Rusiyanın məşhur aktyoru, “D’Artanyan və üç muşketyor” filmində D’Artanyan obrazı ilə tanınan Mixail Boyarskinin deputat oğlu Sergey Boyarski bir gündə təxminən 1 milyard rubl dəyərində daşınmaz əmlak əldə edib. Maraqlıdır ki, bu alışların məbləği deputat və həyat yoldaşının əvvəlki üç ildə əldə etdiyi ümumi gəlirdən təxminən 20 dəfə çoxdur.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Sənədlərə əsasən, Sergey Boyarski 20 iyun 2025-ci ildə – cəmi bir gün ərzində Sankt-Peterburqda ümumi dəyəri 985 milyon 244 min 834 rubl olan altı torpaq sahəsi alıb.
Ayrı-ayrı sövdələşmələrin məbləği 444,8 milyon, 411,1 milyon, 77,8 milyon və 47,9 milyon rubl olub. Bundan əlavə, hər biri 1,85 milyon rubl dəyərində daha iki torpaq sahəsi alınıb.
Ən diqqətçəkən məqam isə bu pulların mənbəyidir. Boyarski və həyat yoldaşının sözügedən alışdan əvvəlki üç il ərzində birlikdə əldə etdikləri gəlir cəmi 53,7 milyon rubl təşkil edib. Başqa sözlə, alınan torpaqların dəyəri ailənin üçillik gəlirindən təxminən 20 dəfə çoxdur.
Deputat bəyannaməsində milyard rubla yaxın alışın maliyyə mənbəyi kimi “digər kredit öhdəlikləri”ni göstərib.
Araşdırma Boyarskinin bununla məhdudlaşmayan daşınmaz əmlak imkanlarına da diqqət çəkir. Onun Moskvada Ulof Palme küçəsində yerləşən və “deputatlar evi” kimi tanınan binada 144 kvadratmetrlik mənzildən istifadə etdiyi bildirilir. Sankt-Peterburqun Paradnaya küçəsində isə onun 180 kvadratmetrlik başqa bir mənzili var.
Boyarskinin avtomobil parkında Mercedes-Benz SL500 və Lexus GS350 də yer alır.
Deputat 2025-ci ildə “Qalereya” şirkətindən 22 milyon rubl gəlir əldə etdiyini də bəyan edib. Daşınmaz əmlakın icarəsi ilə məşğul olan Sankt-Peterburq şirkətinin yeganə sahibi hələ də Boyarskidir. Rusiya qanunvericiliyinə görə, deputatlar sahib olduqları biznesi etibarlı idarəetməyə verməli və onun birbaşa idarəçiliyində iştirak etməməlidirlər.
Sergey Boyarski 2024-cü ilin sonunda Aleksandr Xinşteyni əvəz edərək Dövlət Dumasının İnformasiya siyasəti, informasiya texnologiyaları və rabitə komitəsinin rəhbəri olub. Təxminən yarım il sonra isə onun bəyannaməsində milyard rubla yaxın torpaq alışları peyda olub.
Boyarski Rusiyanın “VKontakte” şirkətinin MAX milli messencerinin yaradılmasına yol açan qanun layihəsinin müəlliflərindən biri olub. O, fərdi məlumatlarla bağlı qanun layihəsinin ikinci oxunuşuna elə dəyişikliklər təqdim edib kisənədin ilkin konsepsiyası faktiki olaraq dəyişib və MAX-ın istifadəyə verilməsinə hüquqi zəmin yaranıb.
Tənqidçilər sonradan bu messenceri geniş məlumat toplamaq imkanlarına görə “cibdəki casus” adlandırıblar.
Boyarski 14 iyul 2025-ci ildə təşəbbüsü təqdim edərkən MAX-ın Telegram və WhatsApp-ı əvəz etməyəcəyini, həmin platformaların bloklanması üçün də heç bir əsas olmadığını bildirmişdi.
Lakin bir neçə ay sonra Roskomnadzor Telegram və WhatsApp-da səsli və videozəngləri blokladı. Boyarski isə bu dəfə xarici platformaların “Rusiya qanunvericiliyinin tələblərini yerinə yetirmədiyini” bəyan etdi. Deputat MAX-ın inkişafını Rusiyanın “rəqəmsal suverenliyi”nin zəruri elementi və xarici messencerlərə qarşı daha sərt tənzimləmələrin tətbiqi üçün imkan kimi təqdim edib.
Sergey Boyarski Rusiya xalq artisti Mixail Boyarskinin oğludur. Vladimir Putinlə dost münasibətləri olduğu bildirilən Mixail Boyarski sovet kinosunda xüsusilə D’Artanyan rolu ilə məşhurlaşıb.
Sergey Boyarskinin özünün də siyasi və idarəçilik karyerası kifayət qədər sürətlə inkişaf edib. O, 32 yaşında, 2012-ci ildə Sankt-Peterburq şəhər hakimiyyətinə məxsus “Sankt-Peterburq” telekanalına rəhbərlik edib, 36 yaşında isə Dövlət Dumasının deputatı seçilib.
Musavat.com






