Sankt-Peterburq limanında Ekvadordan gətirilən yükdə külli miqdarda narkotik aşkarlanıb.
Musavat.com xəbər verir ki, Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FSB) böyük həcmdə narkotik qaçaqmalçılığının qarşısını alıb.
Məlumata görə, Sankt-Peterburqdakı “Petrolesport” terminalında Ekvadordan gətirilən yükə baxış zamanı dondurulmuş, təmizlənməmiş tuna balıqlarının içərisində 500 kiloqram kokain aşkar edilib. Yayılan kadrlarda balıqların benzin mişarı ilə kəsildiyi və içərisindən narkotik bağlamalarının çıxarıldığı görünür.
Beynəlxalq narkotik tədarükü kanalını Latın Amerikasından dəniz yolu ilə təşkil etməkdə şübhəli bilinən Rusiya vətəndaşı saxlanılıb. Ondan 613 min ABŞ dolları dəyərində kriptovalyuta cüzdanları, ümumi dəyəri 100 milyon rubldan çox olan 13 premium saat və ən azı 150 milyon rubl dəyərində 5 avtomobil müsadirə edilib.
Faktla bağlı xüsusilə külli miqdarda narkotik vasitələrin satışına cəhd maddəsi ilə cinayət işi başlanıb. Şübhəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Musavat.com






