Türkiyənin populyar bilik yarışması "Kim milyoner olmak ister"in son buraxılışı yadda qalan anlarla diqqət çəkib.
Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, yapon yarışmaçı Kohei Muranaganın aparıcı Oktay Kaynarcaya hörmət əlaməti olaraq studiyada yerə uzanması həm aparıcını, həm də tamaşaçıları heyrətə gətirib.
Yarışma zamanı "İcazə verin sizə hörmətimi göstərim, iki dəqiqə belə qalım" deyərək üzüstü yerə uzanan iştirakçıya Oktay Kaynarcanın reaksiyası gecikməyib.
Məşhur aparıcı təəccübünü gizlədə bilməyərək, "Qurban olum, ayağa qalx" deyə yarışmaçıya müraciət edib. Yaponiyadan gələn və türkləri çox sevdiyini deyən Muranaga, səmimiyyəti və enerjisi ilə studiyada gülüş dolu anlar yaşadıb.
Yarışmadan 5 min TL mükafatla ayrılan Kohei, bu təcrübənin onun üçün puldan daha dəyərli olduğunu vurğulayıb.
O, "Sizinlə tanış olmaq mənim üçün ən böyük mükafatdır" deyərək, studiyanı tərk edərkən yenidən yerə uzanıb və sürünərək geri qayıdıb. Sosial mediada viral olan bu görüntülər istifadəçilər tərəfindən maraqla qarşılanıb.
Musavat.com










