İnsanlara hürriyət, millətlərə istiqlal!

Kreml sahiblərinin gözəgörünməyən qonşusu: atçılıq idmançısından milyardlıq saraya uzanan iz

430 16.01.2026 15:10 Dünya A A

Moskva yaxınlığındakı Novo-Oqaryevo hökumət rezidensiyasının yanında, Federal Mühafizə Xidməti tərəfindən qorunan ərazidə yerləşən 26,6 hektarlıq saray uzun illər boyu ictimaiyyətin diqqətindən kənarda qalıb.

Musavat.com-un xəbərinə görə, araşdırma nəticəsində məlum olub ki, bu əmlak peşəkar atçılıq idmançısı Mariya Klementyevaya məxsusdur.

Üstəlik, mülkün Klementyevaya keçməsi də adi bazar sövdələşməsi olmayıb: saray və torpaq cəmi 500 min rubla – ikinci əl avtomobil qiymətinə rəsmiləşdirilib. Əmlakın hazırkı bazar dəyərinin isə təxminən 9 milyard rubla (təxminən 115 milyon 700 min dollar) çatdığı bildirilir.

Klementyevanın adı indiyə qədər yalnız atçılıq yarışlarında çəkilib. 43 yaşlı idmançı üç övlad anasıdır, heç vaxt rəsmi nikaha girməyib və ictimai həyatda görünməməyə üstünlük verir. Sosial şəbəkə hesablarını bağlaması, şəxsi məlumatların məhdudlaşdırılması və mətbuatla ünsiyyətdən qaçması da bu mənzərəni tamamlayır. Özünü Parisdə təhsil almış PR-menecer kimi təqdim etsə də, bunu təsdiq edən sənədlər yoxdur. 2005–2018-ci illərdə onun vergi bəyannaməsi mövcud olmayıb, ilk rəsmi gəlirləri isə 37 yaşından sonra, sadə əmək haqqı formasında ortaya çıxıb.

Lakin Klementyevanın real həyat tərzi bu sadə profillə üst-üstə düşmür. Ondakı aktivlər siyahısı adi idmançıya yox, yüksək dərəcəli oliqarx ailəsinin nümayəndəsinə yaxındır: Porsche Panamera, Aston Martin Virage Volante, iki Bentley və McLaren 720S Spider daxil olmaqla, təxminən 68 milyon rubl dəyərində avtopark, milyonlarla avroya alınmış idman atları (o cümlədən 1,1 milyon avroya alınmış Doctor Wendell MF), Kipr pasportu, Fransada əmlak, uşaqların Dubayda Britaniya məktəbində təhsili və Moskva ətrafında xüsusi mühafizəli ərazidə saray.

Bu sərvətin mənbəyi araşdırma üçün açar sual olub və cavab Klementyevanın şəxsi həyatında ortaya çıxıb. Uşaqların doğum sənədlərində ata kimi Transmaşholdinq (Трансмашхолдинг) layihələrinin benefisiarlarından biri olan milyarder Dmitri Komissarovun adı qeyd olunur. Komissarov dövlətlə bağlı rəqəmsal nəqliyyat layihələri üzrə ən böyük podratçılardan biri hesab edilir və Forbes tərəfindən illərdir “dövlət kontraktları kralları” sırasında göstərilir. Onun 2019–2023-cü illər üçün rəsmi gəliri 13 milyard rubldan çoxdur.

Maraqlı olan odur ki, Rusiya reyestrlərində Komissarovla Klementyevanı bağlayan heç bir hüquqi əlaqə yoxdur: ortaq biznes, ortaq qeydiyyat, ünvan və ya telefon əlaqəsi tapılmayıb. Amma onların izləri başqa yerdən - səfərlərdən keçir. 2014–2023-cü illərdə cütlük Avropaya təxminən 200 dəfə uçub, əsas istiqamətlər isə Nitsa, Şamberi və Paris olub. Bu uçuşların bir qismi Rotenberqlərlə əlaqələndirilən Bombardier Global 5000 təyyarəsi ilə həyata keçirilib. 2023-cü ilin iyununda Priqojin qiyamı fonunda Moskva ilə Qərb arasında gərginlik artdığı dövrdə cütlüyün həmin təyyarə ilə Rusiyanı tərk edib Azərbaycana uçması diqqətdən yayınmayıb.

Əmlak sövdələşməsi də ayrıca diqqət çəkir. Saray əvvəllər Kipr ofşoru vasitəsilə saxlanılırdı, lakin şirkət mülkü Klementyevaya dəyərindən minlərlə dəfə ucuz sataraq öz üzərinə yüz milyonlarla rubl kənar zərər yazıb və ardınca Rusiyadakı fəaliyyətini dayandırıb. Bu sxem Rusiyada illərdir yüksək vəzifəli şəxslərin və oliqarxların əmlaklarını üçüncü şəxslər üzərindən gizlətməsi üçün istifadə edilən mexanizmlə üst-üstə düşür.

Klementyevanın coğrafi yerləşməsi də təsadüfi deyil: onun qonşuları arasında Rotenberq qardaşları, Timçenkonun şəbəkəsi, həmçinin Şoyqu ailəsinin villası var. Putinin Novo-Oqaryevo rezidensiyası isə sadəcə bir zolaq meşə ilə ayrılır.

Bütün bu faktlar Klementyevanın Rusiya siyasi-maliyyə elitasının yeni “səssiz benefisiar” modelinə uyğunlaşdığını göstərir: sərvət dövlət sifarişlərindən yaranır, ofşorlarda yuyulur, Qərb aktivlərinə köçürülür və sonradan tamamilə görünməyən şəxslərin balansında toplanır. Onun mediadan, siyasətdən və ictimai müzakirədən kənarda qalması da bu mexanizmin mühüm hissəsidir.

Bu səbəbdən Klementyevanın adı bu gün ilk dəfə geniş müstəviyə çıxır və araşdırma Kremlin yaxın çevrəsində sərvətlərin necə hərəkət etdiyinin nadir açıq nümunələrindən biri kimi dəyərləndirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR