Artıq bir neçə gündür ki, aktyor Taleh Yüzbəyovun rol aldığı dondurma reklamı cəmiyyətdə geniş rezonans doğuraraq sosial şəbəkələrdə və ictimai müzakirələrdə əsas gündəm mövzularından birinə çevrilib.
Reklam çarxında estetik əməliyyat və kosmetoloji prosedurlar etdirən qadınların obrazı üzərindən qurulan yumor birmənalı qarşılanmayıb. İctimaiyyətin bir qismi bunu qadınların alçaldılması, ayrı-seçkilik və stereotiplərin təbliği kimi qiymətləndirərək sərt tənqid edib. Digər qisim isə müzakirələrin istiqamətini dəyişərək son illər estetik əməliyyat və prosedurların kütləvi hal almasının doğurduğu sosial problemlərə diqqət çəkib.
Mövzu ətrafında yaranan mübahisələrə tanınmış ictimai xadimlər, hüquqşünaslar və müxtəlif sahələrin nümayəndələri də münasibət bildiriblər.
Məsələ ilə bağlı hüquq elmləri doktoru Vüsalə Əhmədova Musavat.com-a açıqlamasında reklamın hüquqi və etik tərəflərinə münasibətini bölüşüb:
"Son günlər geniş səs-küyə səbəb olan reklama bənzər rolik bəlkə də, türklər demiş "bardağı taşıran son damla" idi. Bu video hələ, ən sadə bir nümunədir. Məsələn, çoxlarının sevərək seyr etdiyi "Komedixana" adlı veriliş çox daha acınacaqlıdır. Verlişdəki skeclərin onundan doqquzu qadını hədəf alır, hər sahədə alçaldaraq gülüş obyektinə çevirir. Demək olar ki, bütün mövzuları "aldadılan qadın", "məşuqə qadın", "evdar qadın", "müasir qadın", "rayon qadını", "şəhər qadını", "çirkin qadın", "estetikli qadın" və s. saymaqla bitməz. Qadını gah avtomobillə müqaisə edirlər, gah qidayla, gah objelərlə. Hələ sosial mediada buna bənzər kontentlər minlərlədir. Bir şeyi anlamalarını istərdim ki, sivil cəmiyyətlərdə gender ayrı-seçkiliyi yaradan heç bir çıxış, məzmun, kontent və s. xoş qarşılanmır. Azərbaycanda isə gender bərabərsizliyi az qala normaya çevrilib. Bəlkə kənardan bəsit kimi görünür, ancaq bu belə deyil. Gender ayrı-seçkiliyi cəmiyyətlərin tarazlığını və inkişafını ciddi şəkildə sarsıdan qlobal problemdir. Hələ Azərbaycan kimi cəmiyyətlərdə bu çox daha təhlükəli tendensiyadır. Gender bərabərsizliyi olan cəmiyyətlərdə ilk öncə əmək hüquqları pozulur. İşə qəbul, əməkhaqqı və vəzifədə irəliləyiş zamanı qeyri-bərabər münasibət formalaşır, hansı ki, ölkəmizdə ən geniş yayılan problemdir. İnsan kapitalından tam istifadə olunmaması dövlət və biznes üçün itkilərlə nəticələnir. Gender stereotipləri məişət zorakılığı və təqib halları üçün münbit zəmin yaradır. Az qala hər gün ailə-məişət zəmnində kişi zorakılığı ilə qarşılaşan, döyülən, təhqir olunan, öldürülən qadınlarla bağlı xəbərləri seyr edirik. Və əksəriyyət kişilər, elə qadınların özləri də, bu cür hallara haqq qazandırır. Sanki cəmiyyətdə qadına qarşı böyük bir nifrət formalaşdırılır bilərəkdən və ya bilməyərəkdən. Bu yalnız etik məsələ deyil, insan hüquqlarının pozulması və hüquqi dövlət prinsiplərinə zidd davranış formasıdır".

V.Əhmədova bildirib ki, müasir hüquq sistemlərində qadınları alçaldan və gender stereotiplərini təhqiredici formada təşviq edən məzmunlar artıq təkcə etik problem kimi deyil, həm də hüquqi məsuliyyət doğura bilən davranış kimi qiymətləndirilir: "Əgər hər hansı bir məzmun gender stereotiplərini və ya alçaldıcı yanaşmanı təşviq edən elementlər ehtiva edirsə, düşünürəm ki, bu faktlar ilk öncə hüquqi müstəvidə araşdırılmalıdır. Azərbaycan Respublikasında gender bərabərliyi prinsipi ilk növbədə Konstitusiyanın 25-ci maddəsində təsbit olunub. Həmin maddəyə əsasən, qanun və məhkəmə qarşısında hamının bərabərliyi təmin edilir, cinsə görə ayrı-seçkiliyə yol verilmir. Həmçinin, "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikası Qanununu nəzərinizə çatdırmaq istərdim. Qanunun məqsədi cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. 3.1-ci maddə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarını qadağan edir. Qanun cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi qadağan etməklə yanaşı, dövlətin gender bərabərliyini təmin etmək öhdəliyini də müəyyən edir. Yəni, qanunda "hamı bərabərdir" yazılması kifayət deyil. Dövlət praktikada da bərabər imkanların təmin olunması üçün effektiv mexanizmlər yaratmalıdır. Məlum video və ona bənzər digər məzmunlarda qadının xarici görünüşü mənfi keyfiyyətlə əlaqələndirilirsə, müəyyən estetik seçim edən qadınlar kollektiv şəkildə aşağılanır və ya məsxərəyə qoyulursa, "ideal qadın" və "pis qadın" qarşıdurması yaradılırsa, müəyyən qadın qrupu alçaldıcı formada təqdim edilirsə onda, bu cür məzmunların gender stereotiplərini gücləndirdiyi və gender bərabərliyi prinsipinin ruhuna uyğun olmadığı barədə arqumentlər irəli sürülməlidir. Bu cür şəxs və qurumlarla hüquqi müstəvidə mübarizə aparmaq lazımdır."
Müsahibimiz deyib ki, videonun müəllifi videonu paylaşmaqda davam edəcəyini deyib, çünki qarşı tərəflə düşüncələri üst-üstə düşməyə bilər: "Burada müxtəlif baxışların, düşüncələrin, fikirlərin üst-üstə düşməməsindən söhbət getmədiyini görünür ki, hələ də anlamır və ya anlamaq istəmir. Burada birbaşa qanuna ziddiyyət var. Ona görə də, bu sahədə maarifləndirmə, institusional nəzarət və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi vacibdir. Hər bir vətəndaş bilməlidir ki, gender əlamətinə görə ayrı-seçkiliyə məruz qoymaq hüquq pozuntusudur və belə halların hüquqi müstəvidə cəzalandırılması vacibdir. Sonda onu qeyd etmək istərdim ki, bərabər hüquq və imkanların təmin edildiyi cəmiyyətlər daha təhlükəsiz, daha ədalətli və daha rəqabətqabiliyyətli olur".
Xalidə Gəray
Musavat.com






