İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ “Zəngəzur yol”unu ona tapşırdı - Putinin yerlisi, yəhudi və...

1359 15.07.2026 16:00 Son xəbər A A

ABŞ Dövlət Departamenti tərəfindən Zəngəur dəhlizində həyata keçiriləcək tikinti işləri üçün yaradılan "Tripp+ Enterprise Fund" fonduna Rusiya əsilli amerikalı investor Konstantin Sokolov rəhbər təyin olunub.

Musavat.com onun haqda topladığı məlumatları təqdim edir.

Konstantin Sokolov ABŞ-da yaşayan sahibkar, investor və xeyriyyəçidir. O, telekommunikasiya, energetika, maliyyə xidmətləri və rəqəmsal infrastruktur sahələrində həyata keçirdiyi iri layihələrlə tanınır. Hazırda Çikaqoda yerləşən IJS “Investments” investisiya şirkətinin təsisçisi və rəhbəridir. Şirkət texnologiya, maliyyə və strateji infrastruktur layihələrinə investisiya yatırır.


Picture background

1975-ci ildə o vaxtkı Sovet İttifaqının Leninqrad (indiki Sankt-Peterburq) şəhərində anadan olan Sokolov yəhudi ailəsində böyüyüb. Anası ali məktəbdə çalışan alim olub və onun təhsilə marağının formalaşmasında mühüm rol oynayıb. Məktəb illərində riyaziyyat və informatika üzrə xüsusi istedad göstərən Sokolov hələ yeniyetmə yaşlarından tərcüməçi və proqramçı kimi çalışaraq ailəsinə maddi dəstək verib.

Ali təhsilini Sankt-Peterburq Dövlət Universitetində riyaziyyat və kompüter elmləri ixtisası üzrə magistr dərəcəsi alaraq başa vurub. 1997-ci ildə, 21 yaşında ABŞ-a köçüb və telekommunikasiya sektorunda peşəkar fəaliyyətə başlayıb. Daha sonra 2005-ci ildə Çikaqo Universitetinin “Booth” Biznes Məktəbində Executive MBA proqramını bitirib. O, bu təhsili həyatının ən uğurlu investisiyası adlandırır.

Karyerasının ilk mərhələsində ABŞ-ın iri telekommunikasiya şirkətlərindən biri olan “Qwest Communications” (hazırkı Lumen Technologies) şirkətində müəssisə arxitekturası üzrə direktor vəzifəsində çalışıb. Burada ABŞ hökuməti üçün telekommunikasiya infrastrukturunun modernləşdirilməsi layihələrində iştirak edib və yeni nəsil rabitə həllərinin hazırlanmasına töhfə verib. Sonradan Böyük Britaniyanın enerji nəhəngi Centrica PLC şirkətində strategiya, birləşmə və satınalmalar üzrə idarəedici direktor kimi fəaliyyət göstərərək enerji sektorunda iri layihələrin hazırlanmasına rəhbərlik edib.

Sonrakı illərdə Sokolov beynəlxalq investisiya fəaliyyətini genişləndirərək telekommunikasiya, enerji, daşınmaz əmlak və maliyyə sektorlarında fəaliyyət göstərən şirkətlərə rəhbərlik edib. O, İsveçrədə yerləşən “Gotthard Investment AG” investisiya şirkətinin də təsisçisidir. Bundan əlavə, Ermənistanın ən böyük mobil operatoru olan Viva şirkətinin əsas səhmdarlarından biridir və burada 5G şəbəkəsinin və bulud xidmətlərinin inkişafına yönəlmiş layihələrə rəhbərlik edir.


Picture background

Sokolov eyni zamanda “Northern Pillar Energy Consortium” təşkilatının sədri kimi Avropa ilə Afrikanı birləşdirən təmiz enerji və sualtı fiber-optik kabel layihələrinə rəhbərlik edir. O, həmçinin yeni nəsil məlumat emalı mərkəzlərinin yaradılması ilə məşğul olan “Pelagos Data Centres” layihəsinin sədridir.

Biznes fəaliyyəti ilə yanaşı, Sokolov beynəlxalq təhlükəsizlik və strateji məsələlər üzrə də müxtəlif qurumlarda təmsil olunur.

Sokolov təhsilin cəmiyyətin inkişafında əsas amillərdən biri olduğunu vurğulayır və xeyriyyəçilik fəaliyyətini əsasən elm, innovasiya və liderliyin inkişafına yönəldir. Onun sözlərinə görə, düzgün istiqamətləndirilmiş investisiyalar iqtisadi inkişafı sürətləndirə, innovasiyaları təşviq edə və cəmiyyətlərin daha dayanıqlı gələcəyini təmin edə bilər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR