Slovakiya Prezidenti Peter Pellerqininin Azərbaycana səfəri davam edir. Səfərdə ən mühüm və diqqətçəkici məqam, şübhəsiz, ali qonağın məhz Şuşada rəsmən qarşılanması və qəbul edilməsi oldu.
Bu, hər şeydən öncə bütün dünyaya, özəlliklə “Qarabağ mövzusunu” hələ də israrla gündəmdə saxlamağa çalışan məkrli və avantürist qüvvələrə, o sırada Rusiyaya növbəti, aydın bir ismarış idi: konflikt səhifəsi həmişəlik qapanıb, özünüzü yormayın və faydalı işlə məşğul olun!
Məxsusi qeyd edək ki, Pelleqrini Şuşanı şəxsən ziyarət edən xarici dövlət başçılarından biridir. Onu Azərbaycanın dostu da saymaq olar. Qarabağın bərpası prosesində Slovakiyanın oynadığı roldan, verdiyi töhfədən, o sırada dünən Ağdamda 800 şagirdlik məktəbin bünövrəsinin qoyulmasından da bunu görmək mümkündür...
Maraqlıdır ki, Azərbaycana, Qarabağa belə bir uğurlu ziyarət bitər-bitməz, erməni lobbisinin və onun Avropa Parlamentində satın aldığı deputatların əli ilə Brüsseldə əleyhimizə “beynəlxalq konfrans” adı ilə təxribatçı tədbir başlayıb. “Konfransın” təsisçiləri də kim olsa, yaxşıdır: Avropa Parlamentinin üzvləri – Kiprin yunan kəsimini təmsil edən Kostas Mavrides və slovakiyalı (!) Miriam Lexman.
![]()
Göründüyü kimi, sonuncu Pelleqrinin rəhbəri olduğu ölkənin təbəəsidir.
Erməni mediasının yazdığından məlum olur ki, tədbirdə əsas məqsəd Azərbaycanda saxlanılan erməni canilərini siyasi məhbus kimi təqdim edib onların “azadlığına nail olmaqdır”. Üzdəniraq konfransa hazırda Bakıda cəza çəkən uydurma qurumun qondarma parlamentinin sədri David İşxanyanın oğlu və Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) erməni məhbuslarını təmsil edən Siranuş Sahakyan da iştirak edir...
Əlbəttə, demokratik ölkə kimi Slovakiyanın dövlət başçısı Miriam Lexmanın hərəkətlərinə cavabdeh deyil. “Meşə çaqqalsız olmaz”. Amma razılaşaq ki, ürəkbulandıran bir mənzərədir. Eyni zamanda, Slovakiya adına ləkə və utanc gətirən faktdır.
Məsələ ondadır ki, yunanlar, fransızlar, lap elə farslar və ruslar ənənəvi olaraq ermənilərin, erməni separatçıların dostlarıdır, bəs slovak Mirama nə düşüb? Bu zənənin orada nə iti azıb? Demək ki, ortada “bazarlıq” və “kabab iyi” söhbəti var...
Ötə yandan, bununla Azərbaycana necə təzyiq eləmək, Azərbaycan xalqı və dövlətinə qarşı ağır cinayətlər törətmiş adamları necə həbsdən çıxartmaq olar ki? Müharibə caniləri nə vaxtdan siyasi məhbus adlanıb? Dünyadakı siyasi dustaqları, ümumən siyasi məhbus anlayışını bunca urvatsız edib alçaltmağa sizə kim ixtiyar verib?
Sözsüz ki, “Brüssel konfransı” da mənasız və sıradan bir olay kimi unudulub gedəcək. Pislik isə baiskarların özünə qalacaq. Burada həm də bəşəriyyətə edilən pisliyi nəzərdə tuturuq. Zira, caniyə, uşaq qatillərinə siyasi motivləri əsas götürüb vicdansızcasına azadlıq tələb eləmək – bütün insani-mənəvi dəyərlərə tüpürməkdir! Pul-para, dollar-avro qarşılığında şərəfsizə, simasıza çevrilmək də öz yerində...






