İlbər Ortaylının bir çıxışı qarşıma çıxmışdı, orda deyirdi ki, uşaqları buyurmaq, əməyə öyrəşdirmək lazımdır, əks halda böyüyəndə fərasətsiz, bacarıqsız olur, çətinliklərə dözmürlər. Yəqin bunu xalqlara da aid eləmək olar. Bəzən bütöv xalq da rəhbərliyinin əziyyətinə arxayınlaşır, yeyib-yatır, sonra yüngülvari problem çıxanda girinc qalırlar.
Məsələn, bu gün qəzetimizdə çox maraqlı xəbər var idi, deyir, Zirə qəsəbəsində zibili eşşək arabasıyla daşıyırlar, camaat narazılıq edir. Həm eşşəyə zülüm olurmuş, həm sanitar-gigiyena qaydaları pozulurmuş. Millət sual edirmiş ki, hanı zibildaşıyan texnikalara verilən vəsait, niyə yaşlı insanlar bu işdə çalışır və sairə.
Xəbəri oxuyan anda Molla Nəsrəddini xatırladım. Tam bu Zirə əhvalatının bədii həlli olan lətifədə deyilir ki, Molla Nəsrəddin oğlunu yanına salıb eşşəklə gedirmiş. Yoldan keçənlər bunu görüb deyir: “Buna bax, o boyda kişi özü eşşəyə minib, uşağı piyada aparır!” Molla eşşəkdən düşür, uşağı mindirir. Yol qırağındakılar bunu görüb lağ eləyirlər: “Ağsaqqal kişiyə bax, oğlanı eşşəyə mindirib, özü piyada gedir!” Belə olanda Molla eşşəyə minib uşağı tərkinə alır. Yenə də yoldan ötənlər qulp qoyurlar: “Sən bir bunlara bax! İki yekə adam bir cansız eşşəyə minib”. Molla əlacsız qalıb uşaqla birlikdə eşşəkdən düşür. Piyada getməyə başlayırlar. Bunu görən yolçular gülüşürlər: “Bunlar nə ağılsız adamlardır. Yanlarında eşşək ola-ola ikisi də piyada gedir”. Axırda Mollanın əlacı kəsilir, eşşəyi dalına alıb deyir: “Hamıya qulaq assan, gərək eşşəyi belinə alasan”.
İndi həmin yaşlı insanları kommunal xidmətdən çıxartsalar, hamı deyəcək camaatı işsiz qoydular, ar olsun, istefa və sairə. (Sözgəlişi, dünən mən bir informasiya oxudum, xeyli təəccübləndim. Rusiyanın Orenburq şəhərində küçə süpürənlərin maaşı 55 min rubl – bizim pulla 1250 manat imiş, lakin orada bu maaşı camaat az sayır və işləmək istəmir, məcburən Afrikadan işçi gətirirlər. Bizim kommunal xidmət sektorunda zəhmətkeşlər dilənçi payına çalışır, müdirlər isə pulları basıb yeyirlər. Ona görə JEK müdirinin qarnına bəzən 3 süpürgəçi yerləşdirmək mümkündür).
Eşşəyi arabadan açıb azadlığa buraxsalar, çaqqal-çuqqal yeyəcək. Ya da kəsib dönər bişirəcəklər, ona görə son illər bizdə eşşəklərin sayı durmadan azalır. Zibil maşınla daşınsa bəlkə qiymət də qalxacaq, ödəmək mümkün olmayacaq, küçələri zibil basacaq.
Yəni, hardan baxsan bu orqanik, dədə-baba üsulu kommunal xidmətə dözümlü yanaşmaq lazımdır. Bəyəm demirsiniz keçmişdə hər şey yaxşı idi, insanlıq o vaxtda qaldı? Bəs niyə keçmişin təzahürlərinə pis baxırsınız?
Keçmiş, milli-mənəvi dəyərlər, nə bilim, adət-ənənə, mentalitet-filan elə həm də eşşək arabasıdır axı. O vaxt sürət qatarları, zibil zavodu yox idi. Balaxanı tərəfdə nəhəng zibil poliqonu var idi, aparıb ora tökürdülər. Sonra zibil yanırdı, iyi şəhərə vururdu, külək cır-cındırı süpürüb gətirirdi və sairə. Çox romantik vaxtlar idi.
Əksər imkanlı şəxslər, məmurlar villa və obyektlərinin bər-bəzəyində eşşək, araba, taxta təkər ornamentləri və heykəlciklərindən istifadə edirlər, çünki eşşək arabasını pisləməyə baxmayın, hamımız onun nostaljisini yaşayırıq. Hətta bu yaxında bulvara elektrikli fayton buraxdılar. Düzdür, bunu at-eşşəyə qoşmayıblar, eləcə yalın maşındır, ancaq forması-zadı tam faytondur. Yəqin biz haçansa özümüz kosmik raket qayırsaq onu da eşşək arabası stilində düzəltməliyik. Eşşək arabası ilə Böyük An(q)romeda dumanlığına doğru!
Nərmənazikləşmə xalqı bütün sahələrdə əhatə edir. Yenə təzəlikcə tragikomik xəbər verilmişdi: avtobusun sürücüsü içində sərnişinlər olan maşını saxlayıb, düşüb səkidə siqaret çəkirmiş.
Pah. Dəhşət. Nə tez əski sürücüləri unutdunuz? Bir əliylə sükanı fırladan, bir əliylə kaseti dəyişən, qarnıyla tormozu idarə edən, nə bilim, bu işlərlə eyni anda tum çırtlayıb, siqaret çəkib pul qalığı qaytaran yoldaşlar bizi Bakıda, o cümlədən, respublikanın bütün şəhər və kəndlərində daşıyırdılar. İndi isə yetimin biri düşüb siqaret çəkib, az qalırlar etiraz mitinqi eləsinlər (keçmişdə belə hadisələr də var idi, sözgəlişi).
Sanki siqareti avtobusun içində çəksə gözəl olacaqdır. Ona görə bizim aramızda ala qarğa bala çıxarmır.






