İnsanlara hürriyət, millətlərə istiqlal!

Ermənistanda biabırçılıq: müstəntiq sübut kimi götürdüyü pulu oğurlayıb

211 23.07.2026 20:54 Dünya A A

Ermənistan İstintaq Komitəsində pul oğurluğu ilə bağlı növbəti qalmaqal yaşanıb. Bu dəfə komitənin müstəntiqi cinayət işi üzrə axtarış zamanı maddi sübut kimi götürdüyü pulları mənimsəməkdə ittiham olunur.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə yerli "Hraparak" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, İstintaq Komitəsinin müstəntiqi Vazgen Abqaryan cinayət işi çərçivəsində keçirdiyi axtarış zamanı 500 dollar və 40 avronu maddi sübut kimi götürərək möhürləyib. Lakin sonradan həmin pulları oğurladığı iddia olunur.

İstintaqın versiyasına görə, Abqaryan oğurluğun üstünü örtmək üçün möhürlənmiş zərfin içərisinə oxşar məzmunlu başqa bir zərf yerləşdirib.

"Hraparak.am" yazır ki, sözügedən axtarış narkotik vasitələrin satışı ilə bağlı cinayət işi çərçivəsində təqsirləndirilən şəxsin evində aparılmışdı.

Hadisə iş məhkəməyə göndərildikdən sonra üzə çıxıb. Maddi sübutlar araşdırılarkən zahirən zədələnməmiş zərfin içərisində ikinci, cırılmış zərf aşkar edilib, pulların isə yerində olmadığı müəyyənləşib.

Bundan sonra Vazgen Abqaryana qarşı ittiham irəli sürülüb. O artıq İstintaq Komitəsində çalışmır. İşə Ermənistanın Antikorrupsiya Komitəsində baxılır. Keçmiş müstəntiq barəsində ölkəni tərk etməmək qətimkan tədbiri seçilib.

Sayt xatırladır ki, bu, Ermənistan İstintaq Komitəsində pulların yoxa çıxması ilə bağlı ilk qalmaqal deyil.

2025-ci ildə saxta müstəntiq vəsiqəsi olan şəxs İstintaq Komitəsinin İqtisadi Cinayətlərin və Qaçaqmalçılığın Araşdırılması Baş İdarəsinin binasına daxil olaraq 590 min dollar oğurlamışdı.

Xüsusilə diqqətçəkən məqam həmin şəxsin saxta buraxılış vəsiqəsi ilə iş vaxtında binaya daxil olması və bütün gecəni orada keçirməsi idi.

Həmin iş üzrə İstintaq Komitəsinin baş idarələrindən birinin rəisi vəzifəsini müvəqqəti icra edən Qor Tadevosyan və daha bir şəxs təqsirləndirilən qismində cəlb olunub. Antikorrupsiya Komitəsində ilkin istintaq davam edir.

Beləliklə, ötən il İstintaq Komitəsinin öz binasından 590 min dolların oğurlanmasından sonra bu dəfə komitənin müstəntiqinin maddi sübut kimi götürdüyü pulu mənimsəməkdə ittiham olunması qurum ətrafında yeni qalmaqal yaradıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR