İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Azərbaycandan əl çəkmir - bitməyən qərəzin ilginc səbəbi

2371 23.12.2023 12:00 Siyasət A A

Politoloq: “İran XİN-ə bağlı saytdakı yazı ilə bir daha aydın olur ki, Ermənistanın sülh müqaviləsini imzalamasına mane olanlar arasında Tehran da var”

Azərbaycana qarşı təxribatçı mövqeyi ilə tanınan iranlı politoloq Ehsan Mövəhhedian Azərbaycan və Ermənistan arasında sülh prosesi ilə bağlı “fikirlərini” qələmə alıb. Bəlkə də buna diqqət verməmək də olardı. Ancaq maraqlıdır ki, onun “təhlili” İran Xarici İşlər Nazirliyinin “Diplomasi İrani” (İran Diplomacy) analitik portalında yerləşdirilib. Yəni belə qənaət hasil olur ki, bu həm də İran XİN-in mövqeyidir.

“Yeni Müsavat” Axar.az-a istinadla təxribatçı məqalənin özətini təqdim edir: 

“Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqları, münaqişələrə və tərəflərin ziddiyyətli bəyanatlarına baxmayaraq, elə bir vəziyyətə gəlib ki, Azərbaycan Ermənistandan İrəvanın gələcəkdə Bakıdan qisas almayacağına dair təminat axtarır. Amma sual olunur ki, Azərbaycan ”qisas" dedikdə nəyi nəzərdə tutur?

Azərbaycan Prezidenti İlham Əliyevin hökumətinin məqsədi, ilk növbədə təminat əldə etməkdir ki, erməni tərəfi Ermənistan Respublikasının itirilmiş dövlət və hərbi komponentlərini operativ şəkildə bərpa etmək ambisiyasına malik olmasın. Bakı bilir ki, ermənilər Ermənistanın suveren ərazilərinin itirilməsi (? - red.), ermənilərin etnik təmizlənməsi (? - red.), “Artsax xalqı”nın (? - red.) deportasiyası və Artsaxın Bakı tərəfindən işğalı (? - red.) ilə heç vaxt barışmayacaqlar. Bu narahatlığı aradan qaldırmaq üçün Bakı, görünür, Ermənistanın “qisas alması”nın qarşısını almaq üçün təminat məqsədilə mümkün sülh sənədinə aşağıdakı bəndləri daxil etmək niyyətindədir:

Bütün “Artsax”ın işğalı (? - red.) və Ermənistan Respublikasının (işğal edilən) hazırkı suveren ərazilərinin “Bakı hökuməti”nin (? - red.) ərazisinə verilməsi haqqında yazılı və sənədləşdirilmiş razılaşma;

Ermənistanı Gürcüstan və İranla birləşdirən əsas logistik yolların suverenliyinə nəzarət. Bu məqsədlə Naxçıvan sərhədinə yaxın Tiqranaşen (Kərki kəndini nəzərdə tutur - red.) və Gürcüstan yaxınlığındakı Tavuş bölgəsində kəndlərinin işğalı gündəmdədir;

Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin kəskin ixtisar edilməsi və Bakının Ermənistan silahlı qüvvələrinin sayına, eləcə də silahların kəmiyyət və keyfiyyətinə nəzarət etmək hüququnun təmin edilməsi;

Əliyev hökuməti tərəfindən yüz minlərlə və daha çox bakılının (? - red.) Ermənistanın əsas rayon və şəhərlərinə köçürülməsi;

Ermənistanın ərazi bütövlüyünün nominal tanınmasına baxmayaraq, Türkiyə və Bakının Ermənistanın cənub hissəsi və ya qondarma “Zəngəzur dəhlizi” üzərində ikitərəfli nəzarətinin asanlaşdırılması; yəni Ermənistan hökumətinin bu dəhliz üzərində suverenliyi hüququ olmasın, nəticədə Ermənistanın cənub hissəsi bu ölkədən ayrılsın;

Artsax Respublikasını (? - red.), 1915-ci ildə Osmanlı İmperiyasında “erməni soyqırımı” ilə bağlı bölmələri və “Qərbi Ermənistan” ifadəsini çıxarmaqla Ermənistanın Konstitusiyasına və Müstəqillik Bəyannaməsinə dəyişiklik edilməsi, Ermənistanın gerbində erməni kimlik rəmzi Ağrı dağının təsvirinin çıxarılması ilə düzəliş edilməsi.

