Yuxu çatışmazlığını iki günə “kompensasiya” etmək orqanizm üçün əlavə stress yaradır.
Musavat.com xəbər verir ki, mütəxəssislər bildirirlər: bu hal təsirinə görə qəfil başqa saat qurşağına uçuşa – “jet lag” effektinə bənzəyir. Beyin yeni ritmə uyğunlaşmağa macal tapmır və nəticədə daha zəif işləyir.
Araşdırmalara görə, əgər insan həftə boyu erkən oyanır, həftə sonu isə uzun müddət yataraq “əvəzini çıxmağa” çalışırsa, bu, diqqətin zəifləməsinə, motivasiyanın azalmasına və əhval dəyişkənliyinə səbəb olur. Daim dəyişən yuxu qrafiki beynin normal fəaliyyət ritmini pozur.
Tədqiqatçılar qeyd edirlər ki, yuxu rejimində davamlı sıçrayışlar beyin inkişafını ləngidə, hətta beyin qabığının (korteksin) həcminə təsir göstərə bilər. Bu isə xüsusilə yeniyetmə və gənclər üçün daha riskli sayılır.
Mütəxəssislər stabil yuxu saatlarının qorunmasını, hətta həftə sonları belə eyni vaxtda yatıb oyanmağı tövsiyə edirlər. Çünki sağlam beyin üçün əsas şərt – davamlı və balanslı istirahətdir.
Musavat.com






