Əgər gənclər məndən məsləhət istəsələr, onlara həmişə ağıllarına əsaslanmağı, məntiqlə, ölçüb-biçərək davranmağı məsləhət görərdim. Emosiyalara qapılmaq insana ancaq ziyan gətirir, şəxsən mən həyatda nə problemlə üzləşmişəmsə, hansı çətinlik görmüşəmsə, bunun hamısı emosiyalar, hisslər üzündən baş vermişdir.
Bu temada Mirzə Şəfi Vazehin gözəl şeiri də vardır: “Ağlımla, qəlbimin özgə yolu var, Hər biri bir yolda puç edər məni. Birisi sevdadan uzaqlaşdırar, O biri sevdaya tuş edər məni”. Ardı da var, lakin emosiyalara uymamaq üçün yazmıram.
Anadolu qardaşlarımızın “duyğu sömürüsü” dediyi, ingiliscə və beynəlxalq miqyasda “emosional manipulyasiya” adlanan vəziyyət məhz bizim hisslərə qapılmağımızdan sui-istifadənin adıdır. Ana dilimizdə ona görə yazmadım ki, məncə bizdə işlənən “hisslərlə oynamaq” sözü bu durumu tam ifadə eləmir. Bəlkə də eləyir, mən yanılıram.
Bir istedadlı (mənə görə yox, tamaşaçılarının çoxluğuna görə) aktyorumuzun başına gələnlər məhz emosional manipulyasiyadan yaranmışdır. Qısa özəti belədir, dondurma reklamı çəkib, orda estetik əməliyyat edən qadınları tənqid edib, təbii görkəmin tərəfdarı olduğunu bildirib və burdan təbii məhsullu dondurmaya, axmaq aparıcı ifadəmizlə yazsam, “keçid alıb”. Guya dodağını-filanı şişirdən, kəsən qadınlar da saxta dondurma kimi bir şeydir.
Reklam mənasız idimi? Estetik baxışımı bilmək istəsəniz, bəli. Ancaq hər bir bambılı yanaşmanın da yaşamaq haqqı vardır. Xoşun gəlmir, baxma.
Aktyora cəmiyyət guya təzyiq edirmiş, istəyirlər adam üzr istəsin. Nəyə görə, açığı, başa düşmədim. O reklamda kim təhqir olunub ki? Konkret zərərçəkən kimdir? Deyəsən belə adam(lar) da yoxdur.
Aktyor da “prinsipial oğlan”, “məhlə qaqaşı”, “qabağından yeməyən” obrazına girib “heç kim məni üzr istədə bilməz” açıqlaması vermişdir. Halbuki məncə bu hal yaşansa “üzrü günahından betər” olardı və heç lazım da deyil. Çünki bu məsələ haqlı-haqsız, reklam-antireklam, zərər-xeyir, milli-fərdi kontekstindən yanaşılası hal deyil axı. Əgər bunu ifadə azadlığına təzyiq adlandırsaq, onda gərək tiktoker Arzumu da milli “Roza Parks” sayaq.
Sadəcə, adamın əvvəlki film və süjetləri insanların duyğularını istismar üzərində qurulmuşdu, indi qazdığı quyuya özü düşüb. Açığı, Azərbaycan film-süjet sektorunda son illər çəkilən “fahişələri mələyə çevirmək” (bu trendin banisi kimdir və xalqımızı zibilə kim salıb, hamınız yaxşı bilirsiniz), “bakirə qız, pərdə, yengə, ağbirçək”, “hamı pisdir, mən əlayam”, “cənnət-cəhənnəm”, “tale-qismət” və sairə motivli “kinolar”a baxanda həmişə ətim tökülüb. Və bizim sayın qaqaş da bu trendin bariz nümunələrini yaratmışdır.
İndi bumeranq geri qayıdıb. Duyğularını sümürdüyün adamlar, duyğusuz qalıblar, istəyirlər üzr istəyəsən. Yoxsa burda nə faciə baş verib ki? Allaha şükür, hamı sağ-salamatdır, dondurma üçün də fərqi yoxdur, onu silikon dodaqla yalayırlar, yoxsa anadangəlmə dodaqla.
Ümumiyyətlə, bizim belə milli problemlərimizin hərdənbir yaranması həm lazımdır, həm də vacibdir. Üstəlik, zəruridir. İzah edim, siz də razılaşın. Ayrı nə əlacınız qalır?
Yaponiyanın Kioto əyalətində Yavata adında balaca bir şəhər var. Əhalisi cəmi 70 min nəfərdir. May ayında həmin bu şəhərin meri Seko Kavata analıq məzuniyyətinə çıxmışdı. Belə baxanda adi hadisədir, lakin şəhər camaatı bunu kəskin müzakirəyə çıxardı, hətta BBC kanalı-zad süjet hazırladı. Kavatanın tərəfdarları deyirdi, hər qadının dekret hüququ var, o cümlədən merin. Əleyhdarları isə deyirdi ki, Kavata uşaq doğacağını bilirdisə, niyə mer olurdu, indi vəzifəsini müavinə tapşırıb evdə oturur və sairə. Halbuki yazıq Kavata 2023-cü ildən mer imiş, hər halda bunun uşağa qalması və hamiləliyi 3 il çəkməmişdir.
Buyurun. Ölkənin probleminə baxın. Bizdə isə qış-yay şəhərin özündə problem yaranır, mer dekretə çıxmır. Kim çıxır? Şəhər əhalisi. Ona görə də hərdən silikon dondurmalar müzakirə olunmasa bekarçılıqdan əriyərik.






