İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyə S-400-ləri satır? - F-35 üçün tarixi sövdələşmənin pərdəarxası açıldı

365 22.07.2026 00:56 Dünya A A

Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərinin taleyi yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Ankara bu sistemlərin üçüncü ölkəyə təkrar ixracı ilə bağlı müxtəlif variantları nəzərdən keçirir və bununla bağlı diplomatik təmaslarını davam etdirir.

Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər açıqlama verib.
Nazirin sözlərinə görə, ABŞ ilə hərbi və siyasi sahələrdə müsbət məcrada davam edən dialoq çərçivəsində keçmişdən qalan problemlərin həlli istiqamətində iş aparılır.

“ABŞ ilə hərbi və siyasi sahələrdə müsbət dinamika ilə davam edən proses çərçivəsində keçmişdən qalan və üçüncü ölkələri də maraqlandıran məsələlər üzrə qarşılıqlı anlaşma və əməkdaşlıq əsasında həll yolları axtarılır”, – deyə Yaşar Gülər bildirib.

Qeyd edək ki, Türkiyənin 2019-cu ildə Rusiyadan S-400 zenit-raket kompleksləri alması Vaşinqtonla Ankara arasında ciddi böhrana səbəb olmuşdu. ABŞ bu addımın NATO-nun təhlükəsizlik maraqlarına zidd olduğunu əsas gətirərək Türkiyəni F-35 beşinci nəsil qırıcı proqramından çıxarmış, həmçinin Ankaraya qarşı CAATSA sanksiyalarını tətbiq etmişdi.

Son aylarda isə ABŞ və Türkiyə arasında münasibətlərdə müşahidə olunan normallaşma fonunda S-400 məsələsinin necə həll ediləcəyi yenidən diqqət mərkəzinə gəlib.

Türkiyə S-400 sistemlərini həqiqətən üçüncü ölkəyə ixrac edəcəkmi? Bu addım Ankaranın F-35 proqramına qayıtmasına yol aça bilərmi? ABŞ və Türkiyə arasında müdafiə sahəsində tam normallaşma mümkündürmü?

Hərbi ekspert Səxavət Məmməd xüsusi olaraq vurğuladı ki, Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket kompleksləri, bunun ardınca F-35 proqramından çıxarılması və Vaşinqtonla yaşanan soyuqluq son illərin ən mürəkkəb geopolitik müəmmasından birinə çevrilib: "S-400-lərin başqa bir ölkəyə, məsələn, Körfəz dövlətlərindən birinə ötürülməsi kağız üzərində çox sadə və cəlbedici bir çıxış yolu kimi görünür. Ankara bu addımla ABŞ-ın sanksiyalarından azad ola və F-35 layihəsinə qayıtmaq üçün hüquqi zəmin yarada bilər. Ancaq reallıqda bu ssenarinin qarşısında böyük bir Moskva maneəsi var. Silah ticarətinin beynəlxalq qaydalarına görə, Türkiyə Rusiyanın icazəsi olmadan bu raketləri heç bir ölkəyə reexport edə, yəni yenidən sata bilməz. Kremlin isə öz texnoloji sirlərinin NATO üçün əlçatan olmasına və ya Ankara ilə Vaşinqtonun bu qədər asanlıqla barışmasına göz yumması inandırıcı görünmür. Bu səbəbdən, S-400-lərin satılmasından daha çox, onların Türkiyə ərazisində tamamilə fəaliyyətsiz vəziyyətdə saxlanılması və ya birgə kontrol mexanizminin qurulması diplomatik masada daha real alternativ kimi müzakirə olunur.

Əgər S-400 məsələsi ABŞ-ı qane edəcək şəkildə çözülərsə, Türkiyənin F-35 proqramına qayıtması üçün hüquqi qapılar açılacaq. Çünki ABŞ sanksiyalarının əsas tələbi bu sistemlərin aktiv olmamasıdır. Ancaq hüquqi yolun açılması hər şeyin dərhal həll olunması demək deyil. Vaşinqtonda Konqresin Türkiyəyə qarşı müqaviməti, eləcə də F-35-lərin istehsal zəncirinin artıq dəyişməsi bu prosesin vaxt aparacağını göstərir. Digər tərəfdən, Türkiyə də artıq köhnə Türkiyə deyil. Ankara özünün 5-ci nəsil KAAN qırıcısı və Çelik Kubbe kimi yerli hava hücumundan müdafiə sistemlərinə böyük investisiya qoyub və xarici asılılığı minimuma endirmək istəyir.

Bəs S-400 problemi həll olunarsa, ABŞ və Türkiyə arasında müdafiə sahəsində tam normallaşma baş verəcəkmi? Təəssüf ki, buna birmənalı "bəli" demək çətindir. İki ölkə arasında təkcə raket krizi deyil, daha dərin strateji fikir ayrılıqları mövcuddur. Vaşinqtonun Suriyanın şimalında YPG ilə əməkdaşlığı, Şərqi Aralıq dənizindəki güc balansı və Ankaranın müstəqil xarici siyasət xətti tərəfləri tez-tez qarşı-qarşıya gətirir.

Yekunda görünən odur ki, S-400-lərin zərərsizləşdirilməsi və ya başqa bir formulla gündəmdən çıxarılması Ankara ilə Vaşinqton arasındakı ən böyük buzu əridəcək. Bu yeni F-16-ların alınmasına, mövcud qırıcıların modernizasiyasına və F-35 dialoqunun bərpasına mütləq yol açacaq. Ancaq iki ölkə arasındakı hərbi tərəfdaşlıq artıq keçmişdəki kimi "şərtsiz müttəfiqlik" deyil, daha çox qarşılıqlı maraqlara söykənən alqı-satqı və praqmatik əməkdaşlıq modelinə söykənəcək".

Hərbi ekspert bir məsələ ilə bağlı əminliklə danışdı: "Hesab edirəm ki, Türkiyə də, S-400-ləri əldən çıxarmaq istəməz. Çünki Həmas liderləri Qətərdə vurulanda Qətərdəki hava hücumlarından müdafiə sistemləri işləməmişdi. Hesab edək ki, İsraillə Türkiyə arasında hərbi gərginlik yarandı. ABŞ Türkiyəyə Patriot sistemləri satsa, o sistemlərin söndürülməyəcəyi qarantiyası var? Bundan əlavə nəzərə almaq lazımdır ki, Türkiyə S-400-lərə ABŞ-nin rəsmi Ankaraya Patriotları satmadığı üçün yönəlmişdi. Türkiyə təkcə F-35 proqramına qayıtmağı yox, həm də HHM sistemlərini də düşünür. Düşünürəm ki, ABŞ F-35 məsələsi ilə necə siyasi alətə çeviribsə, Türkiyə də, S-400-ü elə alətə çevirib. Türkiyə F-35-i qarantiya etmədən, S-400-ü əldən çıxarmayacaq".

Cavanşir Abbaslı
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR