İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan çox səssiz şəkildə bu missiyanın öhdəsindən gəldi

5999 22.12.2023 10:30 Siyasət A A

İlk yayınlanma vaxtı: 21.12.2023

Xəbər verdiyimiz kimi, Qərb mətbuatında yayılmış məlumatlara əsasən, Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Şərqi Avropa, Yaxın Şərq və Mərkəzi Asiyanın bir sıra ölkələrində müxtəlif əməliyyatlara cəlb edilmiş Fransa xüsusi xidmət orqanlarının (XXO) geniş agentura şəbəkəsi Azərbaycanda ifşa olunub.

Bu, Fransa XXO-sunun, Fransa dövlətinin imicinə böyük zərbədir. Təsadüfi deyil ki, Fransa prezidenti Emmanuel Makron dünən Fransa Xarici Təhlükəsizlik Baş İdarəsinin (DGSE) rəisi Bernar Emyeni vəzifəsindən azad edib. Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSİ) rəhbərlik etmiş Nikolas Lerner isə Xarici Kəşfiyyat strukturuna yeni rəhbər təyin olunub.

Azərbaycanda Fransanın kəşfiyyat şəbəkəsinin ifşa olunmasına münasibət bildirən politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında qeyd edib ki, Azərbaycanın xüsusi xidmət orqanları ölkəmizin təhlükəsizliyini etibarlı şəkildə qoruyur:

“Daxili və xarici təhdidlərdən ölkəmizin etibarlı mühafizəsi həyata keçirilməkdədir. Çox çətin geostrateji bölgədə yerləşməyimizə rəğmən, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhlükəsizlik sistemi çox çevik, operativ və səmərəli fəaliyyət göstərməkdədir.

ilyas.jpg (91 KB)

Fransa xüsusi xidmət orqanlarının rezidentura şəbəkəsinin yüksək peşəkarlıqla ifşa olunması dediklərimizi təsdiqləyir. Eyni zamanda, məhz xarici mətbuat orqanlarında qeyd olunan xəbərin dərc olunması da bunu göstərir ki, Azərbaycan çox səssiz və hədəfə yönəlmiş şəkildə bu missiyanın öhdəsindən gəldi. Fransa xüsusi xidmət orqanlarının casus şəbəkəsi Gürcüstanda, Ukraynada, Moldovada da fəaliyyət göstəriblər. Fransanın məhz post-sovet məkanında eyni təlimatlarla, eyni metod və metodologiya ilə fəaliyyət göstərməsi faktı da əlimizdədir. Bununla yanaşı, Azərbaycanın xüsusi xidmət orqanları Vətən müharibəsində və post-müharibə reallıqlarında da çox effektiv və inamlı fəaliyyət göstəriblər, yaxşı təsir bağışlayıblar. Cənab Prezident, Ali Baş Komandan onların fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda, hazırkı çətin missiyanın reallaşması da göstərir ki, təhlükəsizliyimiz əmin əllərdədir və Azərbaycan dövləti məhz təhlükəsizlik sahəsində dünyanın aparıcı digər ölkələri ilə də əməkdaşlıq edir, təcrübə toplayır, təlim və seminarlarda iştirak edir. Bu, elə bir sahədir ki, daim bilikləri inkişaf etdirmək, yeni çağırışlara cavab vermək və çoxşaxəli fəaliyyət göstərmək önəmlidir.

Fransa xüsusi xidmət orqanlarının ölkəmizdə destruktiv fəaliyyətinin ifşa olunması münasibətilə əməyi keçən hər kəsi təbrik edirəm”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR