İnsanlara hürriyət, millətlərə istiqlal!

Şabranın icra başçısı yenə məhkəməyə üz tutdu – sakinlərin həbsini tələb edir  

458 15.07.2026 16:41 Dünya A A

Xaçmaz Rayon Məhkəməsində Şabranın icra başçısı Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayət üzrə növbəti proses keçirilib.

Musavat.com xəbər verir ki, prosesdə icra başçısının vəkilləri, şahidlərinin biri qatılmayıb. Proses bu əsasla təxirə salınıb.

İcra başçısının “qəzəbinə” tuş gələnlər Şabranın Uzunboyad kənd sakinləri Səbirə Vəliyeva və oğlu Vüsal Muradovdur.

Asif Hüseynov Səbirə Vəliyeva və onun oğlu Vüsal Muradovun həbsində israrlıdır.

Başçı ötən müraciətlərində olduğu kimi, bu dəfə də Muradovların Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə xüsusi ittiham qaydasında cəzalandırılmasını tələb edir. Asif Hüseynovu narazı salan əsas məqam sakinlərin mətbuat vasitəsilə onlardan aldıqları arpanın pulunu tələb etmələri olub. Şabran rayonunun Uzunboyad kənd sakini Vüsal Muradov mətbuata müraciət edərək Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynovun onlara olan borcu ödəməməsindən şikayətlənib. Kənd sakini iddia edib ki, anası Səbirə Vəliyeva 2022-ci ildə ümumi dəyəri 10 min 500 manat olan 15 ton toxumluq arpanı icra başçısına nisyə satıb, lakin bu günə qədər pulunu ala bilməyib. Arpa satılarkən icra başçısı şəxsən onların evinə gəldiyi üçün ona inanılıb və alış-verişlə bağlı hər hansı yazılı sənəd tərtib edilməyib. “Yox, sənəd yox idi. Elə-belə inandıq. Dedik ki, bu boyda rayonun başçısıdır. Mən onunla sənəd imzalayım, notariusa aparım, qol çəkdirim? Ayıbdır axı. Dedi, verdim. Mən də inandım ki, bu boyda adam yalan danışmaz”, – Vüsal Muradov BBC Azərbaycancaya bildirib.

Muradov qeyd edib ki, 1995-ci ildən toxumluq arpa əkini ilə məşğul olub və ailəsi bu təsərrüfat hesabına dolanıb: “Üç ildir icra başçısı pulu vermədiyi üçün sahəmizi normal əkib-becərə bilmirik. İşlərin qızğın vaxtıdır, texnika düzəlməlidir, xərclər var. Pulumuzu vermir ki, işimizi görək”. Kənd sakini bildirib ki, pulunu almaq üçün müvafiq qurumlara müraciət etsə də, nəticə əldə olunmayıb. Prezident Administrasiyasının əməkdaşı Habil Əzməmmədov 2025-ci il oktyabrın 20-də BBC-yə açıqlamasında icra başçısının vətəndaşı qəbul etməməsi məsələsinə aydınlıq gətiriləcəyini və gün ərzində görüşün təmin ediləcəyini bildirib. Şikayətlə bağlı isə vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub: “Burada arbitr məhkəmədir. Hərə öz sübutunu ortaya qoymalıdır. Məhkəmə araşdırmalı və qərar verməlidir ki, kim etibar və inamdan sui-istifadə edib. 15 ton taxıl bir nəfərin işi deyil, şahidlər də olacaq”, - deyə Habil Əzməmmədov qeyd edib. 2025-ci il oktyabrın 20-də ailə BBC-yə şikayətdən sonra icra başçısının onlarla görüşmək istədiyini bildirib. Bundan bir neçə gün sonra Şabran Rayon Məhkəməsinə Asif Hüseynovun xüsusi ittiham qaydasında şikayəti daxil olub.

O zaman məhkəmə araşdırması zamanı müəyyən edilmişdi ki, cavabdehlərin müraciət etdikləri media resursu Xaçmaz rayonu ərazisində yerləşir. Bu əsasla işə Şabran Rayon Məhkəməsində baxılmasının mümkün olmadığı qərara alınmışdı. Asif Hüseynov bundan sonra Xaçmaz Rayon Məhkəməsinə müraciət etsə də, bu instansiya da şikayəti qəbuledilməz hesab etmişdi.

Bundan sonra başçı şikayətini yeniləmiş və Xaçmaz məhkəməsinə təqdim etmişdi.

Asif Hüseynov məhkəmədə həbslərini tələb etdiyi təkcə Muradovlar deyildi. O, Qarabağlı qəsəbə sakini Məhəmməd Məmmədova qarşı Şabran məhkəməsinə iddia vermişdi. Səbəbi yenə də vətəndaşın mətbuata verdiyi açıqlamalar olub.Məhəmməd Məmmədov mətbuata açıqlamasında iddia edib ki, icra başçısı 2021-ci ildən Qarabağlı kəndi yaxınlığındakı 120 hektar örüş sahəsini zəbt edib. Nəticədə kəndlilər mal-heyvanlarını örüşə çıxara bilmirlər və məcbur qalıb kəndi tərk edirlər. Ərazidə dövlət hesabına qazılmış artezian quyularından da istifadə imkanları məhdudlaşıb. Bu açıqlamalardan sonra icra başçısı vətəndaşı böhtan və təhqirdə ittiham edərək onun cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib. Məhkəmə icra başçısının şikayətini təmin edərək  Məhəmməd Məmmədovu cərimələyib. Belə məlumatlar var ki, icra başçısı Məhəmməd Məmmədovun həbsinə digər yollarla nail olmağa çalışır.

 

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR