Ermənistanda balıq istehsalçıları hökumət binası qarşısında etiraz aksiyası keçirərək baş nazir müavinlərindən biri ilə görüş tələb ediblər.
Musavat.com xəbər verir ki, etirazçılar iqtisadiyyat naziri Gevorq Papoyanla görüş istəmədiklərini bildiriblər. Onların sözlərinə görə, əvvəlki müzakirələr nəticə verməyib və hökumətin həyata keçirdiyi dəstək proqramları effektiv deyil.
Aksiya iştirakçılarından biri bildirib ki, Avropa bazarı onlar üçün əlçatan deyil. Onun sözlərinə görə, hazırda mövcud olan 15 min ton diri balığın Aİ bazarında satılması real görünmür. Bundan əlavə, Rusiya sərhədindən geri qaytarılmış məhsullar soyuducu anbarlarda qalmaqdadır.
Balıq istehsalçıları qeyd ediblər ki, əvvəllər illik ixrac cəmi 60 ton olduğu halda, uzun illər ərzində istehsal həcmi minimum 13 min tona çatdırılıb.
Balıqçı Arutyun Mkrtçyan hökumətin guya şirkətlərin 97 faizinin Aİ bazarına ixraca hazır olması barədə açıqlamalarının həqiqəti əks etdirmədiyini deyib. Onun sözlərinə görə, məhsul keyfiyyət baxımından ixrac tələblərinə cavab versə də, texniki baxımdan ixrac üçün hazır deyil. O bildirib ki, ixrac olunan hər balıq ən azı 24–30 ay hovuzlarda yetişdirilir və əsassız vədlər səbəbindən illərlə qurduqları biznesi itirmək təhlükəsi ilə üzləşiblər.
Balıq istehsalçısı Rafael Poqosyan isə vurğulayıb ki, Rusiya bazarına yönəlmələri təsadüfi deyil, bu, illərlə aparılmış araşdırmaların və formalaşmış biznes əlaqələrinin nəticəsidir.
Digər aksiya iştirakçısı Henrik Yevreyan hökumətə müvəqqəti həll yolu kimi balığın fermerlərdən alınaraq ordunun, DİN-in və penitensiar xidmətin ehtiyacları üçün istifadə edilməsini təklif edib.
Musavat.com






