Türkiyədə "AHBAP" dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan müğənni Haluk Levent polisə ifadə verib.
Musavat.com xəbər verir ki, “Sabah” qəzetinin yaydığı məlumata görə, Levent öz adına bank hesabının olmadığını, konsert gəlirlərinin köməkçisi Yeliz Kaya və digər şəxslərin adına açılmış hesablara köçürüldüyünü və həmin hesabları şəxsən özünün idarə etdiyini təsdiqləyib.
Levent bildirib ki, "AHBAP" dərnəyinin maliyyə məsələlərində əsas səlahiyyətli şəxs məhz özü olub. "Dərnəyin ilk iki ilində bütün maliyyəni özüm təmin etmişəm. Elazığ zəlzələsindən sonra ianələr gəlməyə başladı. Bank hesablarından pul çıxarmaq səlahiyyəti mənə məxsus idi. Maliyyə baxımından dərnəkdə yeganə səlahiyyətli şəxs idim", – deyə o bildirib.
Levent ifadəsində etiraf edib ki, bəzi hallarda "AHBAP"ın çek və veksellərini təminat (girov) kimi istifadə edib. "Haluk Levent olaraq nə özümü, nə ətrafımı, nə də işlərimi düzgün idarə edə bildim. "AHBAP"ın çek və veksellərini bəzi yerlərdə təminat kimi istifadə etmişəm. Böyük məbləğdə borclandım. Buna qanun pozuntusu deyə bilərsiniz, amma korrupsiya deyə bilməzsiniz", – deyə o bildirib.
Müğənni fond birjasında investisiya etməyi "pis zəifliyi" adlandırıb. "Birjada əməliyyat aparmaq kimi pis bir zəifliyim var. Zəlzələdən sonrakı iki ilin maliyyə yükü məni daha çox risk etməyə vadar etdi. Mən bu pulları borc alaraq istifadə etmişəm. Heç vaxt "AHBAP" Dərnəyinin vəsaitini birjada işlətməmişəm", – deyə Levent bildirib.
İfadəsində Yeliz Kayanın hesabına köçürülən 80 milyon lirənin özünə məxsus olduğunu iddia edən Levent bu vəsait hesabına hazırkı bazar dəyəri 150 milyon lirə olan 20 daşınmaz əmlakı "AHBAP" dərnəyinə verməyi planlaşdırdığını bildirib. O, həmçinin saxlanılmasının vaxtını da tənqid edib. Levent iddia edib ki, əgər əməliyyat bir neçə gün gec keçirilsəydi, həmin daşınmaz əmlakların dərnəyə verilməsi başa çatacaq və maliyyə ilə bağlı problem yaranmayacaqdı.
Qeyd edək ki, Haluk Levent "AHBAP" dərnəyi ilə bağlı istintaq çərçivəsində "Dərnəklər haqqında" qanunu pozma, cinayət yolu ilə əldə edilmiş vəsaitlərin leqallaşdırılması və cinayət təşkilatına üzvlük ittihamları ilə araşdırılır. Müğənni ittihamları qəbul etmir.
Musavat.com






