İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt müəllimləri sıradan çıxaracaq? – Osman Gündüz elə şeylər dedi ki...

484 15.07.2026 16:40 Təhsil A A

“Süni intellekt gələcəkdə bir çox sahələri tamamilə əvəz edə biləcək. Qarşıdakı illərdə bu, qaçılmaz prosesə çevriləcək. Lakin hazırda müzakirə etdiyimiz tədris və təhsil məsələsində süni intellekt müəyyən incə məqamları əvəzləsə də, müəllimi tamamilə əvəz etməsi hələ çox vaxt aparacaq”.

Musavat.com xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, burada əsas diqqət yetirilməli olan məqam başqadır: “Əminəm ki, gələcəkdə süni intellektdən effektiv şəkildə istifadə edə bilməyən müəllimlər sıradan çıxacaq və proseslərdən kənarda qalacaqlar. Bəzən bu texnologiyanın mənfi tərəfləri, gətirdiyi risklər və ehtiyatlı davranmağın vacibliyi barədə tezislər eşidirik. Mənə elə gəlir ki, süni intellektin bu tərəflərini, onun hüquqi tənzimlənməsi məsələlərini və mövcud riskləri daha böyük, daha güclü dövlətlər müzakirə etməlidir. Hazırkı məqamda bizim qarşımızda duran bir nömrəli vəzifə isə fərqlidir - bizim uşaqlarımız bu texnologiyadan nə dərəcədə effektiv istifadə edə biləcəklər? Məktəbimiz və təhsil sistemimiz bundan necə faydalanacaq?

Biz diqqəti bu suallara yönəltməliyik. Çünki uşaqlarımız və gənclərimiz bu imkanlardan yararlana bilməsələr, qonşu ölkələrlə müqayisədə daha zəif mövqedə qalacağıq. Bu isə birbaşa Azərbaycanın gələcək rəqabətə davamlılığına mənfi təsir göstərəcək. Ona görə də indiki mərhələdə süni intellektin risklərini qabartmaqdansa, ondan necə faydalana biləcəyimizi, bu sahədə bilik və bacarıqları necə artıracağımızı və texnologiyanı tədrisə necə effektiv tətbiq edəcəyimizi gündəmə gətirməliyik”.

O. Gündüz məktəblərin rəqəmsallaşdırılmasından da danışıb: “İndiki dövrdə altı şagirdə bir kompüterin düşməsi əslində pis göstərici deyil. Hətta Avropa və dünyanın digər inkişaf etmiş ölkələrinə nəzər salsaq, bəzi yerlərdə vəziyyətin bundan daha acınacaqlı olduğunu görərik. Ona görə də bu göstəricini o qədər də qorxulu hesab etmək olmaz. Nəzəri olaraq nisbət altının birə olsa da, məktəblərimizin əksəriyyətində kompüterləşdirilmiş xüsusi sinif otaqları və laboratoriyalar fəaliyyət göstərir.

Burada əsas məsələ mövcud kompüterlərin sayından çox, həmin sinif otaqlarından və laboratoriyalardan nə dərəcədə effektiv istifadə olunmasıdır. Bu otaqlar qapalı saxlanılır, yoxsa uşaqların onlardan sərbəst və səmərəli istifadəsinə şərait yaradılır? Bax, əsas bunu araşdırmaq lazımdır.

Bu gün məktəblərimizin 63%-nin genişzolaqlı internetlə təmin olunması, faktiki olaraq şagirdlərin 82%-nin internetə çıxışının olması deməkdir ki, bu da olduqca müsbət göstəricidir. İndi bizim üzərimizə düşən əsas iş bu texnologiyalardan, kompüter və internet imkanlarından, süni intellektdən və elektron tədris resurslarından dərslərdə nə dərəcədə düzgün istifadə edildiyini monitorinq etmək və üzə çıxarmaqdır. Hesab edirəm ki, bu mövzu jurnalistlər üçün də bir nömrəli araşdırma obyekti olmalıdır. Əlbəttə, növbəti mərhələlərdə məktəblərdə kompüter parkının daha da yenilənməsi, genişləndirilməsi və hər şagirdə düşən kompüter sayının optimallaşdırılması olduqca vacibdir”.

Şahanə Rəhimli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR