İnsanlara hürriyət, millətlərə istiqlal!

"Xocalıda da sərhəd-keçid məntəqəsi quracağıq" - politoloq

1272 23.04.2023 17:20 Gündəm A A

"Sərhəd-keçid məntəqəsinin qurulması Azərbaycanın ərazi bütövlüyü və Qarabağın reinteqrasiya prosesini yeni mərhələyə daşımaq mahiyyəti daşıyır. Son iki ildə bu ən çox gözlənilən hadisə idi. Müharibənin ilk həftəsində demişdim ki, nəticə belə olacaq. Bu, Azərbaycanın ərazi bütövlüyünü, suveren hüquqlarını tam təmin etməsinin növbəti mərhələsidir".

Bu fikirləri Musavat.com-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Nazim Cəfərsoy bildirib. O xatırladıb ki, 10 noyabr bəyannaməsinə qədər Azərbaycan məsələni hərbi, daha sonra isə diplomatik yolla həll etməyə çalışıb: "Laçın, Kəlbəcər, Ağdamda nəzarəti ələ aldıq. Proses davam edir. Azərbaycan digər ərazilərdə də nəzarəti təmin edəcək. Sərsəng su anbarına nəzarətin ələ keçirilməsi üçün addımlar atılacaq. Xatırladım ki, monitorinq qrupunun səfərindən sonra sabotaj edildiyi üçün proses dayandırıldı. Bir neçə gün öncə Sərsəng su anbarında təmir işləri ilə əlaqədar müəyyən məsələlər gündəmə gəlmişdi. Düşünürəm ki, növbəti mərhələdə bütün Azərbaycan üçün əhəmiyyətli, suverenliyin təmin olunması üçün zəruri olan hərbi, strateji mahiyyətli yüksəkliklərə nəzarət təmin ediləcək. Həm mənəvi, həm hüquqi, həm də inzibati baxımdan kritik nöqtələrdən biri Xocalıdır. Hesab edirəm ki, ilk növbədə aeroport nəzarətə götürüləcək. Aeroportun fəaliyyət göstərməsi ruslar üçün də əlverişlidir, çünki sülhməramlıların hava yolundan istifadə etməsi daha rahat olacaq. Xocalı aeroportu Azərbaycanın nəzarətində olsa, uçuşlara icazə veriləcək. Xocalıda da sərhəd-keçid məntəqəsi quracağıq. Rus sülhməramlıları üçün humanitar yardımlar buradan keçəcək. Sonrakı mərhələdə orada yerləşdirilmiş ermənilərin ərazini tərk etməsi, yaxud Azərbaycanın qəbul edəcəyi yeni modellər gündəmə gələcək. Bu proses Xankəndində Azərbaycan bayrağının dalğalanması, azərbaycanlıların qayıtmasına qədər davam edəcək. Bunun üçün isə psixoloji, texniki, diplomatik mühitin hazırlanmasına ehtiyac var".

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR