İnsanlara hürriyət, millətlərə istiqlal!

Pulumuz başqalarınkından pisdir, ya azdır?..

474 15.07.2026 10:24 Yazarlar A A

Uğurları görməməkdə qınaya bilərlər bizi, halbuki hamıdan çox qeyd edirik ki, baxın, Moldova illərdir kiçik Dnestr problemini həll edə bilmir, Gürcüstanda Abxaziya və Cənubi Osetiya problemləri qalır, Ermənistan hələ indi-indi müstəqil olmağa çalışır, Ukraynada beşinci ildir ki, müharibə gedir. Biz nə olub?

Demək olar əsas problemləri həll etmişik, bir problemimiz qalıbdır: dövləti və cəmiyyəti tədricən dünya standartları səviyyəsinə qaldırmaq.

Sözsüz ki, asan iş deyil, görün dünyada nə qədər mürəkkəb proseslər gedir, nə qədər maneələr var, amma həll olunası məsələdir. Bir dəfə bizim telekanallar, necə deyər, Şeytanın qıçını sındırıb yaxın dövr üçün milli ideya problemini çıxarmışdı müzakirəyə. Bir nəfər maraqlı fikir dedi: bizim ideyamız yaxın beş-on ildə Şərqi Avropa ölkələrinin səviyyəsinə çatmaq olmalıdır!

Həqiqətən də niyə də yox?

İştirakçılardan biri elə hey “güclü Azərbaycan” sözünü tutub durmuşdu, halbuki güc - güclü anlayışı daim dəyişir, yeni məzmun kəsb edir və yüz ildən sonra da edəcəkdir...

Amma hakimiyyət müstəvisində belə aydın baxış-nəzər yoxdur. Hərdən mən də elə təsəvvür yaranır ki, bizimkilər Ermənistandan sonra ikinci müharibəyə hazırlaşırlar – bu dəfə Avropaya qarşı! Bəli, Avropa bizim bəzi məmurların, deputatların yaralı yeridir. Deyirlər ki, guya avropalı siyasətçilər korrupsiyaya qurşanıb, ona görə Azərbaycana qarşı daim pis münasibət sərgiləyirlər.

Olsun! Bəs onda niyə bizim rüşvətimizi qəbul etmir, bizə düşmən olurlar? Məgər bizim pulumuz digərlərinkindən pisdir, ya biz rüşvət verə bilmirik? Dünyanın heç yerində bizdəki kimi varlı deputatlar, məmurlar yoxdur, üstəgəl, biz sadəcə, rüşvət vermir, rüşvətlə yaşayır, nəfəs alırıq!
Sadəcə, istəyimiz başqadır. Dövləti az qala, plastilinə çevirmişik, ondan gündə bir evcik düzəldirik. O gün bir məsələylə bağlı bizim konstitusiyaya baxırdım: kağızda bir siyasi konfiqurasiyadır, həyatdasa tamam başqa, hətta formal bənzərlik, uyğunluq yoxdur. Bəli, çox acı bir reallıqdır.

Biz elə düşünürük ki, cəmiyyətin bir problemini həll etsək, əsrlər boyu bizə minnətdar olacaq və başqa şey tələb etməyəcəklər, bizim məmurlar, deputatlar əbədiyaşar olacaqlar. Amma, əzizlərimiz, heç yerrdə və heç vaxt belə olmur, yeni problemlər, yeni tələbatlar və maraqlar yaranır və zərurət doğur. Odur, “insanlar nankordur” deməyə tələsməyək, üstəlik, unutmayaq ki, bütün problemləri son nəticədə insanlar, cəmiyyətlər özü həll edir, məmurlarsa sadəcə, rəhbərlik edirlər. Odur, hər şeyi insanlara qaxınc etməyə, onlara “nankor” damğaısı vurmağa qəti dəyməz, insanlar məmurlara yox, məmurlar insanlara borclu olmalıdırlar.

Həm də bizimlə Avropa arasında siyasətə baxış fərqi də var. Orada heç kim öyünə bilməz ki, mən filan il qədər bu vəzifədəyəm. Bizsə belə şeyləri heç nə olmayıbmış kimi elə avropalıların öz gözünə soxuruq.

Belə olmaz, inanın! Deputatımız durub deyir ki, bizim seçkilər Avropadakından daha aşkar, daha ədalətli, daha demokratikdir! Axı nə deməkdir bu? Yoxsa özümüz də öz yalanlarımıza inanmağa başlamışıq? İnanın, qarşı fikir olmayanda belə şey baş verir, insan öz yalanlarına da inanmağa başlayır. Sovet vaxtı bir “elmi işçi” tanıyırdım. Bir də görürdün ki, kiminsə hansısa elmi jurnalda dərc olunmuş məqaləsinin üzünü səliqə köçürüb gətirib və deyir ki, mənim məqaləmdir. Buna başa sala bilmirdilər ki, filankəs, axı bu, filankəsin məqaləsidir, filan jurnalda dərc olunub! Qayıdırdı ki, nə olsun, mən də oxumuşam, bütün formulları təzədən yoxlamışam və s. və i. Eyni cür indi bizim bəzi deputatlar düşünür: nə olsun ki, saxtakarlıqla seçilmişəm, axır deputatam ki!

İndi bunların avropalılara da əsas iradları budur: nə olsun ki, ölkəmizdə çox ciddi qüsurlar var, bu, bizim ölkəmizdir, istədiyimizi edir, özü də lap əcəb edirik...

Yox, demirəm ki, Avropa siyasətçiləri tamam mələkdir. Səbəbləri çoxdur bizə qarşı soyuq münasibətin. Amma korrupsiya - filan burada heç də ən əsas deyil, belə olsaydı heç bir problemimiz olmazdı.

İnsanlara təlqin etmək lazım deyil ki, guya bütün dünyanın bircə problemi var, o, da bizim Azərbaycandır – inanın, belə deyil. Əslində bizim deputalarımızın sayı qədər - 125 canlı problemimiz var, hamısı bizimçün problemdir.

Bəlkə də minlərlə-məmurlarımızın sayı qədər də problemimiz var, hamısı vəzifəyə, hakimiyyətə öz kisəsiylə gəlir. Özümüz hər il bunun şahidi olmuruqmu? Sözdə bizim hakimiyyətimiz az qala, kristaldır, amam hər il hansısa məmur rüşvət nəhəngi kimi məşhər ayağına çəkilir. Bunlar bəlkə Aydan, yoxsa Marsdan gətirilir?..

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR