İnsanlara hürriyət, millətlərə istiqlal!

Maşın aldım, nasaz çıxdı — Nə edim?

502 12.06.2026 00:48 Ölkə A A

Son aylarda avtomobil alqı-satqısı zamanı sonradan üzə çıxan texniki nasazlıqlarla bağlı şikayətlərin artması müşahidə olunur. Vətəndaşlar bildirirlər ki, nəqliyyat vasitəsini aldıqdan qısa müddət sonra mühərrik, transmissiya və ya digər əsas hissələrdə ciddi problemlər ortaya çıxır. Bu isə satıcı ilə alıcı arasında mübahisələrə və bəzən hüquqi çəkişmələrə səbəb olur. Xüsusilə avtomobilin real vəziyyəti barədə məlumatın gizlədilməsi və ya yanlış təqdim olunması məsələsi gündəmə gəlir.

Hüquqşünas Müşfiq Abbasov Demokrat.az-a açıqlamasında bildirib ki, avtomobil alqı-satqısı rəsmiləşdirildikdən sonra belə, bəzi hallarda alıcının aldadıldığı iddiası hüquqi qiymətləndirməyə səbəb ola bilər.

Onun sözlərinə görə, əsas məqam müqavilə bağlanarkən alıcıya təqdim olunan məlumatların dəqiqliyidir və qüsurların qəsdən gizlədilib-gizlədilməməsi mühüm rol oynayır.

"Yəni o hesab edir ki, müqavilə bağlanarkən ona düzgün məlumat verilməyib. Bu halda hüquqi addım atmaq mümkündür. Məsələn, avtomobili alan şəxs nəqliyyat vasitəsini yoxlayır. Sonradan məlum olur ki, maşının mühərriki dəyişdirilib və ya hər hansı ciddi texniki hissə əvvəlcədən gizlədilib. Bu məlumatlar alıcıdan qəsdən saxlanılıbsa, bu artıq hüquqi məsuliyyət yarada bilər".

Müşfiq Abbasov qeyd edib ki, belə hallarda alıcı məhkəməyə müraciət edərək müqavilənin etibarsız sayılmasını və ödənilən vəsaitin geri qaytarılmasını tələb edə bilər.

"Belə hallar aşkar olunarsa, alıcı məhkəməyə müraciət edə bilər. O, alqı-satqı müqaviləsinin etibarsız sayılmasını və ödədiyi pulun geri qaytarılmasını tələb edir. Əgər tərəflərdən biri müqavilənin ləğvinə razı deyilsə, məsələ məhkəmə qaydasında həll olunur".

Hüquqşünas bildirib ki, bu cür mübahisələrdə sübutların rolu xüsusilə vacibdir. Avtomobilin əvvəlki vəziyyətini təsdiqləyən texniki baxış sənədləri, servis məlumatları və ekspert rəyləri əsas dəlil kimi çıxış edə bilər.

Onun sözlərinə görə, tərəflər arasında razılıq olduğu halda isə məsələ məhkəməyə getmədən də həll edilə bilər.

"Əgər hər iki tərəf razıdırsa, müqavilə qarşılıqlı şəkildə ləğv edilə bilər və ödənilən vəsait geri qaytarılır. Bu halda tərəflər məsələni məhkəməyə müraciət etmədən öz aralarında həll etmiş olurlar".

Beləliklə, avtomobil alışı zamanı texniki vəziyyətin peşəkar şəkildə yoxlanılması, müqavilə şərtlərinin diqqətlə oxunması və mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi gələcək mübahisələrin qarşısını almaqda mühüm rol oynayır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR