Ukrayna dronlarının Rusiyanın “Wildberries” və “Ozon” şirkətlərinin anbarlarına qədər çatması ölkə iqtisadiyyatı üçün yeni təhlükə yaradıb. Neft sənayesinə vurulan ciddi zərbələrdən sonra Ukraynanın növbəti hədəfinin Rusiyanın sürətlə böyüyən onlayn ticarət və logistika sektoru ola biləcəyi bildirilir.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, “Novaya qazeta Yevropa” Rusiyanın elektron ticarət sektorunun son illərdə qazandığı iqtisadi əhəmiyyəti və Ukrayna hücumlarının bu sahə üçün yarada biləcəyi nəticələri araşdırıb.
Nəşr yazır ki, pandemiyadan sonra Rusiyada elektron ticarətin həcmi 6–7 dəfə artıb. Sektorun ölkənin ümumi daxili məhsulundakı payı 1,9 faizdən 5–6 faizə yüksəlib. Bütün ölkə üzrə yüz minlərlə sifariş təhvil məntəqəsi fəaliyyətə başlayıb.
Bu sürətli inkişaf fonunda “Wildberries” və “Ozon” Rusiyanın müxtəlif bölgələrində ümumi sahəsi 10 milyon kvadratmetrdən çox olan nəhəng anbar şəbəkəsi qurublar.
Məhz bu miqyas elektron ticarət logistikasını Ukrayna dronları üçün yeni hədəfə çevirə bilər.
Ekspertlərin fikrincə, hazırda geniş anbar şəbəkəsi ayrı-ayrı obyektlərin sıradan çıxmasının nəticələrini kompensasiya etməyə imkan verir. Lakin belə hücumların sistemli xarakter alması marketpleyslərin fəaliyyətində ciddi problemlər yarada bilər.
Bunun Rusiya üçün başqa bir hərbi nəticəsi də ola bilər. Moskva hava hücumundan müdafiə sistemlərini artıq yalnız hərbi obyektlərin, neft bazalarının və enerji infrastrukturunun deyil, ölkə ərazisinə səpələnmiş iri mülki logistika mərkəzlərinin müdafiəsi üçün də bölüşdürmək məcburiyyətində qala bilər.
“Novaya qazeta Yevropa” diqqəti “Wildberries” və “Ozon” ətrafında dron hücumlarından xeyli əvvəl başlayan böyük maraqlar savaşına da yönəldir.
Nəşrin məlumatına görə, “Ozon” uğrunda Yuri Kovalçukla əlaqələndirilən strukturlar mübarizə aparıb. “Wildberries” ətrafında isə Ramzan Kadırov və milyarder Süleyman Kərimov arasında böyük qarşıdurma yaşanıb.
“Novaya qazeta Yevropa”nın araşdırmasına əsasən, həmin qarşıdurma nəticəsində Kadırova təxminən 2 milyard dollar ödənilib.
Maraqlıdır ki, “Wildberries” anbarlarında baş verən yanğınlarda məhv olmuş malların ümumi dəyərini satıcılar da təxminən 2 milyard dollar qiymətləndirirlər. Lakin onların sözlərinə görə, şirkət həmin itkiləri kompensasiya etməyə tələsmir.
Beləliklə, Ukrayna zərbələrinin Rusiyanın onlayn ticarət infrastrukturu üzərində sistemli xarakter alacağı təqdirdə söhbət artıq ayrı-ayrı anbarların məhv edilməsindən deyil, ölkə ÜDM-nin təxminən 5–6 faizini formalaşdıran nəhəng sektorun fəaliyyətinə təsirdən gedə bilər.
Musavat.com






