İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: "Bu, Fransa və digər ermənipərəst dairələrə ciddi xəbərdarlıq olmalıdır" 

404 22.12.2023 14:02 Siyasət A A

"BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən birinin yenicə müstəqillik qazanmış ölkənin ərazisində casusluq şəbəkəsi qurması yolverilməzdir. Bu, beynəlxalq hüquq normalarına, ölkələr arasında qurulan səmimi münasibətlərə zərbədir".

Bu fikirləri Musavat.com-a millət vəkili Aydın Mirzəzadə Fransanın casus şəbəkəsinin ifşa olunmasını şərh edərkən bildirib.

Millət vəkili xatırladıb ki, Fransanın Azərbaycana qərəzli münasibəti çoxdan bəllidir, casusluq şəbəkəsinin ifşa olunması bu dövlətin məkrli planlarından xəbər verir:

"Hesab edirəm ki, casusların topladıqları məlumatları Ermənistana ötürmək niyyəti var idi. Məqsəd həmçinin Azərbaycanın hərbi qüdrətini sarsıtmaq, ölkə daxilində Ermənistanın işğalçılıq siyasətini açıq, yaxud gizli şəkildə dəstəkləyəcək qruplar yaratmaq ola bilərdi. Hər bir halda bu, ciddi qınaq məsələsidir. Fransa bu məsələlərə görə izahat verməlidir. Onsuz da münasibətlərimiz ən aşağı səviyyəyə qədər düşüb. Fransa başqa dövlətlərin müstəqilliyinə, suverenliyinə hörmətsizliyini bir daha ortaya qoyur".

Millət vəkili hesab edir ki, Azərbaycan xüsusi xidmət orqanlarının peşəkarlığı sayəsində suverenliyimiz qorunub, ölkəmiz daxilində casusluq şəbəkəsi və ölkənin müstəqilliyinə təhdid törədə biləcək hərəkətlərin qarşısını alınıb:

"Bu, Fransa və digər ermənipərəst dairələrə ciddi xəbərdarlıq olmalıdır. Azərbaycan özünü qoruya bilir. Biz müstəqilliyimizin kiminsə təsiri altına düşməsinə icazə vermərik".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR