İnsanlara hürriyət, millətlərə istiqlal!

Qonşuda bu qablar qadağan edilir, Azərbaycanda isə...

1092 20.11.2025 13:56 Ölkə A A

Ekspertlərdən xəbərdarlıq - plastik materiallar zəhərlənməyə səbəb olur

Gürcüstan hökuməti 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək birdəfəlik plastik qab-qacaq haqqında reqlamenti təsdiqləyib. Milli.az xəbər verir ki, göstərilən tarixdən plastikdən hazırlanmış qab-qacaq, o cümlədən plastik çəngəllər, bıçaqlar, qaşıqlar, habelə köpük polistiroldan hazırlanmış qab və stəkanların istehsalı, idxalı və bazara çıxarılması qadağan edilir.  Qadağa həmçinin hazır qidaların istehlakçılara paylanması zamanı qida xidməti müəssisələrində birdəfəlik plastik qabların və stəkanların istifadəsinə də şamil edilir. 

Qeyd edək ki, alimlərin araşdırması göstərir ki, plastik materialların isti su ilə təması nəticəsində dioksin (ən zəhərli maddələr qrupu) yaranır. 

qaynarinfo.az

Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a bildirdi ki, plastik qablardan istifadə dünyada böyük problemə çevrilib: “Azərbaycanda bununla bağlı müəyyən işlər görülməyə çalışılır, lakin gözlə görünən nəticələr təəssüf ki, yoxdur. Hələ bir neçə il öncə plastik qablardan istifadə barədə müəyyən qərarlar qəbul edildi, lakin nəticəsi olmadı. Çünki alternativlər təklif olunmadı. Plastik qablarda, xüsusilə günəş şüaları altında qalan məhsulların qablaşdırılması əlbəttə ki, insan orqanizminə zərər verir. Belə qabların tərkibində olan kimyəvi maddələr sulara miqrasiya edir və müxtəlif xəstəliklərin yaranmasına səbəb olur”. 

Ekspert qeyd etdi ki, sularla bağlı vəziyyət fərqlidir: “Plastik qabda qablaşdırılan suyu istehlak etdikdən sonra qab əzilməlidir ki, yenidən istifadə olunmasın. Əzilmiş qablarda olan suyu, ümumiyyətlə, içmək olmaz, çünki qablar əziləndə hissəciklər suya miqrasiya edir”. 

Məhsəti Hüseynova: "Dondurmanı yeyərkən ağızda acı dad hiss edirsinizsə,  bu, onun keyfiyyətsiz olduğunun göstəricisidir" - Sağlam Qida

Məhsəti Hüseynova

Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə diqqətə çatdırdı ki, plastik qablarda qida saxlamağın faydalı olmadığını çox insan bilsə də, plastik qablar ucuz və rahat olduğu üçün onlardan tamamilə imtina etmək mümkünsüzdür. “Yeni Müsavat”a a şərhində ekspert plastik qablarda qida saxlamağın riskləri barədə ətraflı danışdı: “Plastik qablarda qidaların və ya içkilərin saxlanılması, ümumiyyətlə, sağlamlıq üçün təhlükəlidir, çünki plastik qablar hər nə qədər qida üçün nəzərdə tutulsa da, xammalı yenə də qida üçün nəzərdə tutulmayan plastiklərlə eynidir. Sadəcə, qida üçün olanlar bəzən ilk dəfə hazırlanır, lakin qeyri-qida üçün nəzərdə tutulan plastik qablar təkrar emaldan istifadə olunan kimyəvi maddələrdən hazırlanır. Xüsusilə plastik qablarda saxlanılan qidaların ən böyük təhlükəsi günəş şüaları və ya istiliyə məruz qalaraq plastikin tərkibindəki bisfenol A qida ilə reaksiyaya girərək kanserogen maddələrin əmələ gəlməsinə səbəb olmasıdır. Bundan sonra da artıq mütəmadi olaraq həmin plastik qablarda saxlanılan qidaları qəbul edən insanlarda ilk olaraq həzz sistemində problemlər yaranmağa başlayır. Yeniyetməlik dövründə olan insanlarda hüceyrə quruluşunun inkişafına mane olur. Orta və ya yetkinlik yaşına çatmış insanların isə ömrünün azalmasına və bir çox daxili orqanların funksiyasının pozulmasına gətirib çıxarır. Zamanla özünü ya zəhərlənmə kimi, ya da müəyyən daxili orqanların xərçəng xəstəliyi kimi göstərir. Yaxşı olar ki, plastik qablardan, ümumiyyətlə, istifadə edilməsin və ya qidaları az müddətdə, sərin, soyuq şəraitdə saxlamaq üçün istifadə edilsin. Bu, marketlərdən, bazarlardan aldığımız polietilen paketlər üçün də keçərlidir. Bu növ paketlər yalnızca qısa məsafəni daşımaq üçün nəzərdə tutulub. Bəzən qidaları, meyvə-tərəvəzləri, yaxud əti soyuducuda saxlayarkən polietilen paketlərdən istifadə edilir. Bu da tamamilə yanlışdır. Soyuducuda temperatur nə qədər az olsa da, həmin məhsulların paketlərdə və ya plastik qablarda saxlanılması qidanın tərkibinin pozulmasına, dadının dəyişməsinə səbəb olur ki, bu da qidanı qəbul edəndə insan orqanizminə zərər verir. Süd, süd məhsulları, qatıq, pendir, eyni zamanda yağ, turşular, bişmiş qidalar, tərkibində turşu olan qidalar, qazlı və ya təbii meyvələrdən çəkilmiş içkilər və bu kimi məhsullar mütləq şəkildə şüşə və ya saxsı qablarda saxlanılmalıdır. Çox miqdarda olan qidalar emal edilmiş, qalaylanmış qazanlarda da saxlanıla bilər. Təzə meyvə və tərəvəzləri isə paketlər, plastik qablar əvəzinə şüşə qablarda saxlamaq məsləhətlidir. Əgər qidalar doğru şəkildə saxlanılmayacaqsa, istehlak ediləcək miqdarda alınmalıdır, çünki bu zaman qidanın tərkibi dəyişmir və insan orqanizminə zərər vermir. Bəzən pəhriz saxlayan insanlar salatlar və ya tez hazırlanan qidalar hazırlayaraq plastik qablarda özləri ilə iş yerlərinə, gündəlik evdən kənarda olduqları yerlərə aparırlar. Bu zaman da çox diqqət edilməli məqam doğranmış, yağlar və digər əlavələr edilmiş tərəvəzlərin plastik qablarla kimyəvi təsirlərə məruz qalmamasıdır. Əks halda, insanlarda köp, şişkinlik yarana, daha sonra zəhərlənmə və orqanların yavaş-yavaş sıradan çıxmağına səbəb ola bilər. Bəzən çay, kofe kimi isti içkiləri də plastik qablarda içirlər, bu da çox təhlükəlidir. Çünki istiliyə məruz qalan plastik qablardakı bisfenol A və digər zərərli maddələr daha sürətli şəkildə insan orqanizminə keçir. Buna görə də plastik qablardan mümkün qədər istifadə etməmək tövsiyə edilir”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR