İnsanlara hürriyət, millətlərə istiqlal!

Süni intellekt məktəbə GƏLİR – 2.5 milyon AZN-ə...

367 15.07.2026 15:55 Təhsil A A

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin elan etdiyi satınalmanın ehtimal olunan qiyməti 2 milyon 499 min 299 manatdır.

Tender sənədlərinə əsasən, bu çərçivədə üç əsas istiqamət üzrə xidmətlərin göstərilməsi nəzərdə tutulur: təhsil müəssisələri üçün süni intellekt əsaslı davamiyyət və giriş-çıxışa nəzarət platformasının hazırlanması; şagirdlər üçün adaptiv və fərdiləşdirilmiş öyrənmə; müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə platformasının yaradılması planlaşdırılır.

Bundan başqa, generativ süni intellekt əsaslı tədris köməkçisi platformasının genişləndirilməsi və təkmilləşdirilməsi də satınalma predmetinə daxildir.

Yeniliyin təhsilin keyfiyyətinə hansı müsbət təsirləri gözlənilir?

Elçin Əfəndi: “Fənn sayını azaltmaqla və dərs yükünü yüngülləşdirməklə  repetitorluğun qarşısını almaq olar” | tehsil365.news

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi Musavat.com-a danışıb.

Ekspert qeyd edib ki, adı çəkilən tender çərçivəsində əsasən nəzərdə tutulur ki, təhsil müəssisələrində süni intellekt əsaslı davamiyyət, giriş-çıxışa nəzarət sistemi quraşdırılsın: “Eyni zamanda, şagirdlər üçün təhsilin əlçatanlığı təmin edilsin, müəllimlər üçün isə avtomatlaşdırılmış qiymətləndirmə platforması yaradılsın. Avtomatlaşdırılmış qiymətləndirmə o deməkdir ki, şagirdin verdiyi cavablar müəyyən edilmiş meyarlar əsasında süni intellekt vasitəsilə qiymətləndiriləcək.

Bununla yanaşı, təhsil müəssisələrinə giriş-çıxış da artıq süni intellekt vasitəsilə yoxlanılacaq. Şagird dərsə daxil olan kimi sistem avtomatik şəkildə onun dərsdə iştirak etməsi barədə məlumatı qeydə alacaq. Bu məlumat valideynə, sinif rəhbərinə və ya məktəb rəhbərliyinə ötürülə bilər. Təbii ki, tenderi qazanan şirkət bütün bu texniki imkanların və məlumat mübadiləsinin təmin edilməsinə cavabdeh olacaq.

Burada nəzərdə tutulan digər mühüm məsələ ondan ibarətdir ki, şagirdlər müvafiq mövzular üzrə təqdim olunan məlumatları rəqəmsal alətlər vasitəsilə əldə edəcəklər. Bu, ağıllı lövhələr, planşetlər və digər müasir texnologiyalar vasitəsilə həyata keçirilə bilər. Məqsəd süni intellektin imkanlarından istifadə etməklə mövzuların daha dəqiq, dolğun və anlaşıqlı şəkildə şagirdlərə çatdırılmasını təmin etməkdir”.

Elçin Əfəndinin fikrincə, ümumilikdə bu cür yeniliklərə keçid mümkün olduğu təqdirdə, əlbəttə ki, təhsilin keyfiyyətinə müsbət təsir göstərə bilər: “Belə ki, şagirdlər bilik və bacarıqları daha çevik şəkildə mənimsəyə biləcək, onların qiymətləndirilməsi konkret və obyektiv meyarlar əsasında aparılacaq. Eyni zamanda, valideynlər də övladlarının davamiyyəti və təhsil prosesi ilə bağlı məlumatları operativ şəkildə əldə edə biləcəklər.

Elm və Təhsil Nazirliyi son dövrlərdə bu istiqamətdə ümumilikdə mütərəqqi qərarlar qəbul edir. Bildiyiniz kimi, "Rəqəmsal məktəb" layihəsi istifadəyə verilib, eyni zamanda, müəllimlərin informasiya-kommunikasiya texnologiyaları üzrə bilik və bacarıqlarının artırılması məqsədilə müxtəlif təlim və treninqlər təşkil olunur. Düşünürəm ki, həyata keçirilən bütün bu addımlar gələcəkdə təhsilin keyfiyyət göstəricilərinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək”.

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR