İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda liftlər, işıqlandırma və yaşıllıqlar belə olacaq

735 15.07.2026 17:11 Sosial A A

Bakıda mənzil-kommunal xidmətlərinin idarə edilməsində mühüm dəyişiklik hazırlanır. Nazirlər Kabinetinin yeni qərarına əsasən, Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən mənzil-kommunal, lift, işıqlandırma və yaşıllaşdırma təsərrüfatı qurumlarının bazasında məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) yaradılması nəzərdə tutulur. Yeni modelin xidmətlərin keyfiyyətinə, maliyyə şəffaflığına və idarəetmənin səmərəliliyinə necə təsir göstərəcəyi maraq doğurur.

Bu islahat Bakıda kommunal təsərrüfatın idarə olunmasında hansı uzunmüddətli dəyişikliklərə səbəb ola bilər? Bu vaxta qədər yaşanan problemlər həllini tapacaqmı?

29b169c3b6a6205.jpg (55 KB)

Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis, iqtisadçı Asif İbrahimov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb:

“Bakıda mənzil-kommunal təsərrüfatı qurumlarının bazasında məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) yaradılması ilə bağlı qərarı ümumilikdə idarəetmənin modernləşdirilməsi istiqamətində atılmış addım hesab edirəm. Amma bu prosesi indidən kommunal sahədə inqilab kimi təqdim etmək doğru olmaz. Çünki hüquqi statusun dəyişməsi hələ idarəetmənin dəyişməsi demək deyil. Azərbaycanda son otuz ildə onlarla dövlət qurumunun adı dəyişdirilib, statusu yenilənib, tabeliyi dəyişdirilib. Ancaq çox vaxt vətəndaşın aldığı xidmət dəyişməyib. Fikrimcə, kommunal sahədə də əsas problem MMC-nin yaradılmaması deyil, idarəetmənin keyfiyyətidir. Bu gün Bakı sakinlərinin ən böyük narazılığı işləməyən liftlər, aylarla aradan qaldırılmayan küçə işıqlandırması, baxımsız həyətlər, məhv edilən yaşıllıqlar və kommunal xidmətlərdə şəffaflığın olmamasıdır. İnsanlar ödədikləri vəsaitin hara xərcləndiyini bilmir. Bu problemlərin heç biri müəssisələrin hüquqi statusundan irəli gəlmir. Problem nəticəyə görə məsuliyyət daşımayan idarəetmə modelidir. Əgər sabah eyni rəhbərlik, eyni idarəetmə yanaşması, eyni satınalma mexanizmi və eyni hesabatlılıq sistemi ilə fəaliyyət davam edəcəksə, sadəcə qapının üzərindəki lövhə dəyişəcək. Vətəndaş isə yenə işləməyən lift, qaranlıq küçə və baxımsız həyətlə üz-üzə qalacaq”.

Ekspert əlavə edib ki, kommunal təsərrüfat şəhər iqtisadiyyatının ən böyük aktivlərini idarə edən sektorlardan biridir:

“Minlərlə yaşayış binası, minlərlə lift, küçə işıqlandırma şəbəkəsi, parklar, yaşıllıq infrastrukturu və kommunal texnika dövlətin əhəmiyyətli aktivləridir. Bu aktivlərin idarə olunmasına hər il milyonlarla manat vəsait yönəldilir. Lakin cəmiyyət həmin vəsaitlərin nə dərəcədə səmərəli istifadə olunması barədə dolğun və açıq məlumat əldə etmir. Müasir idarəetmədə şəffaflıq seçim deyil, zərurətdir. İslahatın ən həssas məsələlərindən biri də dövlət əmlakının yeni yaradılacaq MMC-lərin balansına keçirilməsidir. Bu proses sadəcə balans köçürməsi kimi aparıla bilməz. Bütün aktivlər tam inventarlaşdırılmalı, bazar dəyəri müəyyən edilməli və uçota alınmalıdır. Əks halda dövlət aktivlərinin real dəyəri, amortizasiyası və idarəetmənin səmərəliliyi barədə obyektiv təsəvvür formalaşdırmaq mümkün olmayacaq. Dünya təcrübəsi göstərir ki, kommunal xidmətlərin uğuru hüquqi formada deyil, korporativ idarəetmədədir. Almaniyada fəaliyyət göstərən Stadtwerke modeli maliyyə şəffaflığı, müstəqil audit və nəticəyönümlü idarəetmə üzərində qurulub. Böyük Britaniyada kommunal operatorların fəaliyyəti müstəqil tənzimləyicilər tərəfindən qiymətləndirilir. Sinqapurda hər bir xidmət üzrə performans göstəriciləri müəyyən edilir, Estoniyada isə vətəndaş müraciətin icrasını mobil tətbiq vasitəsilə real vaxt rejimində izləyir. İnkişaf etmiş ölkələrdə vətəndaş qurumun adını deyil, xidmətin keyfiyyətini qiymətləndirir”.

Asif İbrahimov qeyd edib ki, Azərbaycanda yaradılacaq MMC-lər də eyni prinsiplərlə işləməlidir:

“Hər bir şirkət müstəqil auditdən keçməli, illik maliyyə hesabatlarını açıqlamalı, xidmət keyfiyyəti üzrə əsas performans göstəricilərini (KPI) ictimaiyyətə təqdim etməlidir. Məsələn, lift nasazlığının aradan qaldırılması üçün maksimal vaxt, küçə işıqlandırmasının işlək vəziyyətdə saxlanılması faizi, vətəndaş müraciətlərinin cavablandırılma müddəti və yaşıllıq sahələrinin saxlanılması üzrə standartlar əvvəlcədən müəyyən edilməli və mütəmadi qiymətləndirilməlidir. Ölçülə bilməyən nəticəni idarə etmək mümkün deyil. Bundan əlavə, kommunal xidmətlər tam rəqəmsallaşdırılmalıdır. XXI əsrdə vətəndaş hələ də kağız ərizə ilə kommunal problem həll etməyə məcburdursa, bu, idarəetmənin geri qalmasının göstəricisidir. Vətəndaş mobil tətbiq vasitəsilə müraciət etməli, icra vəziyyətini izləməli, xidmətin keyfiyyətini qiymətləndirə bilməli və bütün proses tam elektron şəkildə idarə olunmalıdır. Mən hesab edirəm ki, bu islahatın uğuru bir meyarla qiymətləndiriləcək, vətəndaşın gündəlik həyatı yaxşılaşacaqmı? Lift daha operativ təmir olunacaqmı? Küçələr daha yaxşı işıqlandırılacaqmı? Həyətlər və yaşıllıq sahələri daha peşəkar idarə olunacaqmı? Vətəndaş ödədiyi xidmət haqqının necə xərcləndiyini şəffaf şəkildə görə biləcəkmi? Əgər bu sualların cavabı “bəli” olacaqsa, aparılan dəyişikliklər real islahat hesab edilə bilər. Əks halda, növbəti dəfə sadəcə qurumların adı dəyişəcək, amma problemlər olduğu kimi qalacaq.

Kommunal sahədə XXI əsrin tələbi yeni lövhələr deyil, korporativ idarəetmə, peşəkar menecment, müstəqil audit, rəqəmsallaşma, maliyyə şəffaflığı və vətəndaş qarşısında hesabatlılıqdır. Məhz bu prinsiplər tətbiq olunarsa, Bakı şəhərinin kommunal təsərrüfatı sovet idarəetmə modelindən müasir şəhər xidmətləri modelinə keçə bilər. Əks halda, köhnə üsullarla “komsomol yanaşması” ilə bu islahat da əvvəlkilər kimi kağız üzərində uğurlu görünəcək, lakin vətəndaşın gündəlik həyatında hiss olunmayacaq”.

Afaq Mirayiq,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR