Münhendə uzun sürən quraqlıq və su ehtiyatlarının azalması şəhər rəhbərliyini sərt məhdudiyyətlər tətbiq etməyə məcbur edib.
Musavat.com xəbər verir ki, yeni qaydalara əsasən, fərdi hovuzların və çimmək üçün nəzərdə tutulan digər su çənlərinin doldurulması qadağan edilib.
Hər gün saat 09:00-dan 19:00-dək bağların suvarılmasına icazə verilmir. Yalnız kənd təsərrüfatı sahələri bu qadağadan istisnadır. İdman meydançaları xaricində qazonların suvarılması, həmçinin xüsusi məntəqələrdən kənarda avtomobillərin yuyulması da qadağan olunub.
Məhdudiyyətlər ən azı avqustun 1-dək qüvvədə qalacaq. Quraqlıq davam edərsə, qadağaların müddəti uzadıla bilər.
Münhendə adi günlərdə 300–350 milyon litr su istehlak olunur. İyun ayında müşahidə edilən güclü istilər zamanı isə gündəlik su sərfiyyatı 400 milyon litri ötüb.
Şəhər rəhbərliyi iyunun sonunda bir neçə fəvvarəni söndürüb, bələdiyyə avtomobillərinin yuyulmasını və binaların fasadlarının təmizlənməsini dayandırıb. Sakinlərə sudan qənaətlə istifadə etmək çağırışı edilib.
Musavat.com






