Türkiyənin tanınmış aktrisası Türkan Şoray İstanbul Böyükşəhər Bələdiyyəsinin təşkil etdiyi "Xatirələr Bağında Görüş" adlı rəsm sərgisində iştirak edərkən Kadir İnanır haqqında verilən sual qarşısında duyğusal anlar yaşayıb.
Sərgidə jurnalistlərdən biri Şoraya "Kadir İnanırı sizə xatırladan hər hansı bir əsər oldumu?" sualını ünvanlayıb. Qısa müddət susan aktrisa, "Dostumuzu heç vaxt unutmadıq və unutmayacağıq. Amma bu xoş günümüzdə niyə bunu xatırlatdınız?" sözləri ilə cavab verib.
Türkan Şoray və Kadir İnanır illər ərzində, xüsusilə "Selvi Boylum Al Yazmalım" filmi başda olmaqla, bir çox ekran işində tərəf müqabili olublar. Onlar Türkiyə kinosunun ən yaddaqalan duetlərindən biri hesab edilirlər.
Xatırladaq ki, Türkan Şoray daha əvvəl Kadir İnanır haqqında "O, hər zaman mənim qəlbimdə yaşayacaq" ifadəsini işlətmişdi. Aktrisa həmçinin "Selvi Boylum Al Yazmalım" filmindən yadigar qalan yaylığı ömrünün ən qiymətli xatirələrindən biri kimi qoruduğunu bildirərək, "Əlimdə yalnız o qalıb" demişdi.//Demokrat.az






