ABŞ prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatları genişləndirməsi Qərb mətbuatında ciddi narahatlıq doğurub. Nüfuzlu nəşrlər hesab edir ki, Vaşinqtonun Tehrana qarşı strategiyası uzunmüddətli müharibəyə çevrilə bilər və Ağ Evin bu qarşıdurmanı necə başa çatdıracağına dair aydın planı yoxdur.
Musavat.com xarici agentliklərə istinadən Qərb mediasının əsas qiymətləndirmələrini təqdim edir:
“Politiko” nəşri: “Diplomatiya demək olar ki, iflic olub. Hazırda nə ABŞ, nə də İran danışıqlara hazır görünür. Ərəb ölkələrinin vasitəçilik cəhdləri nəticəsiz qalıb. Ağ Ev konkret vaxt çərçivəsi müəyyən etmədən İrana qarşı davamlı hərbi təzyiq strategiyasına keçir. Analitiklər hesab edirlər ki, Vaşinqtonun məqsədi Tehranın dəniz daşımalarına təsir imkanlarını tədricən zəiflətməkdir, sürətli qələbə qazanmaq deyil”.
“CNN”: İran uzunmüddətli qarşıdurmaya hazırlaşır. Tehran münaqişənin uzun sürəcəyini nəzərə alaraq hazırlıqlarını gücləndirir. Dəniz təhlükəsizliyi üzrə ekspertlər bildirirlər ki, İran yenidən "kölgə donanması"ndan istifadə edir, saxta şirkətlər yaradır, gəmilərdə transponderləri söndürür və ABŞ sanksiyalarını aşaraq neft ixracını davam etdirməyə çalışır. Analitiklərin fikrincə, bu üsullar illərdir işlədiyi üçün hətta genişmiqyaslı dəniz blokadası da İranın neft ixracını tam dayandıra bilməyəcək”.
“Faynənşl Taymz”: “Trampın qələbə planı yoxdur. Ağ Ev öz strategiyasının girovuna çevrilib. Atəşkəs variantından imtina edən Tramp yenidən hərbi gücə üstünlük versə də, hansı nəticəyə nail olmaq istədiyini və uzunmüddətli müharibədən necə yayınacağını izah etməyib. Münaqişə aylarla, hətta illərlə davam edə bilər. Neft qiymətlərinin bahalaşması Tramp üçün müharibənin özündən daha ciddi siyasi problemə çevrilə bilər”.
“Assoşayted Press”: “Hətta yeni saziş də böhranı bitirməyəcək. ABŞ və İran yenidən danışıqlar masasına qayıtsalar belə, bu, böhranın sona çatacağı anlamına gəlmir. İranın raket proqramı, Tehranın regiondakı silahlı qruplara dəstəyi və Livan ətrafındakı qarşıdurma kimi ən mürəkkəb məsələlər mümkün danışıqların gündəliyinə daxil edilmədiyi üzərindədir. Məhz bu problemlər istənilən yeni razılaşmanı qısa müddətdə iflasa uğrada bilər”.
Musavat.com






