Real TV “Yeni Müsavat” Media Qrupunun rəhbəri, Əməkdar jurnalist Rauf Arifoğlunun 60 illik yubileyi münasibətilə Mətbuat Şurasında keçirilən tədbirdən geniş reportaj hazırlayıb.
Reportajda qeyd olunur ki, yubiley mərasimində tanınmış jurnalistlər, ictimai-siyasi xadimlər, Milli Məclisin deputatları və media ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Çıxışlarda Rauf Arifoğlunun 37 illik jurnalist fəaliyyəti, Azərbaycan mətbuatındakı özünəməxsus yeri, milli mətbuatın inkişafına və azad media ənənələrinin formalaşmasına verdiyi töhfələr yüksək qiymətləndirilib.
Bildirilib ki, Rauf Arifoğlu 1966-cı il iyulun 23-də Tovuz rayonunda anadan olub. O, 1980-ci illərin sonlarında milli azadlıq hərəkatının fəallarından biri kimi fəaliyyət göstərib, 1989-cu ilin dekabrında isə “Yeni Müsavat” qəzetinin əsasını qoyub. Sonrakı illərdə qəzet böyük tirajla nəşr olunaraq ölkənin ən nüfuzlu ictimai-siyasi gündəlik qəzetlərindən birinə çevrilib.
Mərasimdə Mətbuat Şurasının sədri Rəşad Məcid, Milli Məclisin deputatları Tənzilə Rüstəmxanlı, Elçin Mirzəbəyli, Arzu Nağıyev, Elnar Nəsirov, Mətbuat Şurası İdarə Heyətinin üzvü Yeganə Hacıyeva və digər çıxışçılar yubilyarı təbrik edərək onun Azərbaycan mediası qarşısındakı xidmətlərindən danışıblar.
Reportajda Prezident İlham Əliyevin sərəncamı ilə Rauf Arifoğlunun Azərbaycan mətbuatının inkişafında və azad media ənənələrinin formalaşmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunduğu da xüsusi vurğulanıb.
Rauf Arifoğlu çıxışında göstərilən yüksək dövlət qiymətinə, yubiley tədbirinin təşkilinə və ünvanına səsləndirilən səmimi fikirlərə görə Prezident İlham Əliyevə, Mətbuat Şurasına və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Real TV-nin hazırladığı reportajda yubiley tədbirindən maraqlı görüntülər, çıxışlardan fraqmentlər və Rauf Arifoğlunun çoxillik media fəaliyyətini əks etdirən kadrlar yer alıb.
Musavat.com həmin reportajı oxucularına təqdim edir.
Musavat.com






