Ölkəmizin elə yerləri var ki, qışda gözəldir, elə yerləri də var, baharda füsunkardır. Yayda ürəkaçan məkanlar, payızda ecazkar olan dilbər guşələrimiz də çoxdur.
İsmayıllı rayonu isə ilin dörd fəslində gözəldir, yeni və yerli bir Vivaldi lazımdır ki, bu rayonun dörd fəslinin dördünü də vəsf eləsin.
Təbiətin lütfü, insanların zəhməti
Biz bu rayona payızın oğlan çağında getdik, hava soyuq idi, yağmur yoxdu, bir balaca qar havası, bəzi yerlərdə duman vardı. Yol kənarındakı ağacların sarı, narıncı, qırmızıya çalan, xəzəlləyən yarpaqları bu gün-sabah ağaclardan tamam töküləcək və budaqlar qara bələnəcək. Onda İsmayıllı meşələri daha gözəl görünəcək.

Bu gözəlliklər təbiətin əsərləridir. Milyon il əvvəl püskürmüş vulkanların əmələ gətirdiyi Böyük Qafqaz sıra dağlarının o tayı da (Quba-Qusar, Xızı-Şabran) gözəl yaranıb, bu tayı da (Şamaxı-İsmayıllı, Qəbələ-Qax).
Bir də var İsmayıllıda insan zəhməti ilə yaradılmış gözəlliklər. Basqal və Lahıc qəsəbələri onların başında gəlir.
Lap qədimlərdə insanlar bu əsrarəngiz dağ-dərələrin qoynunda məskən salarkən böyük zəhmət hesabına özlərinə yurd-yuva düzəldib, güzəranlarını təmin etmək üçün bacardıqları işin qulpundan yapışıb, hasil etdikləri məmulatlara şöhrət qazandırıblar.
“Kələğayı əlvan qıyqacı...”
Basqal kələğayısı, Lahıc isə misgərlik malları ilə məşhurdur.

Kələğayı istehsal edən sexdə olduq. Emalatxananın həyəti ilkin emaldan çıxmış və hələlik sarı rəngdə olan ipək kələğayılarla dolu idi. Bir azdan onlar boyanacaq, rəngləri dəyişəcək, butaları göy qurşağında olan təbii rənglərlə al-əlvan kələğayı olacaqlar. Üstünə basmaq üçün tellər də var. Basqal kələğayısı Tatarıstanda, Özbəkistanda, Gürcüstanda və başqa ölkələrdə məşhurdur, xüsusi müştəriləri var. Elə öz ölkəmizdə də bu qəsəbədə istehsal olunan, baş və çiyin örtüsü kimi istifadə olunan kələğayılara tələbat az deyil.

Bir nəlbəki halva, bir samovar çay
Basqal həm də səməni halvası ilə məşhurdur. Şəki halvası nədirsə, Basqal halvası da ləzizliyinə görə odur. İntəhası, bu halva çox şirindir, bir nəlbəki halvayla bəlkə də bir samovar çay içmək olar. Dostlardan biri səməni halvasını aldıqdan və dadına baxandan sonra dedi ki, indi bunu gərək şəkəri olmayan dost-tanışa paylayım. Çindən gələn turistlər isə halvanı dequstasiya edir, sonra həvəslə alırdılar. Görünür, bu adamların şirin qidalarla bağlı narahatlıqları yoxdur.

Onlardan bəziləri halvanın bir qutusunun qiymətini soruşanda həmkarlarımızdan biri Cahid ustaya kömək üçün əvvəlcə rusca “pyat manatov” dedi, anlamadılar, ingilscə “sri ənd haf dollars” dedi, başa düşmədilər, axırda sırf Çin ləhcəsi ilə “bes manat” dedi və cibindən milli beşliyimizi çıxarıb göstərəndə turistlər delikatesin qiymətinin o qədər də baha olmadığına sevindilər. Yeri gəlmişkən, onlar çox idilər, azı 50 nəfərlik qrup idi.
500 ilin qəsəbəsində tarixi tikililər
Dövlət Turizm Agentliyi əcnəbi turistləri Basqala və Lahıca cəlb etmək üçün bu yaşayış məntəqələrində mühüm işlər görməkdədir. Basqalda tarix-mədəniyyət qoruğu yaradılıb. Qoruq Basqal qəsəbəsinin qədim hissəsini əhatə edir, ərazidə orta əsrlərə aid Qoşabulaq, Dəmirçibazar, Dərəməhəllə, Xarabiyan, Kələküçə, Qəlibgah, Çayqırağı kimi tarixi məhəllələr və bütün bu məhəllələrdən çıxan küçələrin birləşdiyi mərkəzi Bazar meydanı yerləşir.
Qəsəbədə tarixi müdafiə istehkamları, 1531-ci ildə inşa edilən Şeyx Məhəmməd məscidi, XIX əsrin ortalarına aid Hacı Bədəl məscidi, su və kanalizasiya şəbəkələri, XVII əsrə aid tarixi hamam, sənətkarlıq karxanaları var.
Bir şamla qızdırılan hamam əfsanəsi

Tarixi hamam unikal tikilidir. Dar girəcəkləri, alçaq tavanı var. Bu, güman ki, istiliyi qorumaq üçün bu cür düşünülüb. Ancaq hamamın bələdçisi deyəndə ki, vaxtilə bu hamam bir şam şöləsi ilə qızdırılırmış, bu, bəzi həmkarlarmıza inandırıcı görünmədi. Bu əfsanənin sanki bir yerdən eşitmişdik. Belə bir hamamın İranda olduğu deyilirdi. Guya mütəxəssislər hamamın sirrini çözmək üçün onu söküblər, bərpa edəndə isə hamamı artıq bir şamla qızdırmaq mümkün olmayıb. Basqaldakı hamamla bağlı da belə olub, ya olmayıb, şahidlik edən yoxdur. Ancaq bəzi adamlar deyirlər ki, prinsipcə, belə bir şey (civə, nüvə) məsələsi) mümkün ola bilər.
Hər halda əsrlər öncə ucqar bir rayondakı yaşayış məntəqəsində yaşayan insanlar həm gigiyenalarının qayğısına qalıblar, həm də Avropa meqapolislərində olduğu kimi küçələrə daş döşəyiblər ki, qışda palçıq, yayda toz olmasın.
Hamar daşllı küçələrin estetikası

İndi Turizm Agentlyi qədim küçələrin daş örtüyünün qopmuş, dağılmış hissələrini olduğu kimi bərpa edir. Bu zaman müasir daş plitələrdən istifadə edilmir, elə köhnə vaxtlarda olduğu kimi, təbii hamar çay daşlarından istifadə edilir. Küçələrə xüsusi estetik gözəllik verən bu iş diqqət, zəhmət, vaxt və böyük vəsait tələb edən işdir, ancaq dövlət Basqalın və Lahıcın turizm potensialını açmaq və yerli əhaliyə əlavə dolanışıq imkanı qazandırmaq üçün buna qatlaşır.
Eyni işlər Lahıc qəsəbəsində də görülür. Burada da dövlət qoruğu yaradılıb. Lahıcda da su dəyirmanı, körpü, üç hamam, beş məscid və səkkiz daş sütun dövlət tərəfindən qorunur. Qoruq ərazisində dövlət mühafizəsinə götürülmüş onlarla tarixi yaşayış evi yerləşir.
Qoruq ərazisində 30-a yaxın sənətkarlıq sahəsi inkişaf edib. Qəsəbənin mərkəzi küçəsi sənətkarlar məhəlləsidir. Bu küçədə mis mağazaları, emalatxanaları yerləşir.
“Bu, qan təzyiqini salır, bu isə ürək ritmini tənzimləyir”

“Bazar küçəsi” adlanan bu məhəllədə aşılanmış qoyun-keçi dəriləri, Buxara papaqları, müxtəlif suvenirlər, mis əşyalar, şəfalı bitkilər və sair məmulatlar satan mağazalar var. Onların təklif etdiyi kəklikotunun, dağ nanəsinin, Məkkə gülünün, digər ədvalarım ətri adamı heyran edirdi. Satıcılar alıcılara hansı bitki çiçəyinin və yarpaqlarını hansı xəstəliklərin müalicəsi üçün faydalı olduğunu deyirdilərşəkillərdən ibarət . Jurnalistlər daha çox qan təzyiqini salan otlardan alırdılar. Onların arasında gənclər də vardı, amma məlum oldu ki, özlərinə almırlar, yaşlı valideynləri üçün alırlar. Həm də adətdəndir, kənddə şəhərə əliboş qayıtmazlar.
Lahıcda əcnəbi turistlər gözə dəymirdi, amma yerli turustləri geyim-kecimlərindən tanımaq çətin deyildi. Onlar daş döşənmiş küçələrdə gəzir, mağazalara baxa-baxa, şəkil çəkdirə-çəkdirə ötüb gedirdilər. Bəziləri bunu sanki “mən də Lahıcda olmuşam” deyə bilmək üçün edirdi. Hər halda turistik məkanlardan çəkilmiş albom düzəltmək üçün həyata keçirilən ziyarətlər də turizmin bir növüdür. Təki insanlarda öz asudə vaxtlarını ucqar qəsəbə və kəndlərdə keçirmək üçün həvəs və maddi vəsait olsun.
Rəsulzadəni qoruyan və satan kişilərin züryəti

Qəsəbənin mərkəz hissəsində bir mağazanın sahibi ilə söhbət edərkən soruşdum ki, dövlətimizin banisi Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildə bu qəsəbədə qalıb, həmin evi tanıyırmı. Adam dedi ki, Rəsulzadə onun babasının evində qalıb və onun qohumu Minəvvər xalanın bu barədə mətbuatda yayılmış videosu var. O mağazada tək olduğu üçün məni həmin tarixi evə apara bilmədi, ancaq əlavə etdi ki, Rəsulzadəni yeni hökumətə onun qohumlarından biri satıb, bəhanəsi də o olub ki, bəy niyə bizim evdə qalmayıb. O hadisədən sonra Stalinin artıq həbs edilmiş Məhəmməd Əmin bəyi azad etdirərək öz qatarında Moskvaya apardığını danışdığım zaman dükan sahibi üzünü turşutdu və dedi ki, Stalin yaxşı adam olmayıb, amma Rəsulzadə kişi adam olub.
100 min lahıclı? – “... çoxdur ki, az deyil”

Başqa bir həmsöhbətimdən hazırda Lahıcda nə qədər adam yaşadığını soruşdum və o dedi ki, bu saat Lahıcda 2 min adam yaşayır, amma başqa ölkə və şəhərlərdə yaşayan lahıclıların sayı 100 min civarındadır. Ondan bu sayı 10 minə, heç olmasa 20 minə salmağı xahiş etdim, amma adam dirəşdi ki, 100 mindən çoxdur ki, az deyil, sadəcə, çoxları ana (tat) dilini unudub.
Lahıc, Basqal, Xınalıq və digər etno-kəndlər ölkəmizin milli-mədəni, tarixi sərvətidir. Onları qorumaq, inkişaf etdirmək yolunda görülən işlər isə xalqımızın genişürəkli olmasının göstəricisidir.
Basqal-Lahıc-Bakı






