Rusiyada anadan olmuş, Çikaqoda yaşayan özəl kapital investoru Konstantin Sokolov, Mərkəzi Asiyada ticarət dəhlizinin inkişafı üçün 200 milyon dollardan çox xərclərə nəzarət edəcək ABŞ Dövlət Departamentinin yeni vençur kapital fondunun prezidenti təyin edilib.
Musavat.com "Quardian" nəşrinə istinadən yazır ki, vəsait nəqliyyat, enerji infrastrukturu və vacib mineral ehtiyatlarına investisiya qoymaq üçün istifadə olunacaq. Dövlət Departamenti onun təyinatını təsdiqləyib.

Sokolov prezident Donald Trampın sözlərinə görə, Ağ Evin "bal salonu" tikinti layihəsinə 350 milyon dollardan çox ianə edən 36 donordan (o cümlədən 21 korporasiya, 15 fərd və ailə fondu) biridir.
Erməni nəşri Nyus.am isə bildirir ki, “Public Citizen” tərəfindən aparılan bir araşdırmaya görə, korporativ donorların üçdə ikisi sonradan dövlət müqavilələri alıb və bir neçə özəl donor yüksək səviyyəli məsləhət və ya dövlət vəzifələrinə təyin edilib. Bunlara "bal salonu" layihəsinə ianə etdikdən sonra ABŞ-ın İspaniyadakı səfiri olmuş səhiyyə maqnatı Benjamin Leon Jr. və şirkəti üçün vergi güzəştləri təmin edən və Trampın enerji siyasətinin formalaşmasına kömək edən 80 yaşlı Oklahoma neft icraçısı Harold Ham daxildir.
Sokolov "bal zalı" layihəsinin dövlət vəzifəsi alan sonuncu donoru olub. Onun ianəsinin məbləği açıqlanmayıb. O, əvvəllər heç vaxt dövlət vəzifəsi tutmayıb.
Kampaniya maliyyələşdirmə qeydlərinə görə, Trampın ikinci müddətində Konstantin Sokolov respublikaçıların kampaniyalarına və siyasi təşkilatlarına 12 milyon dollardan çox, o cümlədən prezident “Super PAC MAGA Inc.”-ə 11 milyon dollar və respublikaçıların Milli Komitəsinə 443.000 dollar bağışlayıb. O, əvvəllər sabiq prezident Barak Obamaya təvazökar bir donor olub və 2008-ci il kampaniyasına 3600 dollar bağışlayıb.
Sokolov "Quardian" qəzetinə müsahibə verməkdən imtina edbi və təyinatı ilə bağlı sualları cavablandırmayıb. Ağ Ev bütün sualları Dövlət Departamentinə yönləndirib.
Təsisçisi və prezidenti Sokolov olan “Tripp+ Enterprises” fondu adını Ermənistan və Azərbaycandan keçən 27 mil (təxminən 43 km) uzunluğunda ticarət dəhlizi olan “Tramp yolu” layihəsindən götürüb.
Dövlət Departamentinin nümayəndəsi 201 milyon dollarlıq fondun Ermənistan, Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan da daxil olmaqla Cənubi Qafqaz və Orta Asiyada strateji özəl sektorun inkişafını təşviq etmək üçün kreditlər, səhm investisiyaları və qrantlar vermək səlahiyyətinə malik olduğunu açıqlayıb.
ABŞ vitse-prezidenti Cey Di Vens fevralda İrəvana səfəri zamanı “Tripp+” fondunu "tarixi transformasiyanın" bir hissəsi adlandırıb və bu transformasiya ticarət, tranzit və enerji axınlarının tamamilə yeni bir dünyasını açacaq.
ABŞ dövlət katibi Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın sonlarında iqtisadi və təhlükəsizlik məsələləri üzrə TRİPP sazişini imzalayanda Mirzoyan jurnalistlərə bildirib ki, tərəflər "ermənilərin pul qazanmasına və çiçəklənməsinə, amerikalıların isə eyni şeyi etməsinə imkan verəcək iqtisadi əməkdaşlığın təməlini qoyurlar".
Sokolovun, yoxsa ABŞ-ın fondun fəaliyyətindən faydalanıb-faydalanmayacağı və onun gördüyü işə görə mükafat alıb-almayacağı hələ də məlum deyil. Qeyd olunur ki, Konstantin Sokolov Ermənistanın ən böyük telekommunikasiya şirkəti olan “Viva Armenia”-nın əsas səhmdarlarından biridir, Avropa ilə Afrika arasında təmiz enerji və fiber-optik sualtı kabel layihəsini həyata keçirən “Northern Pillar Energy Consortium”-da rəhbər vəzifələr tutur.

Bundan əlavə, Sokolov gələcəyin enerji və telekommunikasiya sektorlarında ixtisaslaşmış Çikaqoda yerləşən “IJS Investments” investisiya firmasının, eləcə də maliyyə xidmətləri, enerji və qlobal daşınmaz əmlak sektorlarında fəaliyyət göstərən İsveçrə investisiya firması “Gotthard Investment AG”-nin təsisçisidir.
Ötən ilin avqust ayında Ağ Evin vasitəçiliyi ilə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalandıqdan sonra Tramp administrasiyası Ermənistanla münasibətləri dərinləşdirmək üçün artıq görünməmiş addımlar atıb. ABŞ Ermənistanın nüvə enerjisinin inkişafı üçün 9 milyard dollar ayırıb, eləcə də Ermənistan hökumətinə 11 milyon dollar dəyərində ABŞ kəşfiyyat dronları satıb ki, bu da həmin ölkəyə Amerika hərbi texnologiyasının ilk tədarükü olub.
Emil Salamoğlu
Musavat.com






