İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürkün partiyası dağılır-Türkiyə "siyasi zəlzələ" astanasında

858 15.07.2026 18:13 Dünya A A

Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyası CHP) daxilində yaşadığı qarşıdurmalardan qurtula bilmir. Artıq qardaş ölkənin qurucusu Mustafa Kamal Atatürkün partiyası parçalanmaq qorxusu ilə üz-üzədir. Türkiyə siyasətində yeni siyasi mərhələnin başlandığı barədə fikirlər isə getdikcə artmaqdadır.
CHP-nin tanınmış simalarından Özgür Özəl (məhkəmə qərarı ilə sədrliyi əlindən alınaraq keçmiş başqan Kamal Kılıçdaroğluna verilib) yeni siyasi partiyanın yaradılacağı ilə bağlı gündəmə bomba kimi düşən açıqlamalar verib. Onun bu fikirləri Ankarada siyasi kulisləri hərəkətə gətirib. Bu təşəbbüsün müxalifət düşərgəsində yeni parçalanmaya səbəb olub-olmayacağı, yoxsa hakim AKP-yə qarşı daha güclü alternativ formalaşdıracağı artıq əsas müzakirə mövzularından birinə çevrilib.
Türkiyə yeni siyasi qüvvənin meydana çıxmasının astanasındadır? Bu təşəbbüs 2028-ci il prezident və parlament seçkilərinin siyasi balansını dəyişə, Ərdoğan hakimiyyətinə qarşı mübarizədə yeni qüvvələr nisbəti formalaşdıra bilərmi?
kenan rovsenoglu 1

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Musavat.com-a bildirdi ki, medianın yazdıqlarından və rəylərdən Özəl qrupunun başqa çarəsinin qalmadığı açıq görünür: “ Doğrudur, Kamal Kılıçdaroğlunu uzaqlaşdırmaq üçün səyləri davam etdirə bilərlər. Amma bu, çox uzun və yorucu proses ola bilər. Üstəlik hakim iradə Kamal Kılıçdaroğlunun tərəfindədir, ya da belə desək CHP-nin zəifləməsini istədiyi üçün Özəlin CHP-də yenidən sədr postuna qayıtması az qala qeyri-mümkünə yaxın bir məsələyə çevrilib. Çünki yenidən qurultaya getmək və əldə olunan nəticənin mübahisələndirilməyəcəyi şübhəlidir. Bu mənada Özgür Özəl və tərəfdarlarının yeni partiya yaradacağı ilə bağlı söz-söhbət getdikcə daha da artır. Yəni bu bir taktika deyil, məcburiyyətdir. İstənilən halda, CHP-nin içindən ikinci bir partiyanın yaranması CHP-ni zəiflədəcək və ümumiyyətlə müxalifətin gücünə təsir edəcək. Yəni əslində çox mürəkkəb situasiyadır. Bu mənada Özəlin indi vaxtı da azdır, çünki gəzən şayiələrə görə, hakimiyyət gələn il növbədənkənar seçkilərə getməyə hazırlaşır. Bunu nəzərə alsaq, deməli vaxt da azdır. Müxalif elektoratı bölmədən, siyasi parçalanmanı dərinləşdirmədən yeni siyasi partiya yaradıb seçkilərə getmək elə də asan olmayacaq. Lakin indi belə görünür ki, başqa alternativ də yoxdur. Özəl qrupu yeni partiya yaratmağa hazırlaşacaq. Burda əlbəttə hakimiyyətin şansı daha da artır".

Ekspert dedi ki, nəzərə almaq laızmdır ki, sonuncu bələdiyyə seçkilərində Özəlin rəhbərliyi ilə CHP ilk dəfə AKP-ni keçərək qalib olub: "Ancaq parçalanmış və yeni partiya qurmuş Özgür Özəlin eyni nəticəni göstərəcəyi ehtimalı risklidir. Yalnız bir halda mümkündür, Türkiyə cəmiyyəti keçən illərin də təcrübəsindən gördüyümüz kimi, əzilən (mağdur) şəxs və ya qüvvələrə daha çox rəğbət bəsləyir. Bu mənada hakimiyyətin Özəlin şəxsində CHP komandasına hədsiz siyasi təzyiqləri, bələdiyyə sədrlərinn həbs olunması və partiyanın bu şəkildə ələ keçirilməsi cəmiyyətdə narazılığı daha da artırar və Özələ rəğbəti çoxalda bilər. Bu da çox ciddi riskdir, AKP hakimiyyəti üçün. Bunun olub olmadığını isə yalnız seçkidə bilmək olacaq. İndiki durumda isə Özəl hazırda həm partiya daxilidəki bölünmə, həm də hakimiyyətin bələdiyyələr üzərindən təzyiqi qarşısında sıxılmış vəziyyətdədir”.
Cavanşir Abbaslı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR