Zamin HACI
Bakı kəndlərindən birində uca şeyximizin kürəkəni yola kamali-ədəblə şlaqbaum, darvaza-zad qoyub xudmani, şəxsi keçid məntəqəsi qayırmışdı. Fotosuna baxanda, vallahi, “Qırmızı körpü” sərhəd postundan heç bir fərqi yox idi. Postun o tayında isə bir yoldaşın həyət-bacası qalmışdı, 20 il həmin adam öz torpağına qayıtmaq üçün mübarizə apardı. Məhkəmələr qərar çıxarmışdı, hətta BMT-nin 3 qətnaməsi vardı, lakin şeyxin qudası keçid vermirdi. Nəhayət bugünlərdə əlaqədar orqanlar qaldırıcı kran, svarka-zad götürüb getdilər, keçidi açdılar.
Möhtəşəm qələbədir. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Yeri gəlib, sayın oxucular üçün bir pritça yazaq. Bir gün adamın birisi yas yerində molladan soruşur: “Molla əmi, naməhrəm zənən xeylağına baxmaq olarmı? Bu günah deyil ki? Birdən qadın qəfil adamın qarşısına çıxsa necə?” Molla deyir: “Bala, svarkadan başqa hər şeyə baxmaq olar”. Pritçanın yadıma düşməsinin səbəbi, əlbəttə, şeyxin qudasının gömrük postu sökülərkən qaynaq aparatından istifadə olunmasıdır, başqa nəsə düşünməyə ehtiyac yoxdur. Sözü isə ona gətirirəm ki, bəlkə də biz şeyxin ailəsinə qarşı hörmətsizlik elədik, bunun bəlası gələcəkdir. Müqəddəs şəxsiyyətlərin qədrini bilmək vacibdir. O köhnə afyorizm var idi, “müqəddəs yer boş qalmır”, çox mənasız söhbətdir. Müqəddəs yer lap gözəl şəkildə boş qalır.
Məsələn, bugünlərdə xəbər verildi, Naxçıvanda xeyli vəzifə yiyəsini gözləyir: muxtar respublika Ali Məclisinin sədri, ədliyyə, mədəniyyət, səhiyyə, rəqəmsal inkişaf və nəqliyyat nazirləri, Vergi Xidməti, Əmlak Məsələləri Dövlət Xidmətinin rəisləri, Naxçıvan televiziyası və Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı postları. Faktiki, Naxçıvanda, pis çıxmasın, tam yiyəsizlikdir. Özü də bu vəzifələrin əksəriyyəti Vasif Talıbov 2022-ci ildə istefa verəndən bəri boşdur. Buyurun. Vasif müəllim yerində qalsa, o vəzifələr boş olardımı? Olmazdı. Hələ bəlkə hərəsini tutmaq üçün onlarla namizəd sıraya düzülmüşdü. İndi isə adam tapıb qoymaq mümkün deyil. (Görəsən binəva camaat orada nə edir, necə yaşayır? Vəzifəli şəxslər olmadan yaşamaq mümkündürmü? Çətin işdir. Əziz naxçıvanlılar, qəlbimiz sizinlə döyünür!).
Qayıdaq şeyximizin ətəyinə, bizə ordan başqa nicat yoxdur. Keçən həftə Allahşükür müəllim texnoloji yeniliklər barədə fətva vermişdi. Deyir, Süni İntellekt (Sİ) nə qədər inkişaf etsə də, insanı ibadətdə əvəz edə bilməz. Doğrudan da, robotlar oruc tutub, namaz qılmağı, nəzir qutusuna nəzarəti və sairəni öyrənsələr də, məsələn, hələlik qəbir üstünsə “Yasin” oxumağı bilmirlər. O cümlədən, Sİ halal-haram anlayışlarını öyrənərkən də çətinliklə qarşılaşacaqdır, çünki bu andıra qalmış sistem internetdə nə varsa, onların hamısını süzgəcdən keçirərək qərar verir, yekun rəyə gəlir. Nəticədə Sİ, örnək üçün, Ramazanda ağız suyunu udmaq orucu batil edirmi, ya yox, bu temada çaş-baş qalacaq, çünki bir-birinə ziddi çoxlu hədislər saytlara qoyulub.Şeyxin çıxışından heç iki gün keçməmiş dünya katoliklərinin lideri, Roma papası da Sİ barədə proqram çıxışı yayımladı. Papa Sİ və ümumən texnologiyanın dünya, insan üzərində hökmranlığı, arada mərhəmətin-filanın itməyi, işsizlik, savaş və sairə kimi mövzulara diqqət yönəltdi. Zənnimcə, papa şeyximizi izləyir, ondan ilham alır. Biz isə onun qudasına bir darvazanı çox gördük.
Yazını da əl-Buxaridən bir hədislə (3321 nömrəli hədis) bitirək, yaydır, hazırda aktual məsələni ifadə edir: “Birinizin su və sairə içdiyi qaba milçək düşsə, qoy onu basıb qabın içinə salsın, sonra da çıxarıb kənara atsın. Çünki onun qanadlarının birində xəstəlik, digərində isə onun dərmanı vardır”.
Məncə bu hədis əslində Süni İntellekt haqqındadır, o da milçək kimi zəhləmizi tökür, amma həm zərəri, həm xeyri vardır, əlhəmdüllah.






