Kremlin Ukraynaya qarşı müharibəsinin fəal təbliğatçılarından biri, Vladimir Putinə yaxın jurnalistlər sırasında göstərilən Yevgeni Poddubnının Qərbin iri şirkətlərinin səhmlərinə və xarici investisiya fondlarına pul yatırdığı üzə çıxıb.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Kommersant” Rusiya Mərkəzi Seçki Komissiyasının dərc etdiyi deputatlığa namizədlərin əmlak və maliyyə bəyannamələrinə əsasən məlumat yayıb.
Hazırda “Vahid Rusiya” tərəfindən Dövlət Dumasına keçiriləcək seçkilərə namizəd irəli sürülmüş Poddubnının investisiya portfelində ABŞ və digər Qərb ölkələrinin şirkətlərinin səhmləri yer alır.
Bəyannaməyə əsasən, rusiyalı müharibə müxbiri Niderlandın Nebius Group N.V. şirkətinin 8 səhminə sahibdir. Onun ABŞ-ın Apple şirkətində 4, The Procter & Gamble şirkətində 4, Intel Corporation-da isə 1 səhmi var.
Bununla da kifayətlənməyən Poddubnı İrlandiyada qeydiyyatdan keçmiş FinEx USA Information Technology UCITS ETF və FinEx Physically Backed Funds ICAV fondlarında da investisiya paylarına malikdir.
Məsələnin diqqətçəkən tərəfi Poddubnının illərdir Kremlin Qərb əleyhinə təbliğatının ən tanınmış simalarından biri olmasıdır. O, təkcə müharibə müxbiri deyil, eyni zamanda Vladimir Putinin siyasi kampaniyalarında etibar etdiyi şəxslərdən biri olub.
Poddubnı 2018 və 2024-cü il prezident seçkilərində Putinin etibarlı nümayəndəsi kimi çıxış edib.
2022-ci ildə o, prezident yanında səfərbərlik və Ukrayna müharibəsi iştirakçılarına dəstək məsələləri üzrə yaradılmış işçi qrupa daxil edilib.
2024-cü ilin sentyabrında isə Putin Poddubnıya “xidməti vəzifəsini yerinə yetirərkən göstərdiyi cəsarət və qəhrəmanlığa görə” Rusiya Qəhrəmanı adı verib. Bundan əvvəl o, Kursk vilayətində Ukrayna dronunun hücumu nəticəsində yaralanmışdı.
Poddubnının müharibə müxbiri kimi fəaliyyəti və Kremlin mövqelərini təbliğ etməsi onun özünün də Qərb sanksiyalarına məruz qalmasına səbəb olub. Avropa İttifaqı onu “dezinformasiya və Kremlpərəst təbliğat yaymaq” ittihamı ilə sanksiya siyahısına daxil edib.
O, həmçinin Böyük Britaniya, Kanada və Avstraliyanın sanksiya siyahılarındadır.
Beləliklə, Qərbi illərdir Rusiya üçün düşmən kimi təqdim edən və Ukrayna müharibəsinin ən tanınmış təbliğatçılarından sayılan Poddubnının şəxsi investisiya seçimində ABŞ texnologiya nəhəngləri və Qərb fondlarına üstünlük verməsi onun siyasi ritorikası ilə maliyyə maraqları arasında maraqlı ziddiyyət yaradıb.
Musavat.com