Bu müddəalar əslində Bakının Ermənistandan tələb etdiyi sülhün qiymətidir. Ola bilsin ki, Ermənistanın Baş naziri Nikol Paşinyan hərtərəfli təzyiqin tətbiqi ilə İrəvanla Bakı arasında mümkün sülh sazişini imzalasın və yuxarıda qeyd olunan bəndlər imzalanacaq məxfi protokollara salınsın. Ermənistan hakimiyyətinin Bakıya hansı təminatlar verdiyini göstərməyən saziş dərc olunacaq və ya heç olmasa sülh müqaviləsinin bəzi müddəaları gizli saxlanılacaq. Odur ki, İran İslam Respublikası bu qondarma sülh danışıqlarına qarşı sayıqlığını maksimum dərəcədə artırmalı, qeyri-münasib müddəaların, xüsusən də yuxarıda qeyd olunan 2 və 5-ci bəndlərin İrəvanın üzərinə qoyulmasının qarşısını almaq üçün mümkün razılaşmanın müddəalarını almalı və öyrənməlidir".

Məqalədə istifadə olunan “terminlər”, hadisələrin təhrifi, Azərbaycanın işğalçı kimi göstərilməsi, Azərbaycan hakimiyyətinin “Bakı hakimiyyəti”, qaçqın azərbaycanlıların “bakılılar” adlandırılması, “artsax xalqı” ifadəsi, keçmiş, qondarma və özünü buraxan qurumdan “respublika” kimi danışılması, Azərbaycanın xəritələrdə təsbit edilən, hər kəsin qəbul etdiyi, Ermənistanın özünün belə 29,8 min kv.km-ə daxil olmadığını etiraf etdiyi 8 kəndinin - eksklavının geri tələb edilməsinin “Ermənistanın işğalı” adlandırılması, Ermənistanın Türkiyəyə ərazi iddiasının əks olunduğu rəmzlərin “erməni kimliyi” olaraq göstərilməsi və s. bu məqalənin yalnızca erməni mövqeyindən yazıldığını göstərmir, həm də İranın Ermənistanı Azərbaycana qarşı təhrik etməsinin nümayişidir. Əks halda İran XİN-in saytında belə bir məqalənin dərci mümkün olmazdı. Eyni zamanda, bu məqalə sözsüz ki, Ermənistan ictimai rəyində Ermənistan hakimiyyətinə təzyiq formalaşdırmaq və sülhü pozmaq məqsədi daşıyır.

Bəs İran nə vaxtadək odla oynayacaq? Azərbaycandan niyə əl çəkmir? Tehran rəsmiləri bir yandan ölkəmizlə isti əlaqələrin vacibliyindən danışır, terror aktından sonra səfirimizin İrana geri qayıdışını istəyirlər, digər tərəfdən də belə gerçəkdən uzaq təxribatlara rəsmi şəkildə rəvac verirlər - onları önləmək əvəzinə. Məqsəd-məram nədir? Rəsmi Bakı belə cızma-qaraya reaksiya verməlidirmi? 

