İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu işi başladan da, son nöqtəni qoyan da İlham Əliyev oldu” - hərbi ekspertdən ilginc açıqlama

1825 24.04.2023 20:14 Gündəm A A

“Təəssüf ki, bəziləri Ermənistanın hazırda apardığı təbliğatın təsiri altına düşərək iddia edirlər ki, guya Laçın yolunda Azərbaycanın nəzarət-buraxılış məntəqəsinin qoyulması Azərbaycanla Rusiya arasında "sövdələşmə" nəticəsində mümkün olub. Erməniləri anlayırıq, həm öz acizliklərini göstərməmək, həm də az qala bütün dünyanın hədəfində olan Rusiya ilə Azərbaycanın "işbirliyini" göstərmək və bununla da Bakını hədəfə gətirmək üçün nə mümkündürsə, uydururlar. Bizdəki iddialılar isə ya erməni təbliğatının təsiri altında olduqlarının fərqində deyillər, ya da bunu bilərəkdən, qəsdən edirlər”.

Musavat.com bildirir ki, bu fikirlər hərbi ekspert Ədalət Verdiyevə məxsusdur. Ekspert bu fikirdə olanlara məntiqlə düşünməyi tövsiyə edib: “Laçın dəhlizinin Azərbaycanın nəzarətinə keçməsi rusların nəyinə lazımdır? Bu dəhlizə nəzarət Moskvaya həm Ermənistana, həm də Azərbaycana təsir göstərmək imkanı verirdi.

2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalanmamışdan öncə Kremlin təsirində olan rusiyalı politoloqlar iddia edirdilər ki, Laçın dəhlizinin eni 20 km olmalıdır. Əslində bu, Ermənistan rəhbərliyinin təkidi idi və ruslar da onu dəstəkləmiş kimi görünürdülər.

Hətta həmin vaxt Moskva Laçın dəhlizinə onun nəzarəti altında xüsusi statusun verilməsi məsələsini də qaldırmışdı. Bax, Azərbaycan, prezident İlham Əliyev bu iddiaları dəf etməliydi və üçtərəfli bəyanatda maksimum Azərbaycanın maraqlarının ifadə olunmasını təmin etməliydi. Etdi də. Müharibə zamanı necə qətiyyətlə, prinsipiallıqla Ermənistanı, onun havadarlarını küncə sıxışdırdısa, danışıq masası arxasında da nə Moskvaya, nə də İrəvana bir şans buraxmadı. Nəticə? Laçın dəhlizi 5 km müəyyənləşdirildi. Üstəlik, Azərbaycan 3 il müddətinə yeni yol salacağı öhdəliyini üzərinə götürdü. Bu yolun tikintisinin tamamında sülhməramlılar köhnə yolu Laçının mərkəzi ilə birlikdə Azərbaycana təhvil verməliydilər.

Sonrakı məsələlər bəllidir: yeni yol 3 ilə deyil, ilyarıma tikildi. Ermənilər Laçından çıxdılar və Laçın rayonu qansız-qurbansız Azərbaycana qaytarıldı.

Burada hansısa sövdələşmədən söhbət gedə bilərmi? Qətiyyətlə yox”.

Ədalət Verdiyev: "Düşmənin Qafanda yerləşən bir hərbi hissəsi darmadağın  edilib”

Ə.Verdiyev bir daha xatırladıb ki, burada İlham Əliyevin qətiyyəti, prinsipiallığı, dönməzliyi və həyata keçirdiyi siyasətin ardıcıllığı öz sözünü dedi: “Amma yenə də "sövdələşmə" haqqında düşünənlərə bu faktlar kifayət etmədisə, davam edək.

Ermənistan elə başa düşürdü ki, Rusiya sülhməramlıları ilə əlbir olub, Qarabağa silah-sursat, canlı qüvvə göndərək, orada yeni hərbi kontingent formalaşdıracaq, regionu yenidən "barıt çəlləyinə" döndərərək revanş əldə edə biləcək. Yadınızdadırsa, müharibədən dərhal sonra Azərbaycan Ordusu əməliyyat keçirərək erməni hərbçilərini tərk-silah etdi və əsir götürdü. Sonra neçə dəfələrlə ermənilər həm Qarabağda, həm də sərhəddə vəziyyəti gərginləşdirməyə çalışdılar.

Bir tərəfdən Ermənistandan Qarabağa silah daşınır, digər tərəfdən də orada Azərbaycan sərvətləri talanır və Ermənistana çıxarılırdı. Nəticədə bu ilin əvvəlində Azərbaycan ekoaktivistləri Laçın-Xankəndi yolunda etirazlara başladılar və bununla da faktiki olaraq ermənilərin qanunsuz əməllərinin qarşısında sipər çəkildi.

Amma onlar durmadılar, ara yollarla öz işlərini davam etdirməyə cəhd göstərdilər. Elə bu yaxınlarda Laçın rayonu ərazisində hərəkət edən maşınlar saxlanıldı, atışma oldu.

Beləliklə, Azərbaycan addım-addım ermənilərin bütün qanunsuz əməllərinin qarşısını aldı və onları Qarabağa təsir imkanlarından məhrum etdi. Hər şey sonda Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulmasına doğru gedirdi və sonda, aprelin 23-də bu post quruldu. İndi, bu, "sövdələşmədir", yoxsa "nəyi, nə vaxt və necə etməyin lazım olduğunu" bilmək?”

Hərbi ekspert sonda xitab edərək, nöqtəni qoyub: “Qardaşlar, İlham Əliyev addım-addım, ardıcıl şəkildə, qətiyyətlə buna doğru irəlilədi və işi də mahir ustalıqla tamamaladı. Azərbaycanın ərazi bütövlüyünün tam bərpası tamamlandı. Bu işi başladan da, son nöqtəni qoyan da İlham Əliyev oldu”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR