ABŞ ilə İran arasında gərginliyin artması fonunda Yaxın Şərqdə yeni təhlükəli ssenari gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, İran Hörmüz boğazından sonra Bab əl-Məndəb boğazını da böhran zonasına çevirə bilər. Belə olacağı təqdirdə, qlobal enerji bazarı və dünya ticarəti ciddi zərbə ala bilər.

Musavat.com xəbər verir ki, bu barədə “Röyters” agentliyi geniş təhlil yayımlayıb. Nəşrin yazdığına görə, Tehran Yəməndəki müttəfiqi olan husilər vasitəsilə Qırmızı dənizin girişində yerləşən Bab əl-Məndəb boğazına təzyiq göstərməklə Vaşinqton üçün iqtisadi xərcləri artırmağa çalışa bilər. Bu boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir və Səudiyyə Ərəbistanının neft ixracı, eləcə də dünya dəniz ticarətinin mühüm hissəsi məhz bu marşrutdan keçir.
Husilərin siyasi bürosunun üzvü Məhəmməd əl-Fərah Səudiyyə Ərəbistanının Yəmənə hücumlarını davam etdirəcəyi təqdirdə Bab əl-Məndəb boğazının bağlana biləcəyini bildirib. Onun sözlərinə görə, əgər Hörmüz və Bab əl-Məndəb boğazları eyni vaxtda bağlanarsa, neftin qiyməti bir barel üçün 200 dollara qədər yüksələ bilər. London Kral Kollecinin təhlükəsizlik üzrə eksperti Andreas Kriq Bab əl-Məndəb variantını İranın "Hörmüzdən sonra əlində qalan son və ən güclü kozır" adlandırıb.
Yaxın Şərq üzrə tanınmış ekspert Fəvaz Gerges isə hesab edir ki, Tehran bununla Vaşinqtona eyni vaxtda dünyanın iki əsas enerji marşrutunu təhdid edə biləcəyini göstərməyə çalışır. Bununla yanaşı, “Röyters” qeyd edir ki, husilər 2023-cü ilin sonundan etibarən Qırmızı dənizdə İsraillə əlaqəli olduğunu iddia etdikləri ticarət gəmilərinə hücumlar təşkil ediblər. Bu səbəbdən bir çox beynəlxalq gəmiçilik şirkətləri marşrutlarını Afrikanın cənubundan keçirməyə məcbur olub, nəticədə daşınma xərcləri əhəmiyyətli dərəcədə artıb.
ABŞ-nin Yaxın Şərq üzrə keçmiş danışıqlarçısı Dennis Ross hesab edir ki, Vaşinqtonun əsas məqsədi İranı yenidən danışıqlar masasına qaytarmaqdır. Səudiyyə Ərəbistanındakı Körfəz Araşdırmaları Mərkəzinin rəhbəri Əbdüləziz Sager isə bildirib ki, husilər Bab əl-Məndəbdə dəniz nəqliyyatını pozacaq imkanlara malik olsalar da, Tehranın birbaşa göstərişi olmadan belə genişmiqyaslı addım atacaqları az ehtimal olunur. Münaqişə Hörmüz boğazından sonra Bab əl-Məndəbə də yayılarsa, dünya enerji təchizatı və qlobal dəniz ticarəti eyni vaxtda iki əsas boğaz üzərindən təhlükə altına düşə bilər ki, bu da həm regional, həm də qlobal iqtisadiyyat üçün ağır nəticələr doğura bilər.
Musavat.com






