"Prezident İlham Əliyevin Almaniyaya etdiyi səfər Azərbaycanın Avropa ilə münasibətlərində yeni siyasi və iqtisadi imkanlar açacaq".
Musavat.com-da bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov səsləndirib. O bildirib ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə Bakı ilə Berlin arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsi təkcə ikitərəfli münasibətlər baxımından deyil, bütövlükdə Avropa ilə Azərbaycan arasında strateji əməkdaşlığın dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, Azərbaycan-Almaniya münasibətlərinin bugünkü inkişafı təsadüfi deyil: "Bu əməkdaşlığın siyasi təməli Ulu Öndər Heydər Əliyevin Almaniyaya tarixi səfəri zamanı formalaşdırılıb, Prezident İlham Əliyevin rəhbərliyi ilə isə həmin xətt müasir çağırışlara uyğun şəkildə daha da zənginləşdirilib. Son illər dövlət başçısının Almaniyaya səfərləri, Münxen Təhlükəsizlik Konfransında keçirdiyi çoxsaylı görüşlər, Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri və iki ölkə arasında davamlı siyasi təmaslar qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu açıq şəkildə nümayiş etdirir".
Vüqar İskəndərov onu da vurğulayıb ki, Avropada enerji təhlükəsizliyi məsələsinin prioritetə çevrildiyi, beynəlxalq nəqliyyat marşrutlarının yenidən formalaşdığı indiki dövrdə Azərbaycanın rolu daha da artır: "Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda Avropa ilə Asiyanı birləşdirən əsas logistika mərkəzlərindən biri kimi çıxış edir. Cənub Qaz Dəhlizi, TANAP, TAP layihələri, Orta Dəhlizin inkişafı və yaşıl enerji sahəsində həyata keçirilən təşəbbüslər ölkəmizi Avropanın etibarlı tərəfdaşına çevirib".
Deputat qeyd edib ki, Almaniya Avropa İttifaqının aparıcı iqtisadi gücü kimi Azərbaycanla əməkdaşlığın perspektivlərini real iqtisadi maraqlar üzərində qurur: "Enerji, sənaye, yüksək texnologiyalar, yaşıl iqtisadiyyat və logistika istiqamətlərində əməkdaşlıq üçün geniş potensial mövcuddur. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərinə alman şirkətlərinin artan marağı da bunun bariz göstəricisidir".
Onun fikrincə, Prezident İlham Əliyevin həyata keçirdiyi praqmatik və milli maraqlara söykənən xarici siyasət Azərbaycanın beynəlxalq mövqeyini əhəmiyyətli dərəcədə gücləndirib: "Bu gün ölkəmiz müxtəlif geosiyasi mərkəzlərlə bərabərhüquqlu münasibətlər quran, etibarlı tərəfdaş imicini qoruyan və regional sabitliyə mühüm töhfə verən dövlət kimi qəbul edilir. Bu səfər siyasi dialoqun intensivləşməsinə, iqtisadi əlaqələrin genişlənməsinə, investisiya imkanlarının artmasına və Azərbaycan-Avropa əməkdaşlığının yeni məzmun qazanmasına mühüm təkan verəcək. Bu səfər eyni zamanda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində, nəqliyyat bağlantılarında və regional əməkdaşlıq platformalarında oynadığı strateji rolun bir daha təsdiqi olacaq".
Cavanşir Abbaslı
Musavat.com






