İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Xankəndidə yaşananlara qəzəb püskürənlərdən DANIŞDI

2298 22.12.2023 12:23 Siyasət A A

Deputat Sahib Alıyev Azərbaycan Prezidentinin də vurğuladığı kimi, Qarabağ xanının saldırdığı, bizim mütəxəssislərin öz pulumuzla çağdaş şəhərə çevirdikləri Xankəndidə dünən keçirilən futbol yarışına sosial şəbəkənin hay seqmentindəki qəzəbli reaksiya ilə bağlı fikirlərini bölüşüb.

Musavat.com-un məlumatına görə, deputat qeyd edib ki, reaksiyalarından göründüyü kimi, böyük bir hissəsi xəstələndirilmiş toplumun sağalmasına hələ çox var:

“Onlar fərqində deyillər ki, bir zamanlar dələduz Vardanyanın qarşısında duraraq bəlağətli nitq söylədiyi o qədim çinarın yanındakı su mənbəsinin adı “Astvats” yox, Tanrı bulağıdır. Bir gün Tanrının sevimlisi olan o yerlərin əsl yiyəsi gəlib həmin çinara salam verməliydi, necə ki, verdi. Anlamırlar ki, həm də Zəngilan meşəsində məhv etdikləri o cür çinarların ahına tuş gəliblər. Yəqin haçansa anlayacaqlar ki, biz də onların etdiklərini edə, başqasının torpağını ələ keçirə, dinc adamları qırıb-çata, soyqırımı törədə, etnik təmizləmə apara bilərdik. Amma etmədik, o cür rəzillikləri edə də bilməzdik, çünki biz azərbaycanlıyıq. Biz basdığını kəsənlərdən deyilik”.

S.Alıyev vurğulayıb ki, Xankəndi stadionundakı dünənki matç o demək idi ki, orada ancaq futbol oynanılacaq, başqa idman yarışları keçiriləcək, 30 il boyu oynanılan oyunlara isə əbədi son qoyulub:

“Dünən Xankəndidə yaşananlara qəzəb püskürənlərdən bizim fərqimiz həm də ondadır ki, millət olaraq sözün hər anlamında öz yerimizdəyik. Millət olaraq da, fərd olaraq da öz yerində olmaqdan böyük xoşbəxtlik varmı? Fərddən söz düşmüşkən, heç kimə sirr deyil ki, bu gün dünyada cənab İlham Əliyev kimi öz yerində olan liderlər bir əlin barmaqlarıyla sayılacaq qədər azdır. Ona görə də onun “Mən xoşbəxt adamam” deməyə tam haqqı var. Amma bir liderin yerində olmağı onun özündən də çox xalqının xoşbəxtliyidir.

Dünən mənim xalqım o xoşbəxtliyi yaşayırdı. Dünən dünya futbol tarixində ilk yarış idi ki, hər iki komanda ayaqları topa dəyməmişdən oyunu udmuşdular. O oyunu onlara udduran həmin meydanda topa ilk zərbə vuran Müzəffər Ali Baş Komandanımız idi. Dünənki oyun, onun ayaqda Fransa olmaqla, bir neçəsinin qapısından keçirdiyi qolun, özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının qazandığı zəfərin sadəcə meydanda sərgilənməsi idi. Həmin zəfərin əldə edilməsində müstəsna xidməti olan şəxs heç təsadüfi deyil ki, o oyunu bu yolda canından keçən şəhid yadigarları və doğmalarıyla birgə izləyirdi. Əminəm ki, dünənki mənzərəni görən şəhidlərimizin ruhları Xankəndidə hərbi parad keçirilən gündəkindən də artıq sevinirdi. Qoy ruhları həmişə şad, ruhlarını şad edən liderimiz isə var olsun!”

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR