İnsanlara hürriyət, millətlərə istiqlal!

 "Xruşovka"lar necə tikilib  - sovet dövrünün binaları istifadəyə nə qədər yararlı olacaq?

3569 21.07.2026 20:18 Yaxın tarix A A


II dünya müharibəsindən sonra SSRİ-də mənzil çatışmazlığı son dərəcə kəskin olub. Ölkə təxminən 70 milyon kvadratmetr yaşayış fondunu itirib. İnsanlar baraklarda, zirzəmilərdə, qazmalarda və kommunal mənzillərdə sıx şəkildə yaşayıblar; belə mənzillərdə bir mətbəxdən 3–4 ailə istifadə edib. Mənzil növbəsi isə onilliklər boyu uzanıb. Çıxış yolu sadə tapılıb: ucuz, sürətli və eyni tipli tikinti aparmaq.

Sovet dövlətinin rəhbəri Nikita Xruşovun dövründə, 1955-ci ildə “Layihələndirmə və tikintidə ifratlıqların aradan qaldırılması haqqında” qərar qəbul edilib və ölkə birdən-birə sütunlardan, dekorativ bəzəklərdən və hündür tavanlardan imtina edib. Gözəlliyin yerinə əsas üstünlük tikinti sürətinə verilib. 1958–1968-ci illər arasında yararsız baraklardan və zirzəmilərdən ayrıca mənzillərə köçürülənlər çoxalıb. Əvvəllər belə şəraitdə yaşayan hər 10 ailədən 9-u yeni mənzilə sahib olub.

75646e86-6d6e-46c5-9f09-4eac8660d89e.jpeg (351 KB)

"Xruşovka" anlayışı

Vahid bir "Xruşovka" anlayışı yoxdur. Bu ümumi ad altında onlarla müxtəlif bina seriyası gizlənir və onlar fərqli layihələr əsasında inşa olunublar. Hələ layihələndirmə mərhələsində bu evlər iki qrupa bölünüb: sökülməsi nəzərdə tutulan və sökülməsi nəzərdə tutulmayan evlər. Sökülməsi nəzərdə tutulan binalar müvəqqəti həll kimi layihələndirilib və təxminən 25 il istismar müddəti üçün hesablanıb. Sökülməsi nəzərdə tutulmayan panel binaların istismar müddəti 50 il, daha möhkəm olan kərpic və blok binalar isə 100–150 ilə nəzərdə tutulub.

25 il rəqəmi müəyyən mənada yanlış anlaşılmadan yaranıb. Bu müddət binanın mühəndis-kommunikasiya sistemlərinin – su və kanalizasiya borularının, elektrik naqillərinin, yumşaq (rulon) dam örtüyünün və fasadın xarici üzlüyünün əsaslı təmir olunmadan xidmət göstərə bildiyi vaxtı ifadə edib. Bu, divarların və mərtəbələrarası örtüklərin istismar müddəti deyil, yalnız binanın daxili mühəndis sistemlərinin yenilənməsinin zəruri olduğu dövrü göstərib.

3bfff22b-a478-4a1e-9e30-6106efb8932a.jpeg (50 KB)

Dayanıqlılıq normalarına görə, dəmir-beton mərtəbələrarası örtüklərə malik əsaslı tikililər 100–150 il xidmət müddəti üçün nəzərdə tutulub. Eyni normativ cədvəllərdə göstərilən 25 illik istismar müddəti isə baraklara və müvəqqəti yığma konstruksiyalı tikililərə aid olub və beşmərtəbəli yaşayış binalarına (xalq arasında "Xruşovka" adlandırılan evlərə) heç bir aidiyyəti olmayıb.

Sökülməsi nəzərdə tutulan seriyalar arasında ən məşhuru “K-7” seriyası olub. Layihənin müəllifi mühəndis Vitali Laqutenko olduğu üçün "Laqutenkovka" adlandırılıb. Bu evlər əvvəlcədən zavodda hazırlanmış iri panel elementlərdən yığılıb və həmin panellərin daxilində daşıyıcı sütunlar və tirlər artıq betonlanmış vəziyyətdə olub. 1950-ci illərin sonu üçün bu, əsl texnoloji sıçrayış hesab edilib - belə evlər cəmi bir neçə həftə ərzində tikilib istifadəyə verilə bilib. Lakin tikinti xərclərinə ciddi qənaət edildiyindən, xarici divar panelləri yüngül keramzitbetondan və kifayət qədər nazik hazırlanıb.

Belə divarlar elə ilk gündən istiliyi zəif saxlayıb, üstəlik, təxminən 40 il ərzində istilik izolyasiya xüsusiyyətlərinin daha 20 faizə qədərini itirib. Nəticədə, onları təmir edib istilik izolyasiyasını yaxşılaşdırmaq, binanı sökərək yenisini tikməkdən daha baha başa gəlib. Məhz buna görə də 1990-cı illərin ortalarında Moskvada “K-7” seriyalı binaların tamamilə sökülməsi barədə qərar qəbul edilib.

d70d49cf-c228-45a3-ae7e-33036387527d.jpeg (322 KB)

Hansı beşmərtəbəli binalar həqiqətən də dayanıqsızdır?

Sökülməsi nəzərdə tutulan seriyalar arasında ən zəif hesab ediləni “1-335” seriyası olub. Sovet dövrünün tipik yaşayış binaları arasında bundan daha ucuz layihə, demək olar ki, olmayıb. 1961-ci ilin qiymətləri ilə bu binaların hər kvadratmetrinin tikintisi cəmi 95 rubla başa gəlib. Bu binalarda mərtəbələrarası örtüyün kənarı daşıyıcı sütunların üzərinə deyil, birbaşa xarici panelin üzərinə söykənib. Həmin panel isə qaz-külbetondan - yəni betonla istilik elektrik stansiyalarının (İES) külünün qarışığından hazırlanıb.

Zaman keçdikcə bu material laylara ayrılır və çatlamağa başlayır. Daşıyıcılıq qabiliyyətini itirdikdə isə onun üzərində yerləşən döşəmə hissəsi çökür. Buna görə də belə binalar üçün 25–30 illik istismar müddəti mif deyil, real mühəndis hesablamalarına əsaslanan göstəricidir. Bu beşmərtəbəli binalar yaşlarına görə deyil, seysmik təhlükə səbəbindən sökülməlidir. Çünki “1-335” layihəsi 5 ballıq zəlzələ davamlılığına uyğun hesablanıb. İstismar müddəti heç də binanın uçacağı tarixi ifadə etməyib.
Bu, daha çox mühasibat və təmir göstəricisidir - binanın yoxlanılmalı və bundan sonra onunla bağlı hansı tədbirin görüləcəyinə qərar verilməli olduğu bir həddir. Beşmərtəbəli binanın öz-özünə dağılmasına səbəb yoxdur, çünki bütün konstruksiya dəmir-beton mərtəbələrarası örtüklər üzərində dayanıb və onların xidmət resursu təxminən 60 il hesab olunub.

e839a416-b013-4095-be23-b862da0b4f3b.jpeg (92 KB)

Həmin 60 illik müddət yaxınlaşdıqda bina yoxlanılmalıdır. Əgər mərtəbələrarası örtüklər yaxşı vəziyyətdədirsə (möhkəm seriyalı binalarda adətən belə olub), əsaslı təmir aparılıb, borular və elektrik naqilləri dəyişdirilib və bina daha uzun illər istifadə olunub.

Bakıda “Xruşovka” adı altında əsasən bir neçə tip layihə olub, amma Moskva və Rusiyadakı kimi bütün seriyalar eyni şəkildə yayılmayıb. Bakıda ən çox rast gəlinənlər:

“1-464” seriyası – ən geniş yayılmış panel beşmərtəbəli “Xruşovka” tiplərindən biridir. Bakıdakı bir çox mikrorayon və köhnə yaşayış massivlərində belə binalara rast gəlinir.

a2bd8f91-cd95-4c07-a2e6-3911f308c2e3.jpeg (71 KB)

“1-335” seriyası – bəzi ərazilərdə tikilmiş panel binalardır, lakin konstruktiv baxımdan daha zəif seriyalardan hesab olunub.

“K-7” seriyası – Bakıda da az sayda nümunələri olub, lakin Rusiyanın bəzi şəhərlərindəki qədər geniş yayılmayıb. Kərpic “xruşovkalar” – Bakıda xüsusilə çox rast gəlinib; bunlar adətən panel binalardan daha möhkəm sayılıb və istismar müddəti daha uzun olub. Əsaslı təmir zamanı isə mütləq şəkildə mərtəbələrarası örtüklərin dəyişdirilməsi nəzərdə tutulmayıb; əksər hallarda yenilənən hissə məhz binanın daxili “doldurulması” – yəni mühəndis sistemləri və digər köhnəlmiş elementlər olub. Buna görə də keyfiyyətli tikilmiş bir “Xruşovka” hələ uzun müddət xidmət edə bilər. Texniki pasportda göstərilən 60 və hətta 70 faizlik köhnəlmə dərəcəsi binanın uçmasına qədər qalan vaxtın hesablanması deyil. Bu, köçmək deyil, təmir işlərinə başlamaq üçün bir siqnaldır.

İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR