Yaxın Şərqdə yenidən böyük qarşıdurma təhlükəsi gündəmə qayıdıb. Musavat.com xəbər ki, ABŞ mediasında dərc olunan iki mühüm məlumat Yaxın Şərqdə vəziyyətin yenidən kritik mərhələyə keçdiyini göstərir. "Axios"un yaydığı məlumata görə, Prezident Donald Tramp hazırda son dərəcə mürəkkəb seçim qarşısındadır.
Nəşr yazır ki, Ağ Evdə İranla mövcud atəşkəs rejiminin qorunması ilə hərbi əməliyyatların yenidən başlanması arasında ciddi müzakirələr aparılır. Mənbələrin sözlərinə görə, Tramp administrasiyasında bu məsələyə münasibət birmənalı deyil və müxtəlif ssenarilər nəzərdən keçirilir.
Eyni zamanda, "The Wall Street Journal"ın yaydığı məlumat diqqət çəkir. Nəşr bildirir ki, İsrail rəhbərliyi Vaşinqtonla intensiv təmaslarını davam etdirir və ABŞ-ni İrana qarşı genişmiqyaslı hərbi zərbələri yenidən bərpa etməyə razı salmağa çalışır. Məlumata əsasən, Təl-Əviv hesab edir ki, hazırkı vəziyyət İranın hərbi və nüvə potensialına qarşı daha sərt addımlar atmaq üçün əlverişli imkan yaradır. İsrail rəsmilərinin fikrincə, Tehran üzərində təzyiq zəiflədiyi təqdirdə İran qısa müddətdə öz hərbi imkanlarını bərpa edə bilər.
Digər tərəfdən, Ağ Evdə daha ehtiyatlı mövqedən çıxış edən dairələrin də olduğu bildirilir. Onlar hesab edirlər ki, genişmiqyaslı müharibənin yenidən başlaması təkcə İran və İsraillə məhdudlaşmayacaq, bütün Yaxın Şərqi əhatə edən yeni regional qarşıdurmaya çevrilə bilər. Belə bir ssenari enerji bazarlarında ciddi dalğalanmalara, neft qiymətlərinin kəskin artmasına və ABŞ-nin regiondakı hərbi iştirakının daha da genişlənməsinə səbəb ola bilər.
Tramp administrasiyası İranla əldə olunan kövrək atəşkəsi qorumağa çalışacaq, yoxsa İsrailin tələblərinə uyğun olaraq hərbi əməliyyatları yenidən genişləndirəcək? Vaşinqtonun qarşısında hansı seçim dayanır? Bu qərar regionun taleyini dəyişə bilərmi? ABŞ və İsrail arasında İran məsələsində yeni strategiya formalaşır?
Politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, ABŞ ilə İran arasında müharibənin ikinci mərhələsi başlayıb və davam edir: "Birinci mərhələ ikitərəfli memorandumun imzalanması ilə başa çatmışdı. Hazırkı müharibəni ABŞ tam şəkildə İrana şərtlərini qəbul etdirmək istəyir, İranın hərbi və strateji infrastrukturuna məhdud, lakin ağır zərbələr endirir. İran isə buna cavab olaraq ABŞ-ın regiondakı hərbi bazalarını və bəzi Körfəz ölkələrini lokal raket və pilotsuz uçuş aparatları ilə hədəfə alır. Bununla belə, münaqişənin daha da genişlənməsi ehtimalı qalmaqdadır. Qətər, Pakistan və Misirin vasitəçiliyi ilə tərəflərə 10 günlük atəşkəs və xüsusilə Hörmüz boğazında təhlükəsiz gəmiçiliyinin təmin edilməsi ilə bağlı təkliflər paketi təqdim olunub və bu istiqamətdə diplomatik müzakirələr davam edir. ABŞ qarşısında seçim dayanır: ya hərbi təzyiqi davam etdirmək, ya da diplomatik prosesə üstünlük vermək.
ABŞ hesab edir ki, əvvəlki memorandum İran tərəfindən yerinə yetirilmədi. Xüsusilə SEPAH rəhbərliyinin atəşkəsi pozması İran prezidentinin mövqeyini zəiflətdi və ölkə daxilində hakimiyyət uğrunda mübarizəni daha da gücləndirdi. Bu da göstərir ki, İranın daxili siyasi qərarvermə mexanizmində ciddi fikir ayrılıqları mövcuddur. Digər tərəfdən, Yəməndə husilərin Babül-Məndəb boğazında fəaliyyətini genişləndirməsi və dəniz nəqliyyatına təhdid yaratması münaqişənin regional miqyas alması riskini artırır".

Politoloqun sözlərinə görə, İsraildə keçirilən Təhlükəsizlik Kabinetinin iclası da göstərir ki, Təl-Əviv İrana qarşı daha sərt addımların atılmasının tərəfdarıdır: "Lakin ABŞ hələlik İsrailin müharibəyə birbaşa qoşulmasını istəmir. Bununla belə, İranın hərbi rəhbərliyinə qarşı mümkün əməliyyatlarda İsrailin maraqlı olduğu görünür və bu məsələdə Vaşinqtonla Təl-Əviv arasında müəyyən taktiki fikir ayrılıqları mövcuddur.
Əgər İran 10 günlük atəşkəs təklifini qəbul etməzsə, ABŞ-ın İranın limanlarına, xüsusilə cənub bölgələrində yerləşən strateji obyektlərə yeni zərbələr endirməsi ehtimalı yüksəkdir. Bu, İranın Hörmüz boğazındakı fəaliyyətini ciddi şəkildə məhdudlaşdıra və ölkə iqtisadiyyatına ağır zərbə vura bilər. İran isə cavab olaraq Körfəz ölkələrinin enerji infrastrukturunu və neft obyektlərini hədəfə almağa cəhd göstərə bilər ki, bu da müharibənin daha geniş regional qarşıdurmaya çevrilməsi riskini artırır. Hazırkı mərhələdə tərəflər idarəolunan müharibə modeli çərçivəsində hərəkət edirlər. Bununla yanaşı, diplomatik təmaslar da davam edir. İran ABŞ-dan daha əlverişli şərtlər tələb edir, Vaşinqton isə öz şərtlərindən geri çəkilmək niyyətində deyil. Məhz bu səbəbdən yaxın perspektivdə tərəflər arasında tam razılaşmanın əldə olunacağı ehtimalı yüksək görünmür.
Eyni zamanda, ABŞ-ın İsrailə daha geniş hərbi əməliyyatlara razılıq verməsi münaqişənin yeni mərhələyə keçməsinə səbəb ola bilər. İsrail isə zərurət yaranarsa, bəzi əməliyyatları ABŞ-ın birbaşa iştirakı olmadan da həyata keçirə bilər.
Ümumilikdə, yaxın perspektivdə müharibənin müəyyən dövrlərdə intensivləşməsi ehtimalı qalır. Hazırkı şəraitdə ABŞ-ın İranda hakimiyyət dəyişikliyinə nail olması və ya Tehranı tam şəkildə öz siyasi şərtlərini qəbul etməyə məcbur etməsi real görünmür".
Cavanşir Abbaslı
Musavat.com






