İnsanlara hürriyət, millətlərə istiqlal!

Hamının getdiyi çimərlikdən REPORTAJ - VİDEO və FOTOLAR

1870 15.07.2026 20:16 Ölkə A A

Bakı Xəzər dənizinin sahilində yerləşsə də, sahilyanı ərazilərin böyük hissəsi özəlləşdirildiyi üçün pulsuz çimərliklərin sayı günü-gündən azalır.

Az sayda olan pulsuz çimərliklərdən biri Bilgəh kardioloji sanatoriyasının ərazisində yerləşir.

Musavat.com-un əməkdaşı sözügedən çimərlikdəki şəraiti yerində təftiş edib.

bilcim-2.jpeg (1.14 MB)

Bura avtomobillə gələnlər üçün parkinq mövcuddur. Qiymətlər isə belədir:

1 saata qədər pulsuz;

1-3 saat 4 AZN;

3-5 aaat 6 AZN;

5-7 saat 8 AZN;

7-24 saat 10 AZN.

bilcim-3.jpeg (1.16 MB)

Taksi ilə gəlməyi düşünsəniz, həm ayrı-ayrı taksi şirkətlərinim xidmətindən istifadə edə bilərsiniz, həm də "Koroğlu" metrostansiyasından el arasında “manatlıq” kimi bilinən taksilərdən istifadə etmək olar. Qiymət adambaşına 4 AZN-dir.

Çimərlik ərazisi kifayət qədər genişdir. Oturmaq üçün masalar və oturacaqlar var. Qapalı köşklər də çoxdur. Geyinmə-soyunma kabinləri də var. Bəzi “şlaqbamlu” çimərliklərdə olduğu kimi, əlavə 1-2 manat ödəniş tələb olunmur.

Sahili qumludur. Təmizlik tam ürəkaçan olmasa da, bir neçə saatlıq istirahətdə məcburən dözmək olar. Hərçənd, müşahidə etdiyim qədər ərazidə təmizliyin qorunmasına çalışırlar. Əgər qumda deyil, jezlonqda uzanmaq istəsəniz, kirayəsi 10 AZN-dir. Əgər köşklərdə əyləşsəniz, jezlonqu 5 manata təklif edirlər.
Son illərdə dənizdə boğulma halları çoxaldığı üçün istirahətə gedənlər həm də təhlükəsizliyə diqqət edirlər. Bu ərazidə xilasedicilər çox diqqətli və məsuliyyətlidirlər. Hava küləkli, dəniz dalğalı olduğu üçün FHN xilasediciləri dənizdə olan hər kəsə bir-bir yaxınlaşıb, sahilə yaxın çimməyi tövsiyə edirdi. Hər kəsi təhlükəsiz məsafəyə yönləndirdikdən sonra da elan olunur ki, sahilə yaxın ərazidə olsunlar.

bilcim-1.jpeg (638 KB)

Xilasedici istirahət edənlərin onun çağırışlarına məhəl qoymamasından gileylənir: “Sonra da deyirlər, adamlar boğulur…Bayaqdan deyirəm ki, sahilə yaxın yerə çəkilin. Eşidən, məhəl qoyan azdır…”

Ərazidə kafe və restoranlar da var. Uyğun qiymətə müxtəlif çeşiddə təamlar təklif olunur.

Bir sözlə, Bilgəhdəki bu ictimai çimərlik dəbdəbəli xidmətlər axtaranlar üçün deyil. Ancaq əlavə giriş haqqı ödəmədən dənizdən zövq almaq istəyənlər üçün hələ də Bakının ən əlçatan məkanlarından biri hesab oluna bilər.

Nigar Həsənli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR