İnsanlara hürriyət, millətlərə istiqlal!

Messi son dəfə dünya kubokuna toxunmağa gedir: İngiltərə “ölüm hökmü”nü oxumağa hazırdır

1037 15.07.2026 17:34 İdman A A

İLK yayım saatı: 14:20

2026-cı il futbol üzrə dünya çempionatında həlledici məqamlardan biri yetişdi.

Bu gün saat 23:00-da bütün dünyanın diqqəti Atlanta şəhərinə yönələcək. Turnirin ikinci yarımfinalında son dünya çempionu Argentina ilə İngiltərə üz-üzə gələcək.

Qarşılaşmanın qalibi finalda artıq Fransa səddini aşaraq həlledici oyuna yüksələn İspaniyanın rəqibi olacaq. Sayca 23-cü mundialın qalibi isə iyulun 19-da müəyyənləşəcək.

WhatsApp Image 2026-07-15 at 14.04.49.jpeg (113 KB)

Argentina-İngiltərə görüşü sadəcə yarımfinal deyil, dünya futbolunun iki nəhənginin növbəti tarixi qarşıdurmasıdır. Eyni zamanda Lionel Messinin növbəti zirvə sınağı və İngiltərənin 60 illik dünya çempionluğu həsrətinə son qoymaq cəhdidir. Bütün gözlər Lionel Messidədir. 39 yaşlı superulduz mundial boyu yenə komandasını arxasınca aparır. Futbol ictimaiyyətində onun karyerasının son dünya çempionatını keçirdiyi barədə fikirlər dolaşdığı üçün hər oyunu xüsusi maraq doğurur. Argentina azarkeşləri əmindirlər ki, kapitan son dəfə də olsa kuboku başı üzərinə qaldırmaq üçün əlindən gələni edəcək.

MESSİ SON.jpeg (101 KB)

Digər tərəfdə isə Tomas Tuxelin çalışdırdığı İngiltərə millisi var. Harri Keyn bombardir keyfiyyətlərini nümayiş etdirməyə davam edir, Cud Bellinqhem isə komandanın əsas yaradıcı qüvvəsinə çevrilib. İngilislər 1966-cı ildən sonra ilk dəfə dünya çempionu olmaq arzusunu gerçəkləşdirmək üçün cəmi iki addım uzaqdadır.

Bu qarşılaşma həm də fərdlərin savaşıdır. Messi-Keyn, Enzo Fernandes-Deklan Rays, Xulian Alvares-Con Stouns, Bellinqem-Mak Allister duelləri matçın taleyinə birbaşa təsir edə biləcək məqamlardandır.

Görüş öncəsi burada maraq doğuran məqamlardan biri də komandaların fiziki durumudur. Hər iki kollektiv çətin pley-off mərhələsindən keçərək yarımfinala yüksəlib. Ona görə də məşqçilərin ehtiyat oyunçularından necə istifadə edəcəyi, əvəzləmələrin oyunun taleyinə hansı təsiri göstərəcəyi diqqət mərkəzində olacaq.

h4rXMO4x18CWeG85sHjgTCPvBjLHZxlOKaOwbxZy_1200.jpg (193 KB)

İlk qol bu oyunda həlledici əhəmiyyət daşıya bilər. Çünki hər iki milli kifayət qədər güclü müdafiə xəttinə malik olmaqla yanaşı, sürətli əks-hücumlara çıxmaq bacarıqları var. Bu baxımdan hansı ölkə hesabda önə çıxacaqsa, rəqibin işi ikiqat çətinləşəcək. Belə ki, həm müdafiyəyə ciddi fikir verəcək, həm də rəqibin müdafiə xəttini yarmağa çalışacaq.

Eyni zamanda qeyd edək ki, Argentina topa nəzarət etməyə kifayət qədər üstünlük verən komandadır. Bunun qarşılığında İngiltərə sürətli əks-hücumlarla təhlükə yaratmağa çalışacaq. Bu isə futbol dünyasına yüksək temp, gərgin mübarizə və dramatik anlar vəd edir.

Psixoloji üstünlüyün hansı tərəfdə olmasına gəlincə, hər iki komandanın öz arqumenti var. Lakin ümumi mənzərədə cüzi üstünlük Argentinanın tərəfində görünür. Belə ki, Messinin lideri olduğu kollektiv son dünya çempionudur və böyük oyunlarda qalib gəlmək vərdişinə malikdir. Həmçinin, Messinin varlığı komanda yoldaşlarına əlavə inam verir. Turnirin pley-off mərhələsində təzyiq altında uğurlu çıxış edib və yarımfinala qədər inamlı irəliləyib. Komandanın heyəti uzun illərdir birlikdə oynadığından oyunçular bir-birini yaxşı tanıyır.

oKLdaWyE6c7KVQqj4wjdrqBHzDzGNNeS3iFMTQEV_1200.jpg (154 KB)

İngilislər barədə isə demək olar ki, gənc və enerjili heyətə malikdirlər. Tomas Tuxelin taktiki hazırlığı və böyük oyun təcrübəsi komandanın ən güclü üstünlüklərindən biridir. Dünya çempionluğu həsrətinə son qoymaq istəyi futbolçular üçün əlavə motivasiyadır. Bununla belə, psixoloji üstünlük oyunun taleyini həll etmir. Erkən qol, fərdi səhvlər, hakim qərarları və oyunun gedişi bu balansı bir neçə dəqiqə ərzində dəyişə bilər. Buna görə də matçın favoritini yalnız psixologiya əsasında müəyyənləşdirmək düzgün olmazdı.

ENGLAN.jpeg (138 KB)

Argentina və İngiltərənin finala təsadüfən yüksəldiyini demək də haqsızlıq olardı. Hər iki komanda qrup mərhələsindən başlayaraq çətin sınaqlardan keçib və pley-offda güclü rəqibləri arxada qoyaraq son dördlüyə vəsiqə qazanıb.

Argentina J qrupunda mübarizə apardı və Əlcəzair, Avstriya, İordaniya seçmələri geridə qoyaraq lider kimi pley-offa yüksəldi. 1/16 finalda rəqib Kabo-Verde (Yaşıl Burun Adaları) idi. 500 min əhalisi olan bu ölkəni hamı “cırtdan” kimi tanısa da, sanki bu mərhələdə futbol üzrə dünyanın ən güclü kollektivlərindən biri döyüşürdü. Təsadüfi deyil ki, son dünya çempionu bu oyunda “öldü-dirildi” və çətinliklə olsa da, rəqibini müqavimətini əlavə vaxtda-düz 111-ci dəqiqədə qıraraq 3:2 hesablı qələbə əldə etdi. 1/8 finalda isə oyun daha dramatik keçdi. Hər kəs Messinin artıq turnirlə vidalaşdığını düşündüyü bir anda Argentina 2:0-dan geridönüş edərək, cəmi 12 dəqiqədə matçın taleyini həll etdi və Misiri 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə adladı. 1/4 finalda İsveçrə əlavə vaxtda 3:1 hesabı ilə keçildi.

WhatsApp Image 2026-07-15 at 14.04.50.jpeg (134 KB)

İngilislər isə L qrupundan mübarizəyə qoşuldu. Xorvatiya, Qana və Panama ilə mübarizədən uğurla çıxaraq pley-offa yüksəldi. 1/16 finalda İngiltərə də çox çətin anlar yaşadı. Amma Konqo Demokratik Respublikasını 2:1 hesabı ilə məğlub etməyi bacardı. 1/8 finalda meydan sahiblərindən Meksika üzərində dramatik oyunda 3:2 hesablı qələbə qazanıldı. 1/4 finalda isə turnirin ən sürpriz komandalarından Norveçi 2:1 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə əldə etdi.

Bütün bu nəticələrdən çıxış etsək, dünya futbolunun daha bir tarixi gecəyə hazırlaşdığını əminliklə söyləmək olar. Milyonlarla azarkeşin cavabını gözlədiyi bir sıra suallar həm də bu gecə meydanda cavabını tapacaq.

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR