Azərbaycan İstiqlal Muzeyində 15 İyul - Demokratiya və Milli Birlik Günü münasibətilə tədbir keçirilib.
Musavat.com xəbər verir ki, 2016-cı ilin 15 iyulunda qardaş ölkədə baş vermiş qanlı dövlət çevrilişinə cəhd hadisələrinə həsr olunmuş tədbir Türkiyənin Azərbaycandakı səfirliyinin əsas təşkilatçılığı ilə reallaşıb.
Tədbirdə Türkiyənin və Şimali Kipr Türk Cümhuriyyətinin səfirləri, diplomatlar, Milli Məclisin deputatları, vətəndaş cəmiyyəti nümayəndələri, media təmsilçiləri, ziyalılar iştirak edib.
Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən, Azərbaycanın Dövlət Himni və Türkiyənin İstiqlal Marşı səsləndikdən sonra ilk olaraq Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış edib.

Qonaqları səmimiyyətlə salamlayan qardaş ölkənin böyükelçisi bildirib:
“2016-cı il iyulun 15-nə keçən gecə dövlətimizin ən həssas qurumlarına sızan xain bir təşkilat konstitusiya quruluşunu devirməyə və ölkəmizi xaosa sürükləməyə cəhd göstərdi. Özünü təhsil, din və ya vətəndaş cəmiyyəti adı altında gizlədən bu beynəlxalq cinayət təşkilatı təkcə Türkiyə yox, fəaliyyət göstərdiyi bütün ölkələr üçün ciddi milli təhlükəsizlik təhdididir”.
Diplomat bu çirkin planın başında dayananlardan və icraçılardan bəhs edib. Bildirib ki, FETÖ təkcə təbliğatla deyil, həm də məkrli planlar, aldatma və casusluq üsulları ilə fəaliyyət göstərən təhlükəli bir təşkilatdır:
“Unudulmamalıdır ki, bu qurumun yeganə hədəfi Türkiyə deyil. Onlar xüsusilə xaricdə dost görkəmi altında aramıza sızmağa, nüfuz qazanmağa və çirkli məqsədlərinə xidmət edən fəaliyyətlərini davam etdirməyə çalışırlar. Buna görə də hamımız hər zaman ayıq-sayıq olmağa borcluyuq”.

Diplomat qeyd edib ki, Türkiyə Respublikası beynəlxalq hüquqdan irəli gələn hüquqlarına əsaslanaraq, dövlət və millət birliyi ilə bu məkrli terror təşkilatına qarşı ölkə daxilində və xaricdə apardığı uzunmüddətli mübarizəni qətiyyətlə davam etdirəcək:
“Xaricdə fəaliyyət göstərən nümayəndələr olaraq biz də bu təhlükəni bütün dünyaya anlatmağa davam edəcəyik. 15 İyul qəhrəmanları canları bahasına göstərdilər ki, türk milləti öz müstəqilliyinə qəsd edən daxili və xarici hər hansı cəhd qarşısında əsla təslim olmayacaq. Bu əlamətdar gündə demokratiya və müstəqillik uğrunda mübarizə aparan əziz millətimizin hər bir nümayəndəsinə səmimi minnətdarlığımı bildirir, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlam və uzun ömür arzulayıram”.
Birol Akgün bildirib ki, bütün çətinliklərə rəğmən, 15 İyul prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə demokratiyanın, milli iradənin və müstəqilliyinə vurğun bir xalqın şanlı qələbəsidir.
Səfir tədbirdə 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinə qarşı nümayiş etdirdiyi qətiyyətli dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edib.
Birol Akgün qeyd edib ki, çevriliş cəhdini ilk andan etibarən ən sərt şəkildə pisləyən və Türkiyənin yanında yer alan qardaş Azərbaycan xalqına və dövlətinə minnətdardırlar:
“Həmin qaranlıq gecədə nümayiş etdirdikləri mövqe və daha sonra qurumlar arasında ən yüksək səviyyədə əməkdaşlıq göstərərək “Bir millət, iki dövlət” şüarını bir daha möhkəmləndirən bütün Azərbaycan rəsmilərinə təşəkkürümüzü bildiririk”.
Deputat, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edərək, 15 İyul hadisələrinin Türkiyə dövlətçiliyinin və xalq iradəsinin təntənəsi kimi tarixə düşdüyünü vurğulayıb.

Azərbaycan və Türkiyə liderlərinin birlik və müttəfiqlik yolunda əzmkar mövqelərini, Türkiyə-Azərbaycan qardaşlığının sarsılmazlığını xüsusi qeyd edən Ə.Əmiraslanov deyib ki, Azərbaycan nümayəndə heyəti iki gün sonra Şimali Kiprin Müstəqillik Günü mərasimində iştirak edəcək:
“Azərbaycan Türkiyə kimi Şimali Kiprlə də münasibətlərini daim inkişaf etdirir”.
Ankara Hacı Bayram Vəli Universitetinin professoru Zakir Avşar 15 İyul – Demokratiya və Milli Birlik Gününün 10-cu ildönümü münasibətilə keçirilən anım tədbirində məruzə ilə çıxış edib. Bildirib ki, 15 İyul Türkiyə üçün son dərəcə mühüm tarixdir. Həmin gün Türkiyə xalqı təkcə dövlət çevrilişinə cəhdin qarşısını almayıb, eyni zamanda ölkənin gələcəyini yenidən müəyyənləşdirib.

Zakir Avşar Azərbaycanın 15 İyul hadisələri zamanı Türkiyəyə göstərdiyi dəstəyin xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. O, Azərbaycan xalqının və Prezident İlham Əliyevin Türkiyənin yanında olmasının onlar üçün çox vacib olduğunu xüsusi vurğulayıb.

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini, politoloq Nazim Cəfərsoy 15 İyul hadisələri zamanı Türkiyədə olduğunu və həmin dəhşətlərə şahidlik etdiyini söyləyib. Həmçinin baş verənlərlə bağlı fikirlərini çatdırıb.
Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin sədri Burhanəddin Duranın 15 İyul - Türkiyədə Demokratiya və Birlik Günü münasibətilə keçirilən tədbirdə qonaqlara videomüraciəti də təqdim olunub.

“Türkiyə suverenliyini və müstəqilliyini təhdid edən istənilən təhlükəyə qarşı mübarizə aparacaq gücə malikdir”, - deyən Türkiyə rəsmisi bildirib ki, bu gün Türkiyənin beynəlxalq səviyyədə ekstradisiyasını tələb etdiyi FETÖ üzvləri müxtəlif ölkələrdə fəaliyyət göstərməkdə və təəssüf ki, müəyyən dairələr tərəfindən dəstəklənməkdədir:
“Türkiyənin dostu olan və bu dostluğu qarşılıqlı hörmət və etimad əsasında inkişaf etdirmək istəyən bütün ölkələrə çağırışımız budur: Xalqımızın suverenliyini və demokratiyamızı hədəfə alan bu cür terror şəbəkələrinə qarşı dostlarımızın yanımızda olmasını və dostluğun tələb etdiyi həmrəylik ruhu ilə hərəkət etməsini gözləyirik. Çünki FETÖ təkcə Türkiyənin milli təhlükəsizliyi ilə bağlı problem deyil. Bu təşkilat fəaliyyət göstərdiyi hər bir ölkə üçün açıq təhlükə mənbəyidir”.

Sonda şəhidlərin ruhuna dualar oxunub, foyedəki sərgi ilə tanışlıq olub.


Elşad Paşasoy,
Musavat.com






