qəbul edilməməsi, həmçinin ABŞ Konqresində Ukraynaya hərbi yardımla bağlı hələ də qərar verilməməsi səbəb olub. Hər iki mərkəzdə dondurulmuş Rusiya aktivlərinin bir hissəsinin Ukraynaya transferini “alternativ maliyyə mənbəyi” kimi görməyə başlayıblar. İddia olunur ki, ABŞ nümayəndələri bu məsələdə gözlənilmədən qətiyyətli mövqe tutaraq, aktivlərin “beynəlxalq hüquqa uyğun olaraq” müsadirə edilməsinin bir yolunun olduğunu və problemin yaxın vaxtlarda həllinə ehtiyac olduğunu bəyan ediblər.

"Financial Times"ın əldə etdiyi və ABŞ-ın müzakirə üçün G7 dövlətlərinin digər nümayəndələrinə təqdim etdiyi sənəddə bildirilir: “G7 üzvləri və müharibədən daha çox təsirlənən digər ölkələr Rusiyanı təcavüzü dayandırmağa məcbur etmək üçün əks tədbir kimi Rusiyanın suveren aktivlərini müsadirə edə bilər” .

Bundan əvvəl Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri və Böyük Britaniyanın keçmiş baş naziri (2010-2016) Devid Kemeron ölkə parlamentində çıxış edərək Rusiyaya məxsus vəsaitlərin müsadirə olunmasının Ukraynaya köçürülməsinin qanuni yolunun mövcudluğuna əmin olduğunu bildirib. Onun sözlərinə görə, “xüsusi vaxtlar xüsusi həllər tələb edir”. Nazirin sözlərinə görə, belə bir addım investorları qorxutmaqla G7 ölkələrinin iqtisadiyyatına zərər verməyəcək.

Davam edən müzakirələrdə iştirak edən avropalı diplomat FT-yə deyib: “Biz Ukraynanı istənilən formada pulla təmin etmək üçün bir yol tapmalıyıq. Getdikcə daha çox ölkə bu aktivlərə diqqət yetirir və onların hələ də işə yaramadan saxlandığına təəccüblənirlər” .

“The New York Times”ın (NYT) mənbələrə istinadən yazdığına görə, artıq ABŞ prezidenti Baydenin administrasiyası ABŞ-ın müttəfiqləri ilə Rusiya Mərkəzi Bankının təxminən 300 milyard dollar məbləğində dondurulmuş aktivlərinin istifadəsi ilə bağlı təcili danışıqlara başlayıb. Məqsəd maliyyə dəstəyinin zəifləməsi fonunda bu vəsaitlərdən Ukraynaya hərbi yardım üçün istifadə etməkdir.

Noyabr ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya yardım məqsədilə istifadəsini nəzərdə tutan qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib.

Sənəddə deyilir: “Dövlət katibinə Rusiya Federasiyası Mərkəzi Bankından müsadirə edilmiş aktivlərdən və Rusiya Federasiyasının digər suveren aktivlərindən istifadə etməklə, Ukraynaya əlavə yardım göstərmək, habelə digər məqsədlər üçün icazə vermək səlahiyyəti tanınır.

Bu, qanun qəbul edildiyi təqdirdə dövlət katibi ABŞ Beynəlxalq İnkişaf Agentliyi ilə birlikdə qanunun qüvvəyə minməsindən sonra 180 gün ərzində Konqresin müvafiq komitələrinə “Ukraynaya yenidənqurma, təhlükəsizlik  və humanitar yardım üçün ən aktual ehtiyacların qiymətləndirilməsini” təqdim etməlidir".

Sənəddə qeyd olunur ki, müsadirə olunan vəsaitlər Ukraynaya Dəstək Fondunda toplanır və “zərurət yaranarsa, müsadirə edilmiş Rusiyanın suveren aktivlərindən əldə edilən mülkiyyət və gəlirlər (...) ABŞ hökumətinə verilir”.

Lakin indi ABŞ hakimiyyəti G7 ölkələri ilə birlikdə Rusiya pullarından istifadə etmək üçün mövcud mexanizmlərdən və səlahiyyətlərdən istifadə etməyin mümkün olub-olmadığını öyrənmək qərarına gəlib və ya Konqresdən belə bir addıma icazə verməyi xahiş etməli olub-olmaması barədə qərar qəbul edib. NYT qeyd edir ki, Konqresdə bu cür tədbirlərə dəstək artır.

FT-nin tanış olduğu Avropa Komissiyasının sənədinə görə, keçən il Rusiya Mərkəzi Bankının 260 milyard avroluq aktivi G7 ölkələrində, Aİ və Avstraliyada yerləşirdi. Bu məbləğin əsas hissəsi Aİ-də olub - təxminən 210 milyard avro. ABŞ cəmi 5 milyard dolları dondurub. Avropada bloklanan aktivlərin təxminən 191 milyard avrosu beynəlxalq depozitari “Euroclear”da saxlanılır.

“Euroclear” 2023-cü ilin doqquz ayı ərzində Rusiyanın dondurulmuş aktivlərinin investisiyasından faiz gəliri şəklində təxminən 3 milyard avro gəlir əldə edib. Depozitarinin yaydığı hesabata əsasən belə yüksək gəlir iki amillə şərtlənir: yüksək faiz dərəcələri və “Euroclear” tərəfindən yatırılan nağd pulun məbləği.

“Euroclear” antiRusiya sanksiyalarına məruz qalan nağd pul qalıqlarının valyuta strukturunu təqdim edib: 63 faiz avro, 16 faiz funt sterlinq, 8 faiz ABŞ dolları, 9 faiz Kanada dolları, 3 faiz Avstraliya dolları, 1 faiz digər valyutalar. Müqayisə üçün qeyd edək ki, “Euroclear” hesablarındakı “adi” nağd pul qalıqlarının strukturu belədir: 50 faiz ABŞ dolları, 27 faiz Avro, 2 faiz Avstraliya dolları, 1 faiz Kanada dolları və 12 faiz digər valyutalarda.

Avropa İttifaqı Rusiya aktivlərindən Ukraynaya dəstək üçün istifadəni hüquqi baxımdan qanuni hala gətirməklə həyata keçirməyə üstünlük verir. Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiyasından əldə edilən gəlirdən istifadə sxemi hazırlayıb və sonra onu Kiyevə göndərmək niyyətindədir. Musavat.com xəbər verir ki, bu barədə Avropa Komissiyasının müvafiq sənəd layihəsini nəzərdən keçirən Bloomberg agentliyi məlumat yayıb.

Təklifə əsasən Ukraynaya yardım üçün hansı vəsaitlərdən istifadə olunacağı müəyyən ediləcək. Sonra (ilk addım) bu aktivlərlə bağlı fəaliyyət qaydası hazırlanacaq: “Xərclər çıxıldıqdan və milli vergilər ödənildikdən sonra əldə edilmiş mənfəət nizamnamə kapitalı və risklərin idarə edilməsi tələblərinə uyğun olaraq dəqiq müəyyən ediləcək və Ukraynaya verilməsi üçün uçota alınacaq”.

Agentliyin məlumatına görə, təkliflər arasında bu aktivləri saxlayan qurumları hüquqi risklərdən və təqiblərdən qorumaq, habelə kiçik məbləğdə olan qiymətli kağızların mərkəzi depozitarlarını məsuliyyətdən azad etməklə bağlı tövsiyələr var.

İkinci addım dondurulmuş vəsaitlərdən əldə edilən xalis gəlirin 2024-2027-ci illər üçün Aİ büdcəsinə köçürülməsini nəzərdə tutur. Sənədə əsasən, Aİ 2027-ci ilə qədər Rusiyanın dondurulmuş aktivlərinin təkrar investisiyasından gəlir şəklində təxminən 15 milyard avro toplamaq niyyətindədir. Belə aktivlərin ən böyük həcmi - 191 milyard avro Belçikadakı beynəlxalq “Euroclear” platformasında bloklanıb.

G7-nin belə bir “sürpriz tədbiri” dəstəkləməsinə baxmayaraq, Aİ Avropa Mərkəzi Bankı, Beynəlxalq Valyuta Fondu və bir sıra üzv dövlətlərin bu addımların hüquqi və maliyyə nəticələri ilə bağlı ifadə etdiyi narahatlıqları nəzərə alaraq,  planları tədricən həyata keçirir. Eyni zamanda, AK sənədində “dondurulmuş aktivlərdən əldə edilən gəlirin Rusiyaya aid olmadığı və onun mülkiyyəti olmadığı açıq-aydın göstərilir, çünki onlar əsas hərəkətsizləşdirilmiş fondların özündən fərqlənirlər”.

Rusiya tərəfi aktivlərin Ukraynaya verilməsinə kəskin etiraz bildirir. Rusiya maliyyə naziri Anton Siluanov Qərbə xəbərdarlıq edib ki, Rusiya aktivlərinin müsadirə edilməsi barədə qərar qəbul edilərsə, Moskvadan “simmetrik cavab” gələcək: “Rusiya belə bir addıma ”dost olmayan" ölkələrdən xarici kontragentlər qarşısında qiymətli kağızlar və dividendlər üzrə öhdəliklərin saxlanıldığı C hesablarından vəsait çıxarmaqla cavab verəcək".

Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Koşaçev isə iddia edir ki, Qərbin dondurulmuş Rusiya aktivlərini Ukraynaya verməsi dünyada maliyyə böhranına səbəb olacaq: “Bayden administrasiyasının növbəti dəli təşəbbüsü Rusiya Federasiyasının Mərkəzi Bankının dondurulmuş aktivlərini silmək və bu vəsaiti Ukraynaya göndərməkdir. Nəticədə hər kəs itirəcək”.

Avropada Rusiyaya bağlılığı ilə tanınan bəzi iqtisadçılar da aktivlərin Ukraynaya verilməsinin dollara zərbə vuracağını iddia edirlər. İqtisadiyyat üzrə Nobel mükafatı laureatı, Yel Universitetinin professoru Robert Şiller İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində bildirib ki, dondurulmuş Rusiya aktivlərindən Ukraynaya kömək etmək üçün istifadə “indiki dolların üstünlük təşkil etdiyi sistem üçün kataklizm” ola bilər və insanları başqa valyutalarda yığıma keçməyə təşviq edə bilər: “Mən özümü inandıra bilmirəm ki, bu (Rusiya aktivlərinin müsadirəsi-red.) düzgün yoldur. Bunun Rusiya lideri üçün Ukraynada baş verənlərin proksi müharibə olduğunu təsdiqləməsi ilə yanaşı, paradoksal olaraq Amerikaya və bütün Qərbə qarşı çevrilə bilər”.

Şiller qeyd edir ki, Rusiya kimi əmanətlərini dollara çevirən və “onları Sem dayının bacarıqlı əllərinə həvalə edən” onlarla ölkəyə hansı mesajın göndəriləcəyi maraq doğurur: “Əgər Amerika bu gün Rusiyaya bunu etsə, sabah bunu hər kəsə edə bilər. Bu, dolları əhatə edən təhlükəsizlik aurasını məhv edəcək və bir çoxlarının Çindən tutmuş inkişaf etməkdə olan ölkələrə, hətta Rusiyanın özündən də getdikcə daha çox arxayınlaşdığı de-dollarizasiyaya doğru ilk addım olacaq”.

Rusiya aktivlərinin Ukrayna üçün sərf olunması Rusiyanın qonşu ölkəyə işğalçı hücumundan dərhal sonra gündəmə gətirilib. İndiyədək Avropa və ABŞ-da prosesin tənzimlənməsi üçün hüquqi mexanizmlərin hazırlanması istiqamətində real addımlar atılmayıb. Lakin belə görünür ki, Ukraynanı dəstəkləmək üçün vəsait probleminin kəskinləşməsi hər iki mərkəzdə hüquqi bazanın formalaşdırılması prosesini sürətləndirir. Belə bir bazanın formalaşdırılması halında Rusiya aktivlərindən onun dağıtdığı ölkə üçün istifadə olunmasının ən böyük nəticəsi işğalçılığa hazırlaşan digər ölkələr üçün çəkindirici faktora çevrilməsi ola bilər...

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR