5 ayda Azərbaycanda 34 min 56 doğum qeydə alınıb. Ölüm hallarının sayı isə 25 min 511 nəfər təşkil edir. Dövlət Statistika Komitəsinin son məlumatından bu qənaət çıxır ki, 2026-cı ildə ölkədə təbii artım cəmi 8.545 nəfərdir.
2016-2025-ci illəri əhatə edən dövrdə Azərbaycanda 1 milyon 256 mindən çox uşaq dünyaya gəlib, təxminən 620 min nəfər vəfat edib. Yəni təxminən hər 2 yeni doğulana 1 ölüm halı.
Son 10 ilin statistikası doğum sayında davamlı azalma, pandemiya illərində isə ölüm göstəricilərində kəskin artım olduğunu göstərir.
Bu dövrdə ölkə əhalisinin təbii artımı 636 mindən çox nəfər təşkil etsə də, demoqrafik göstəricilərdə dəyişikliklər qeydə alınıb.
Rəsmi statistikaya əsasən, 2016-cı ildə ölkədə 159 min 464 körpə doğulduğu halda, 2025-ci ildə bu göstərici 95 min 875-ə enib.
Ölüm statistikası isə göstərir ki, 2016-2019-cu illərdə illik ölüm sayı orta hesabla 56-57 min nəfər səviyyəsində olub. Lakin COVID-19 pandemiyası və Vətən müharibəsinin təsiri ilə 2020 və 2021-ci illərdə bu göstərici kəskin artaraq müvafiq olaraq 75 min 647 və 76 min 878 nəfərə çatıb.
2022-ci ildən etibarən ölüm göstəriciləri yenidən sabitləşərək illik orta hesabla 60 min nəfər civarında qərarlaşıb.
Son 10 ilin ayrı-ayrı illəri üzrə əsas göstəricilər belədir:
2016: 159 464 doğum, 56 648 ölüm (təbii artım – 102 816 nəfər)
2018: 138 982 doğum, 57 250 ölüm (təbii artım – 81 732 nəfər)
2020: 126 571 doğum, 75 647 ölüm (təbii artım – 50 924 nəfər)
2022: 122 846 doğum, 60 810 ölüm (təbii artım – 62 036 nəfər)
2025: 95 875 doğum, 59 834 ölüm (təbii artım – 36 041 nəfər)/Yeni Sabah