Deputatdan böyrək, qaraciyər satanlarla bağlı MÜRACİƏT

Oqtay Qasımov

Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, belə bir yazının İran Xarici İşlər Nazirliyinə bağlı portalda yer almasının özü kifayət qədər ciddi məsələdir: “Çünki qeyd etdiyimiz kimi, İran Azərbaycan dövlətinin mövcudluğunu uzun illərdir özünə təhdid hesab edir və onun güclənməsini istəmir. Baxmayaraq ki, məcburən son dövrlər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəklədiklərini ifadə edirlər, amma İran bunlarla bərabər öz ərazisindən Ermənistanın silahllandırılması üçün şərait yaradır. Belə ki, Hindistandan Ermənistana göndərilən silah, sursat, hərbi texnika və raket sistemləri məhz İran ərazisindən daşınmaqdadır. Bu da İranın bölgədə məsələlərə münasibətini ortaya qoymaqdadır. Yəni bütün hallarda İranın bu davranışları bir daha onu göstərir ki, İranla Azərbaycan arasında münasibətlərin qaydaya düşməsi üçün xeyli mürəkkəb problemlər var və Tehran heç də məsələlərin həllində maraqlı deyil. Biz də öz siyasətimizdə İranın bu riyakar davranışlarını nəzərə almalıyıq və siyasətimizi də ona görə müəyyənləşdirməliyik. Yəni İran Xarici İşlər Nazirliyinə bağlı saytda Azərbaycana qarşı olan o cür yazının getməsi əslində İranın özünün rəsmi mövqeyi kimi də dəyərləndirilə bilər. Biz İran rejiminin və diplomatiyasının əsl mahiyyətini bilirik. Məhz həmin yazını hansısa bir ekspert adından yazdıraraq sonradan guya bunun İranın rəsmi dövlət mövqeyi olmadığını bəyan etməsinə imkan yaratmaq üçün belə bir addıma gedilib. Lakin biz dəqiq bilirik ki, o yazı İranın rəsmi mövqeyidir. Xüsusilə də 2-ci və 5-ci bəndlər. Bu bəndlərdə yazılır ki, həm Kərki, həm də Yuxarı Əksipara kəndlərindən Ermənistanın xarici aləmlə əlaqəsini yaradan beynəlxalq avtomobil yollarının keçməsi kifayət qədər ciddi məsələdir. Dəfələrlə də qeyd olunub ki, Ermənistan məhz bu səbəbdən mümkün qədər anklavlar məsələsinin həllini yubatmağa çalışır. Amma bütün hallarda Ermənistan Azərbaycanın irəli sürdüyü sülh təkliflərini və tələbləri qəbul etməlidir. Bu olmayacağı halda bölgədə gərginlik qalacaq və o yazı ilə bir daha aydın olur ki, Ermənistanın sülh müqaviləsini imzalamasına mane olan dövlətlər arasında İran var”.

Politoloq qeyd etdi ki, İran heç də son dövrlər verilən bəyanatlara baxmayaraq Azərbaycana olan münasibətini dəyişməyib: “Əslində İran elə bir siyasət apardı ki, Ermənistanı təşviş içərisində saxlayaraq Zəngəzur dəhlizinə paralel alternativ yolun öz ərazisindən çəkilməsinə nail oldu. Bununla Tehran hesab edir ki, bu yol üzərində nəzarəti saxlamaqla Türkiyə və Azərbaycan üzərində təsir mexanizmlərini saxlaya bilər: ”Amma Azərbaycan İrandan alternativ yolun çəkilməsi ilə bərabər 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq Zəngəzur dəhlizinin də açılmasını istəyir və bu dəhliz açılacaq. Çünki əgər bu yol açılmayacaqsa Ermənistan blokadada qalmaqla ağır vəziyyətinin daha da ağırlaşdıracaq. Yəni Azərbaycan və İran arasında münasibətlər bütün hallarda İranın Azərbaycana baxışı həqiqətən dəyişməyincə istənilən səviyyədə qaydaya düşməyəcək. Bütün hallarda hesab etmirəm ki, məlum yazıya görə Azərbaycan Xarici İşlə Nazirliyi rəsmi açıqlama versin. Sadəcə olaraq İran səfiri ilə bu məsələni müzakirə edib Azərbaycanın narazılığını və narahatlığını diqqətə çatdırmaq lazımdır".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR