İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml təbliğatı ölən senatoru pedofil və "Mossad" agenti elan etdi

609 14.07.2026 22:40 Dünya A A

ABŞ senatoru, Ukrayna və İsrailin fəal tərəfdarlarından olan Lindsi Qremin ölümündən sonra Rusiya təbliğat resursları onun haqqında çoxsaylı təsdiqlənməmiş iddialar və dezinformasiyalar yaymağa başlayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kremlin təbliğatçıları senatorun ölümü ilə bağlı bir-birini təkzib edən müxtəlif versiyalar irəli sürərək onu nüfuzdan salmağa çalışırlar.

Belə ki, "Rus dünyası" ideoloqlarından Aleksandr Duqin Qremin guya "Mossad" tərəfindən öldürüldüyünü iddia edib. Bu versiya daha sonra İran yönlü teleqram kanalları və onlara yaxın informasiya resursları tərəfindən də yayılıb.

Dövlət televiziyalarında isə senatorun son anları barədə müxtəlif uydurma iddialar səsləndirilib. Olqa Skabeyeva "60 dəqiqə" verilişində Qremin guya təcili yardım maşınında son nəfəsinə qədər Rusiyaya qarşı sanksiyalardan danışdığını iddia edib. Halbuki bu, senatorun daha əvvəl söylədiyi zarafat xarakterli fikirlərin təhrif olunmuş təqdimatıdır.

Digər verilişlərdə Qremin guya "rusların öldürülməsinə çağırış etdiyi" iddia olunub. Bu zaman onun Vladimir Zelenski ilə görüşünün köhnə videosundan montaj edilmiş fraqment nümayiş etdirilib. Tam videoda isə senatorun "ən yaxşı investisiya" ifadəsini Ukraynaya göstərilən maliyyə və hərbi dəstəyə aid etdiyi görünür.

Prokreml teleqram kanalları və bəzi təbliğatçılar senatorun narkotik maddələrin həddindən artıq istifadəsi nəticəsində öldüyünü də iddia ediblər. Bununla yanaşı, Qremin guya Ceffri Epşteyn işi ilə əlaqəli olduğu, hətta "pedofiliya" ilə bağlı əsassız ittihamlar da irəli sürülüb. Bu iddiaların heç biri hüquq-mühafizə orqanları və ya etibarlı media tərəfindən təsdiqlənməyib.

Rusiya təbliğatçıları Lindsi Qremin guya cinsi oriyentasiyasının onun "rusofobiyasını" müəyyənləşdirdiyini də iddia ediblər. ABŞ-dan Rusiyaya köçmüş, "Valday" Klubunun eksperti Dmitri Sayms "Bolşaya igra" verilişində senatorun cinsi oriyentasiyası ilə bağlı şayiələri onun siyasi mövqeyi ilə əlaqələndirib. Sayms iddia edib ki, ABŞ siyasətində homoseksual siyasətçilərin "şəxsi vərdişləri" onların Rusiyaya qarşı mübarizə aparmaq istəyinə birbaşa təsir göstərir.

Müstəqqil ekspertlər bunun Kremlin təbliğatındakı ikili standartların növbəti nümunəsi olduğunu vurğulayırlar. Almaniyanın "Almaniya üçün Alternativ" (AfD) Partiyasının həmsədri Alis Vaydel açıq şəkildə eynicinsli münasibətdə olmasına baxmayaraq, Rusiya təbliğatı bu faktı qabartmır. Müəlliflərin fikrincə, bunun əsas səbəbi Vaydelin Vladimir Putini dəstəkləməsi və Ukraynaya hərbi yardımın əleyhinə çıxış etməsidir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR