Ukraynada şəxsi heyət çatışmazlığı fonunda hərbi xidmətə qəbul zamanı sağlamlıqla bağlı tələblər əhəmiyyətli dərəcədə azaldılıb, lakin bu sahədə yeni dəyişikliklər hazırlanır.
Musavat.com xəbər verir ki, bunu Ukraynanın hərbi ombudsmanı Olha Reşetilova yerli mediaya müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda orduya qəbul edilən şəxslərin hamısı tam sağlam insanlar deyil. Reşetilova qeyd edib ki, mövcud vəziyyət kadr ehtiyacı ilə bağlıdır və bu səbəbdən əvvəlki illərlə müqayisədə tibbi tələblər xeyli yumşaldılıb.
Eyni zamanda ombudsman bildirib ki, hərbi xidmətə yararlılığı müəyyən edən 402 saylı əmrə dəyişikliklər hazırlanıb. Həmin dəyişikliklər bəzi xəstəliklərin bu siyahıdan çıxarılmasını nəzərdə tutur. Hazırda həmin xəstəliklərlə insanlar hərbi xidmətə yararlı hesab edilirlər.
Reşetilovanın sözlərinə görə, dəyişikliklərin hansı mərhələdə olduğunu dəqiq demək çətindir. O əlavə edib ki, Ukrayna Müdafiə Nazirliyinin Səhiyyə Departamenti müəyyən xəstəliklərin yararlılıq meyarlarından çıxarılması ilə bağlı təkliflər hazırlayıb.
Müsahibədə vurğulanıb ki, bu dəyişikliklər qəbul edilərsə, gələcəkdə hərbi xidmətə çağırış zamanı tibbi seçim meyarları yenidən sərtləşdirilə bilər.
Musavat.com






